AZ

Deputat: Yekaterinburqda baş verənlər etnik zorakılığın bariz nümunəsidir

Yekaterinburqda baş verənlər, iki azərbaycanlının həyatını itirməsi ilə nəticələnən hadisə təkcə kriminal yox, sistemli ayrı-seçkiliyin, islamofobiyanın və etnik zorakılığın bariz nümunəsidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu faciə milli kimliyimizə qarşı açıq hücum, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilmiş cinayətdir: “Hadisənin təfərrüatları bu cinayətin sifarişli xarakter daşıdığını göstərir. Soydaşlarımıza qarşı işgəncələr, hüquqi pozuntular və mediada aparılan kampaniya bunu təsdiqləyir. Rusiya bu gün qeyri-ruslara, xüsusilə də müsəlmanlara qarşı şovinist və dözümsüzlük üzərində qurulan siyasət yürüdür. Müharibə resursu çatışmazlığı fonunda azərbaycanlı miqrantlara qarşı saxta ittihamlar, təzyiq və şantaj mexanizmləri işə salınır. Bu, humanizm prinsiplərinə sığmayan davranışdır”.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan baş verənlərlə bağlı mövqeyini açıq formada ortaya qoymaqdadır: “Çünki baş verənlər yalnız hüquqi məsələ deyil. Bu, milli ləyaqət, dövlət və vətəndaş həmrəyliyidir. Bizim arxamızda xalqın iradəsi və onun seçdiyi lider dayanır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu dövlətin himayəsindədir. Bu, yalnız bir bəyanat deyil, dövlət zəmanətidir. Yekaterinburqda həyatını itirən soydaşlarımız da bu himayənin daşıyıcıları idi.

Deputat vurğulayıb ki, son dövrlər Rusiya tərəfindən həyata keçirilən kiberhücumlar, deputatlarımızın ölkəyə buraxılmaması, miqrantlara qarşı basqılar, o cümlədən islamofob ritorikanın artması narahatedici tendensiyadır: “Solovyov kimi fiqurların çıxışları Kremlin düşmənçilik siyasətinin mediadakı təzahürüdür. Rusiya daxili böhranlarını “daxili düşmən” axtarışı ilə ört-basdır etməyə çalışır. Təəssüf ki, bu prosesin növbəti hədəfi Cənubi Qafqaz ola bilər. Ermənistanda revanşist qüvvələrin fəallaşması da bu ssenarinin tərkib hissəsidir. Azərbaycan isə bu cəhdlərin qarşısını alan, sülh və sabitliyin təminatçısı olan güclü dövlətdir. Bu gün Prezident İlham Əliyev təkcə ölkəmizin yox, bütün dünya azərbaycanlılarının lideridir. Onun siyasi qətiyyəti bizi milli maraqlar ətrafında birləşdirir. Dövlətimiz soydaşlarımızın hüquqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək”.

Seçilən
8
apa.az

1Mənbələr