AZ

ABŞ-də tennis toplarını təkrar emal edən texnologiya hazırlanıb

Tennis idmanında istifadə olunan topların qısaömürlü olması tullantı problemini daha da aktuallaşdırıb.

Valyuta.az xəbər verir ki, bu günlərdə həyata keçirilən Fransız Açıq turniri ərzində təxminən 100 min tennis topundan istifadə olunub. Ümumilikdə isə dünyada hər il 330 milyon top istehsal olunur və onların böyük hissəsi uzun illər çürüməyən tullantıya çevrilir.

Məhz bu problemi həll etmək məqsədilə ABŞ-də yaradılan “RecycleBalls” təşkilatı tennis toplarını xüsusi rezin materiala çevirən maşın hazırlayıb. Bu texnologiya saatda 10 min topu emal etmək gücündədir və parça örtüyün 99 faizini ayıra bilir.

Təşkilat indiyədək 16 milyon top təkrar emal edib və bu proses nəticəsində alınan rezin maddə yol örtüyü, avtomobil hissələri və digər sənaye sahələrində istifadə olunur. Hazırda ildə 2,75 milyon top emal edən “RecycleBalls” gələcəkdə fəaliyyətini daha geniş miqyasda – Kaliforniya, Florida və Texasda davam etdirməyi planlaşdırır.

Lakin təşəbbüsün əsas çətinliyi onun maliyyə baxımından rentabelli olmamasıdır. Toplama və emal prosesləri əlavə xərclər tələb etdiyi üçün genişlənmə üçün sabit resurs təminatı vacib sayılır.

Sərvanə Rəmixanova

Seçilən
33
valyuta.az

1Mənbələr