AZ

Putin rejimi artıq sona çatmalıdır – RƏY

“Rusiyada soydaşlarımıza qarşı törədilən hadisənin adını dəqiq qoymalıyıq. Başverənlər birbaşa dövlət terrorudur. Əgər həqiqətən də, ortada bir cinayət hadisəsi var idisə, bunun sivil qaydada həlli yolları da vardı. Şəxslər qanunauyğun şəkildə həbs edilib, məhkəməyə çıxardıla bilərdilər. Amma vəhşicəsinə bir ailənin evinə basqın etmək, sonra işgəncə ilə qətlə yetirmək cinayətdir, qeyri-ruslara qarşı yönəldilmiş terrordur. Digər ailə üzvlərinin də necə döyüldüklərini şəkillərdən gördük. Bu, açıq şəkildə Ukraynada öz qohum, qardaş xalqını qıran Putin rejiminin Azərbaycana gözdağı verməsidir. Çünki Qarabağ zəfərindən sonra Azərbaycanın ərazi bütövlüyünə tam şəkildə sahib olması, Ermənistanla olan məsələləri ikilikdə həll etməyə çalışması, Qafqazda müstəqil siyasət yürütməsi Rusiya üçün qəbuledilməzdir. Rusiyada çoxsaylı soydaşlarımız yaşadığı üçün Putin rejimi qəddar şəkildə bu yola baş vurdu”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Çapar” Milli İrsin Tədqiqi Mərkəzinin sədri Dilqəm Əhməd deyib.

 

Əmin

 

O bildirib ki, Putin dönəmində Rusiyada rasizm, qeyri-rus xalqları aşağılama kütləvi hal alıb: “Biz bunu Orta Asiya xalqlarına münasibətdə də görürük. “Skinhed hərəkatı” bütün gücü ilə hərəkətə keçib. Bəlkə də, biz daha dəhşətli hadisələrə şahid olacağıq. Azərbaycan xalqı rus vəhşiliyinə 200 ildir, şahiddir. Hansı idarəçiliyin olmasından asılı olmayaraq Rusiya özündən olmayanlara qarşı həmişə belə vəhşiliklər törədib. Keçmişə baxsaq, Nargin adası narahat ruhların məskənidir. Yüzlərlə vətənpərvər, idealist insanımızı 1920-1940-cı illər arasında qətlə yetirdilər, sürgün etdilər. İlk respublikamızı Rusiya işğal etdi, 1920-ci ilin mayında Gəncə üsyanında 10 min insanımızı qətlə yetirdilər. Müstəqilliyimizi bərpa etmək istəyəndə 20 Yanvar qırğınını, Xocalı soyqırımını törətdilər. Metro partlayışları, ADNA faciəsində də onların əli var. Halbuki Azərbaycan Rusiyaya həmişə yaxşı olub. Multikultural dəyərlərə sahib olan ölkəmizdə bütün xalqlar kimi ruslar da əmin-amanlıq içində yaşayırlar. Bundan sonra da belə olacaq. Çünki biz Rusiyadan fərqli olaraq vəhşi deyilik. Azərbaycan Qafqazda və dünyada öz azad siyasətini yürüdür. Bu bizim təbii haqqımızdır. Rusiya keçmiş müstəmləkələrinin azad olmasını həzm edə bilmir, bütün bu qəddarlığı buna görədir. Məhz bu səbəbdən Ukraynalı, qazax, qırğız, türkmən, azərbaycanlılar zülmlərə məruz qalırlar. Burada dini amil də var. Əgər rus pravoslav kilsəsində vicdan qalıbsa, müsəlmanların əleyhinə törədilən cinayətlərə qarşı çıxmalıdır. Əks təqdirdə, ortaq olmuş olacaqlar. Təəssüf ki, dünya birliyi Ukrayna məsələsində Rusiyanı yetərli şəkildə cəzalandırmadı. Nəticədə, bütün bunlar baş verir. Putin rejimi artıq sona çatmalıdır. Rus xalqı özü də bununla azadlığına qovuşacaq. Rus xalqı hazırda imperiya zəhəri ilə zəhərlənib və Putindən sonra ciddi müalicəyə ehtiyacı olacaq ki, yeni putinlər ortaya çıxmasın. Fikrimcə, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumlar Rusiyanın dövlət terroruna qarşı çıxmalıdırlar”.

 

Aytəkin Qardaşova

Tarix: 30 İyun 2025, 13:15   
Seçilən
1
1
pravda.az

2Mənbələr