AZ

Rusiya şovinizminin Azərbaycandakı qalası: rusdilli məktəblər bağlanır?

Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi cəmiyyətdə Rusiya və rus təsirlərinə qarşı ciddi narahatlıq yaradıb. Bu faciə yalnız fərdi hadisə kimi yox, həm də rus şovinizminin nəticəsi kimi qiymətləndirilir. Hadisədən sonra sosial şəbəkələrdə və ictimai müzakirələrdə Azərbaycanın öz daxilində də rus təsirlərinə, xüsusilə də rusdilli məktəblərin fəaliyyətinə qarşı etirazlar artıb. Bəziləri hesab edir ki, rus məktəbləri milli təfəkkürün formalaşmasına mənfi təsir göstərir, ölkədə rus şovinizminin ideoloji əsaslarının saxlanmasına şərait yaradır.

Maraqlıdır, bəs Azərbaycanda rus bölmələrinin fəaliyyəti təhsil ekspertləri tərəfindən necə qiymətləndirilir? Bu sistem ölkəmizin milli maraqlarına uyğundurmu və ya milli təfəkkürün formalaşmasına nə dərəcədə təsir edir?

Rus məktəblərində şovinist ideologiyanın birbaşa və ya dolayı yolla təbliği mümkündürmü? Ümumiyyətlə, rus məktəbləri bağlanmalıdır, yoxsa islah edilməlidir?

Bu suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun fikirlərini öyrəndik.

Ekspert Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən rus bölmələri dövlətçilik üçün təhdid deyil. Lakin Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi fonunda bu müzakirələr daha geniş miqyas alıb və ictimai narahatlıq ideoloji təhlükə səviyyəsində formalaşıb:

“Rus bölmələrinin fəaliyyəti bir tərəfdən beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi və dil müxtəlifliyinin təmin olunması kimi təqdim olunsa da, digər tərəfdən bu məktəblər milli təfəkkürün zəiflədilməsi və rus şovinizminin dolayı yolla təbliği üçün bir vasitə kimi qiymətləndirilir.

2022-ci ilin rəsmi məlumatlarına görə, Azərbaycanda ümumi təhsil alan şagirdlərin 18%-i rus bölməsində oxuyur. Bu isə 1,6 milyona yaxın ümumi şagird sayına nisbətdə təqribən 290 mindən artıq şagird deməkdir. Onların təhsil aldığı məktəblərdə tədris proqramlarının və dərsliklərin bir hissəsi Rusiya Federasiyası ilə əməkdaşlıq əsasında hazırlanır. Bu, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6-cı maddəsində qeyd edilən “təhsil alanların milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması” prinsipinə zidd olmasa da, müəyyən hallarda bu norma praktikada pozulur. Qanunun 9.1-ci maddəsinə əsasən, dövlət təhsil sistemində tədris Azərbaycan dilində həyata keçirilməlidir. Lakin bu bölmələrdə əsas tədris dili rus dili olduğundan və dil ideoloji daşıyıcı funksiyasını yerinə yetirdiyindən, bu təhsil forması milli identiklik baxımından ciddi suallar doğurur.

Məktəblərdə istifadə olunan bəzi dərsliklərdə imperiya ideologiyasının və rus mərkəzli tarix şərhlərinin yer alması müşahidə olunub. Məsələn, Rusiya ilə müştərək çap olunan “Tarix” dərsliyində SSRİ-nin dağılması “böyük faciə” kimi təqdim olunur və bu, şagirdlərdə müstəqil dövlətlərə qarşı ideoloji etinasızlıq yarada bilər. Bu isə milli təfəkkürün formalaşmasına ciddi mənfi təsir göstərir”.

K. Əsədov onu da qeyd etdi ki, bütün bunlara baxmayaraq, rus bölmələrinin müsbət tərəfləri də var:

“Beynəlxalq münasibətlərdə rus dilinin hələ də mühüm rolu var və MDB məkanında bu dil vasitəsilə təhsil alan şəxslər üçün əlavə kommunikativ üstünlüklər mövcuddur. Rusiya universitetləri ilə əməkdaşlıq, tələbə mübadiləsi və təqaüd proqramlarında rus dilində təhsil almış şagirdlər daha çox şans əldə edir. Eyni zamanda bəzi valideynlər rus bölmələrində daha yüksək tədris keyfiyyəti olduğuna inanaraq övladlarını bu istiqamətə yönləndirir. Bu isə təhsil sistemində sosial bərabərliyi pozur və ana dilində təhsilin ictimai nüfuzuna zərbə vurur.

Dünya təcrübəsində isə azsaylı xarici dil bölmələrinin fəaliyyəti yalnız diplomatik və etnik səbəblərlə əsaslandırılır. Məsələn, Fransada məktəblərdə ingilis dilində təhsil verən bölmələr yalnız beynəlxalq məktəblərlə məhdudlaşdırılır və milli kurikulum əsasında fəaliyyət göstərmələri şərtdir. Türkiyədə də oxşar yanaşma var – xarici dilli məktəblər xüsusi nəzarət altında fəaliyyət göstərir, dövlətin ideoloji və hüquqi çərçivəsinə tam tabedirlər”.

Seçilən
22
50
publika.az

10Mənbələr