AZ

100 qlobal layihə arasında dünyanın ən strateji layihəsi - Bakı-Tiblisi-Qars

BAKI, 30 iyun. TELEQRAF

2000-ci illərin əvvəllərində Çin ilə Avropa arasındakı ticarətin iqtisadi mənzərəsi dəyişdikcə yeni dəhlizlər, nəqliyyat infrastrukturlarının inşası gündəmə gəldi. Həmin illər Çinin qlobal ticarətdə aparıcı qüvvəyə çevrilməyə başladığı, ‘Bir Kəmər, Bir Yol’ təşəbbüsünün gündəmə gəldiyi dövr idi. Azərbaycan yaranmış bu geosiyasi, iqtisadi vəziyyətdən yararlanaraq Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı layihənin təşəbbüskarı oldu. 2007-ci ilin noyabr ayının 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars (BTQ)dəmiryolu xəttinin tikintisinin təməli qoyuldu. Düzdür, bu proses o qədər də asan olmadı. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tiblisi-Qars Azərbaycanın müqavimət, diplomatiya və qətiyyət hekayəsidir. BTQ bu gün "Azərbaycan Dəmir Yolları"nın ən strateji layihəsidir. Dəmir yolu ilə yükdaşımaların həcminin artmasında məhz bu nəqliyyat dəhlizi mühüm rol oynayır.

Azərbaycan və Türkiyənin maliyyə vəsaitləri hesabına reallaşan layihə

1993-cü ildə Qars-Gümrü-Tbilisi dəmiryolunun bağlanması Gürcüstan üzərindən alternativ dəmir yolu xəttinin çəkilişini gündəmə gətirsə də, bu yöndə planlar sadəcə müzakirə səviyyəsində idi. Nəhayət, 2005-ci ilin yanvarında Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmiryolunun inşası ilə bağlı razılaşma imzalandı. Lakin maliyyə çatışmazlığı, eləcə də siyasi maneələr səbəbində layihənin icrası gecikdi. 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Türkiyənin hazırkı prezidenti, o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ikitərəfli Saziş, habelə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu” MMC arasında “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” imzalandı. Layihənin maliyyə təminatçısı Dövlət Neft Fondu oldu. Qurum elə həmin ildən başlayaraq layihənin inşası və reabilitasiya-rekonstruksiya işlərinə vəsait ayırdı. Bu yöndə ayırmalar 748,6 milyon manat təşkil etdi. Onu da bildirək ki, layihənin inşası və reabilitasiya-rekonstruksiyası Azərbaycan və Türkiyənin maliyyə vəsaitləri hesabına həyata keçirilib. Gürcüstan Azərbaycandan aldığı kredit hesabına layihənin xərclərini ödəyib.

Bakı-Tiblisi-Qarsa qarşı müqavimət

Ermənistandan yan keçməklə üç ölkəni birləşdirən dəmir yolu xəttinin inşası Qərb dairələrinin, eləcə də İranın maraqları xaricində idi. Hətta ABŞ Gürcüstan rəhbərliyinə layihəyə razılıq verməməsi üçün illərlə ciddi təzyiq göstərdi. Siyasi xəritə qapalı qapılar arxasında yenidən cızılarkən, real xətt dağları, sərhədləri və maneələri keçərək çəkilməli idi. Marşrut son dərəcə çətin idi, çünki dəmir yolunun Gürcüstan hissəsi dağlıq ərazilərdən keçirdi. Xüsusilə Gürcüstan və Türkiyə tərəfindəki keçid zonaları olduqca mürəkkəb şəraitdə yerləşirdi. 2011-ci ildə layihənin texniki parametlərində əsaslı dəyişikliklər edildi. Dəmiryolunun Axalkalakidən (Gürcüstan) Türkiyə sərhəddinə qədər olan hissəsində geoloji tədqiqat aparılan zaman ərazinin sürüşmə zonasına daxil olduğu bəlli oldu. Bu vəziyyətdə dəmir yolunun təhlükəsizliyini əsas tutaraq həmin hissənin dağın altı ilə çəkilmiş tunellə əvəz olunması qərara alındı.Türkiyə-Gürcüstan sərhədindəki dağın altı ilə 4 min 70 metrlik tunelin çəkilməsinə qərar verildi. Digər dəyişiklik isə dəmir yolunun Marabdadan Axalkalakiyə qədər olan 160 km-lik hissəsi ilə bağlı idi. Layihənin bu hissəsində əvvəlcə yenidənqurma işlərinin aparılması nəzərdə tutulsa da, 4 il sonra, yəni 2011-ci ildə yolun tamamilə bərbad vəziyyətdə olduğu müəyyən edildi. Nəticədə, bu hissənin yenidən qurulması deyil, əsaslı şəkildə tikilməsi qərara alındı. Gürcüstan tərəfinin məlumatına əsasən, Marabda–Axalkalaki dəmir yolu hissəsinin tikintisi 35 promil enişli relyefdə aparılıb. Layihəyə əsasən, Axalkalaki stansiyasından Türkiyə istiqamətində Avropa standartına uyğun genişlikdə rels xətti döşənib.

Çətin relyef, siyasi, iqtisadi təzyiqlər fonunda ümumi uzunluğu 846 kilometr olan, 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçən Bakı–Tbilisi–Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə rəsmi olaraq istifadəyə verildi. Bu, sadəcə bir nəqliyyat xətti deyildi, coğrafiyanın dirçəlişi idi. 2022-ci ilin sonuna doğru Bakı–Tbilisi–Qars layihəsi yenidən qiymətləndirildi. Məqsəd — buraxılış gücünü artırmaq və yarımçıq qalan işləri tamamlayaraq dəhlizi tam modernləşdirmək idi. 2023-cü ildə layihənin yenilənmiş planı təsdiqləndi və genişmiqyaslı təmir-bərpa işlərinə yer açmaq üçün istismarda fasilə verildi. Görülən işlər çərçivəsində 61 kilometr uzunluğunda dəmir yolu xətti, 98 kilometrlik kontakt şəbəkə xətti, 172 kilometrlik 10 kV-luq məftil, 338 kilometrlik fiber-optik kabel çəkildi, eyni zamanda, 160 min kubmetr şeben verilərək xüsusi texnika vasitəsilə yollar yenidən işləndi, 120 kilometrlik hissədə bordür daşları qoyuldu və 41 kilometr piyada və avtomobil yolları asfaltlandı. Aparılan yenidənqurma işlərindən sonra 2024-cü ilin mayında BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verildi. "Azərbaycan Dəmir Yolları" BTQ-nin buraxılış gücünü planlaşdırdığı kimi 1 milyon tondan 5 milyon tona qədər artırdı. Ümumiyyətlə, 2024-cü ildə bütövlükdə Azərbaycan dəmir yolları vasitəsilə 7.3 milyon ton tranzit yük daşınıb. Bunun da təxminən 5 milyon tonu BTQ vasitəsilə həyata keçirilib.

BTQ Orta Dəhlizi çərçivəsində Çin və Mərkəzi Asiyadan gələn yük qatarlarının Türkiyə və Avropaya daha sürətli çatdırılmasına imkan verir. Ənənəvi dəniz yollarına nisbətən bu yolla daşınma müddəti 15-20 gün azalır. Dəhliz üzrə 2024-cü ildə daşınan 8 milyon tona yaxın yük həcminin 45,2 faizi məhz dəmir yolu ilə ötrülüb.

BTQ həm də ağıllı dəhlizdir

“Azərbaycan Dəmir Yolları” modernləşdirilmiş BTQ dəmir yolu xətti üzrə yükdaşımalarda rəqabətə davamlı sistem yaradıb. Nəticədə BTQ sadəcə bir nəqliyyat bağlantısı deyil, həm də ağıllı dəhlizdir. Tətbiq edilən "ADY Smart" platforması və onlayn tarif kalkulyatoru ilə "bir pəncərə" modeli əsasında sürətli və şəffaf xidmətlər əsasında yüklərin daşınması sürətlənib. Son məlumatlara əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə neft məhsullarının daşınması nəzərdən keçirilir. Bu dəmir yolu regionda ticarətin diversifikasiyasına və həcminin artmasına da böyük töhfə verib. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2023-cü ildə 6 milyard ABŞ dollarından 2024-cü ildə 7,6 milyard ABŞ dollarına çatıb. Orta Dəhliz çərçivəsində məhsulları Avropa bazarlarına çıxarılan Çinin isə Azərbaycanla xarici ticarət dövriyyəsi 20,7% artaraq 3,7 milyard dollar təşkil edib.

Dəmir yolu sənayeləşmənin və kapitalın inkişafının mühərrikidir. Bakı-Tbilisi-Qars dəmir yolu 100 qlobal layihə arasında dünyanın strateji layihələrindən biri kimi tanınır.Layihənin genişləndirilməsi bü gün gündəmdə olan əsas məsələlərdəndir. Hazırda Gürcüstanda yolun genişləndirilməsi işləri aparılır. Bu ölkənin baş naziri Bakı-Tbilisi-Qars layihəsində nəzərdə tutulan işlərin 98,5%-nin tamamlandığını açıqlayıb. Bundan əlavə Türk Dövlətləri Təşkilatının 2022-ci il Sammitində qəbul edilən "Türk Dünyası 2030 Nəqliyyat Strategiyası"na əsasən bu xəttin Mərkəzi Asiya ölkələrinə qədər uzadılması planlaşdırılır. Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin altından keçəcək dəmir yolu tunelinin inşası ilə bağlı layihə hazırlanır. Bu tunel Bakı-Tiblisi-Qarsı Çinə qədər uzadaraq "Böyük Türk Dəhlizi"nin əsasını qoya bilər.

Qeyd: Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Seçilən
9
teleqraf.com

1Mənbələr