Son vaxtlar Rusiyada şovinizm, milli ayrıseçkilik və diskriminasiya halları daha da güclənib. Müharibədə insan çatışmazlığı yaşayan Rusiya, miqrantları şantaj və təhdid yolu ilə döyüşə aparır. Onlar uydurma ittihamlarla təzyiqə məruz qalır, vəd edilən kompensasiyalar isə verilmir. Müharibədən qayıtdıqdan sonra yenidən cəbhəyə göndərilirlər.
Qeyri-rus mənşəli vətəndaşlar da bu siyasətin qurbanına çevrilir. Bu hallar yalnız bir neçə şəhərlə məhdudlaşmır, bütün ölkə üzrə müşahidə olunur. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin çıxışları da bu faktları təsdiqləyir.
Azərbaycanlı deputatın Rusiyaya buraxılmaması, informasiya resurslarımıza edilən kiberhücumlar və Solovyov kimi şəxslərin anti-Azərbaycan çıxışları Moskvanın Azərbaycana qarşı qərəzli mövqeyindən xəbər verir.
Rusiya islamofobiyanı və digər xalqlara qarşı ayrıseçkiliyi dövlət siyasətinə çevirib. Ermənistanda revanşist qüvvələrin fəallaşması da Moskvanın Cənubi Qafqazda yeni qarşıdurma yaratmaq planları ilə bağlıdır.
Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a deyib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarına qarşı baş verən hadisələr regionda etnik münasibətlərin gərginləşməsi və insan hüquqlarının pozulması baxımından ciddi narahatlıq doğurdu:

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyat nəticəsində iki azərbaycanlı həyatını itirdi, bir neçəsi ağır yaralandı, doqquz nəfər isə həbs olundu. Hadisə yalnız Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində deyil, eyni zamanda Rusiyada yaşayan etnik azlıqların hüquq və təhlükəsizliyi baxımından da mühüm suallar doğurdu. FSB əməkdaşlarının azərbaycanlıların yaşadığı evlərə hücumu zamanı qeyri-mütənasib gücdən istifadə edilməsi, saxlanılan şəxslərdən birinə qarşı elektrik cərəyanı ilə işgəncə tətbiq edilməsi ilə bağlı şahid ifadələri beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulduğunu göstərir. Əməliyyatın səbəbi və hüquqi əsası ilə bağlı Rusiya rəsmiləri tərəfindən heç bir aydın izah verilməməsi isə prosesin qanunsuz xarakter daşıdığına dair şübhələri artırır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisənin baş verdiyi gün dərhal reaksiya göstərərək Rusiyanın Bakıdakı səfirliyinin nümayəndəsini nazirliyə dəvət edib və rəsmi etirazını bildirib. Nazirliyin yaydığı bəyanatda hadisələrin hərtərəfli və obyektiv araşdırılması, məsul şəxslərin məsuliyyətə cəlb olunması, zərərçəkmiş ailələrə kompensasiya verilməsi və gələcəkdə oxşar hallarının qarşısının alınması üçün təminatların təqdim edilməsi tələbi irəli sürülüb".
Deputatın sözlərinə görə, bu hadisə təkcə hüquq pozuntusu kimi deyil, daha geniş siyasi kontekstdə-Rusiyada azərbaycanlılara və digər etnik azlıqlara qarşı artan sistematik təzyiqlərin davamı kimi qiymətləndirilməlidir:
"Rusiya daxilində azərbaycanlılara qarşı repressiv yanaşmaların səbəbləri müxtəlifdir: geosiyasi rəqabətin kəskinləşməsi, regionda nüfuz bölgüsünün yenidən qurulması cəhdləri, həmçinin ölkədaxili siyasi gərginliklərin etnik və dini icmalara yönəldilməsi bu siyasətin əsas komponentlərindəndir. Bundan əlavə, Rusiya ordusunun insan resursu çatışmazlığı da qeyri-rus icmaların hədəfə alınmasına zəmin yaradır. Yekaterinburq hadisəsi Azərbaycanın öz vətəndaşlarının hüquq və təhlükəsizliyini qorumaq istiqamətində mövcud diplomatik imkanlarını daha da gücləndirməsinin vacibliyini ortaya qoydu. Belə hallarda təkcə reaksiya vermək deyil, qabaqlayıcı və sistemli tədbirlər görmək zəruridir. Diplomatik təmasların intensivləşdirilməsi, hüquqi mexanizmlərin aktivləşdirilməsi və beynəlxalq ictimai rəyin bu istiqamətdə səfərbər olunması Azərbaycanın maraqlarını müdafiə etmək üçün mühüm alətlərdən biri olmalıdır. Eyni zamanda, bu hadisələr Azərbaycanın xarici siyasətində diversifikasiya strategiyasının əhəmiyyətini bir daha göstərdi".
Naqif Həmzəyev qeyd edib ki, tək tərəfli asılılıqların risklərini minimuma endirmək üçün çoxtərəfli diplomatik əlaqələrin qurulması və genişləndirilməsi müasir dövrdə xüsusi önəm daşıyır:
"Gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün Azərbaycan dövləti həm ikitərəfli münasibətlər çərçivəsində, həm də beynəlxalq platformalarda hüquqi və siyasi mexanizmləri gücləndirməli, vətəndaşlarının hüquqlarını qorumaq üçün sistemli və ardıcıl siyasət yürütməlidir. Bu, təkcə konkret situasiyalara reaksiya deyil, uzunmüddətli milli təhlükəsizlik və xarici siyasət baxımından da həyati önəm daşıyır".