30 iyun 2025-ci il tarixdə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ) və Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı, Avrasiya Hospital və Etalon Hospitalın dəstəyi ilə seminar keçirilib.
"Unikal" xəbər verir ki, seminarı giriş nitqi ilə İSİ-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev açıb.
Daha sonra “Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları” mövzulu seminarda TÜBİTAK-ın professoru Turgay Karakaş çıxış edib. Dünyaya serebral iflic xəstəliyi ilə göz açan professor seminar iştirakçılarına öz nümunəvi həyat hekayəsindən bəhs edib, yaşadığı çətinliklərə baxmayaraq Türkiyə və ümumilikdə dünya elminə bəxş etdiyi misilsiz töhfələrdən söz açıb. Müəllim ailəsində dünyaya gələn T.Karakaş hüdudsuz iradəsinin gücü və valideynlərinin dəstəyi ilə həyata tutunmuş, məktəbi müvəffəqiyyətlə başa vuraraq Ankara Universitetinin Astronomiya və Kosmos Elmləri Fakültəsinə daxil olmuşdur. O, aerokosmik mühəndisliyi sahəsində təkmilləşmək məqsədilə riyaziyyat, fizika və kimya sahələrində təhsil almış və TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunda işə başlayıb. Elmi nailiyyətlərindən ətraflı şəkildə bəhs edən alim Azərbayacan və Türkiyə arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrindən söz açıb, müxtəlif elmi sahələrdə birgə nailiyyətlərə imza atmağı hədəflədiklərini bildirib.
Daha sonra seminar iştirakçıları tərəfindən suallar səsləndirilib, professor Turgay Karakaşa hədiyyələr təqdim olunub.