İngiltərə yığmasının keçmiş kapitanı Pol İns sükan arxasında sərxoş halda yol-nəqliyyat qəzası törədərək, həbsə alınıb.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Keçmiş yarımmüdafiəçi ötən şənbə günü, iyunun 28-də İngiltərənin Çeşir qraflığında qəza törədib. İnsin idarə etdiyi “Range Rover” markalı avtomobil yolayırıcı hasara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
İns həbsə alınıb, ona qarşı, sərxoş halda avtomobil idarə etmə ittihamı irəli sürülüb. Bir qədər sonra İns vəkilinin vasitəsilə girov müqabilində azadlığa buraxlıb. “Qəhrəmanımız” iyul ayının 18-də yol verdiyi qanunsuzluğa görə məhkəmə qarşısında hesabat verəcək.
Xatırladaq ki, Pol İns futbolçu karyerasına 2007-ci ildə xitam verib və məşqçiliyə baş vurub. İngiltərəli mütəxəssisin sonuncu iş yeri 2022/2023-cü illər mövsümündə çalışdırdığı “Ridinq” olub.
