Yekaterinburqda azərbaycanlılara qarşı Rusiya hüquq-mühafizə orqanlarının amansız əməliyyatı iki ölkə arasındakı münasibətlərdə ciddi soyuqluq yaradıb. Bu gərginlik nəticəsində ilin sonunadək bəzi mədəni tədbirlər ləğv olunub və ictimai qınaq güclənib.
Belə bir vəziyyətdə Moskvaya hansı növ cavab reaksiyaları gözlənilə bilər? Xüsusilə Rusiya ilə iqtisadi əlaqələrdə kənd təsərrüfatı, logistika və idxal-ixrac sahələrində hansı məhdudiyyətlər və dəyişikliklər gündəmə gələ bilər?
Globalinfo.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Rusiyanın qeyri-rus millətlərinə, xüsusilə də azsaylı xalqlara qarşı apardığı siyasət son vaxtlarda daha açıq və dözülməz bir müstəviyə keçmişdir:
“Bu, bütün sahələrdə özünü bariz şəkildə göstərməkdədir. Belə bir vəziyyətdə baş verənlərə susmaq, hadisələri seyrçi mövqedən izləmək və hər hansı marağa görə proseslərə göz yummaq yolverilməzdir.
Xüsusilə, kənd təsərrüfatı məhsullarının ixracı və ya gündəlik tələbat mallarının idxalı kimi iqtisadi münasibətlərə görə bu cür haqsızlıqları görməzdən gəlmək strateji və mənəvi baxımdan ciddi bir yanlışlıqdır. Bir ölkədən, nə qədər iqtisadi cəhətdən asılı olsaq da, bu cür zülm və basqılara səssiz qalmaq doğru deyil.
Bu səbəbdən Azərbaycan öz mövqeyini daha açıq və prinsipial şəkildə ortaya qoyub, qeyri-insani davranışlara qarşı sərt reaksiyalar verməlidir. Hazırda dövlətimiz bu istiqamətdə diqqətli davranaraq, hadisələri izləyir və lazımi təhlillər aparır. Artıq real addımların atılması, iqtisadi asılılığın azaldılması və alternativ bazarların tapılması üçün konkret strategiyaların həyata keçirilməsi zəruridir.
Alternativ ticarət yollarının və tərəfdaşlarının axtarışı gecikmədən prioritet məsələyə çevrilməlidir. Etiraf etməliyik ki, artıq bu istiqamətdə müəyyən qədər gecikmişik, lakin indi doğru zamanda, doğru qərarlarla bu prosesə yeni bir mərhələdən başlamaq mümkündür”.
İqtisadçı ekspert Elman Sadıqov isə məsələyə belə münasibət bildirib:
Eldəniz Əmirov
“Rusiya ilə Azərbaycan arasında qeyri-neft sektorunda kifayət qədər iqtisadi əlaqələr mövcuddur. Rusiyadan taxıl idxal edirik. Doğrudur, son zamanlar daha çox taxılı Qazaxıstandan əldə edirik, amma hər halda bu, strateji əhəmiyyətə malik bir məsələdir. Çünki idxal olunan məhsullar arasında strateji önəmə malik olanlar var. Kənd təsərrüfatı sahəsində gübrələrin idxalı da mühüm yer tutur. Logistika, kənd təsərrüfatı məsələləri və digər əlaqədar sahələr də buna daxildir.
Ümumilikdə isə 2-3 milyard dollarlıq iqtisadi əlaqələrdən söhbət gedir ki, bunun da ümumi həcmi 5-6 milyard dollara çatır.
Bu gün Rusiya Azərbaycanı iqtisadi tərəfdaş kimi itirə bilər. Çünki Azərbaycan idxal etdiyi məhsulların alternativini istənilən vaxt tapa bilər. Ukrayna müharibəsi fonunda iqtisadiyyatı çətin vəziyyətdə olan Rusiyanın Azərbaycanla bu sahədə əməkdaşlığı tamamilə dayandıracağını düşünmürəm. İxrac məsələsi də buna daxildir. Rusiyaya ixrac olunan meyvə digər ölkələrə də göndərilə bilər. Dövlət tərəfindən görüləcək addımlar sayəsində kənd təsərrüfatının zərər görməsinin qarşısı alınacaq.
Rusiya Azərbaycana iqtisadi təzyiqlər və sanksiyalar tətbiq edə bilməz. Bu, vaxtilə Türkiyəyə qarşı da edilib, lakin nəticə verməyib. Rəsmi Ankara alternativ bazarlar və yollar taparaq bu boşluğu aradan qaldırdı.
Rusiyanın bizim üçün ən böyük təzyiq vasitəsi orada yaşayan azərbaycanlılardır. Onlara təzyiq göstərməklə Azərbaycana zərbə vuracağını düşünürlər, amma bu doğru yanaşma deyil. Çünki azərbaycanlılar Rusiyanın ümumdaxili məhsulunun formalaşmasında böyük rol oynayırlar. Ticarət isə istehsal olunan məhsulun satışından ibarətdir. Rusiyanın orada yaşayan azərbaycanlılara kütləvi şəkildə sərt qaydalar tətbiq etməsi mümkün deyil. Azərbaycan onsuz da mümkün hallara qarşı B və C variantları hazırlayıb.
Hər bir ölkə bilməlidir ki, iqtisadiyyat siyasətə xidmət etdikdə uduzur. İqtisadi maraqları siyasi ambisiyalara qurban vermək olmaz. Həmin ölkələr əvvəl-axır uduzur. Bu, bumeranqdır”.