AZ

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

İngilis tarixçilərinin fikrinə görə, İngiltərə taxt-tacında, hökmdarlar arasında lord-protektor Oliver Kromveldən başqa, əsl ingilis olmamışdı. Mərkəzləşmiş İngiltərənin banisi Uilyam Fateh və onun sülaləsinin üzvləri Normandiyadan gəlib, hakimiyyəti ələ keçirmiş normandlar idi. Əvvəllər isə ölkəni danimarkalılar, sonralar isə şotlandlar və almanlar  idarə etmişdilər. 1714-cü ildə kraliça Anna öldükdən sonra Almaniyadan gələn I Corc  ümumiyyətlə ingilis dilini bilmədiyi halda, yad dövlətin taxt-tacına çıxmışdı. Hannover sülaləsi o vaxtdan kral kürsüsünə sahiblik etmişdi. I Dünya müharibəsində, ingilislər almanlara qarşı vuruşduqlarından, 1916-cı ildə sülalənin alman adı dəyişdirilib, sarayın adından əmələ gələn Vindzor sülaləsi termini ilə əvəz olunmuşdu.

Rusiyada da vəziyyət heç də İngiltərədən fərqli olmamışdır. Alman qızı Sofiya Avqusta II Yekaterina adı altında qəsb yolu ilə Rusiya imperatorunun taxt-tacına yiyələnmişdi. Osmanlı imperiyasında isə sultanlar əsasən başqa, əslən Avropa xalqlarından olanlardan təşkil olunmuş hərəmxanadakı qızlardan doğulurdu və türk sultanları adətən təmiz türk qanına malik olmamışdı. İndi də ayrı-ayrı dövlət başçıları və hökumət üzvləri arasında başqa millətlərin nümayəndələri az deyildir.

Qadın ana rolunda çıxış etməklə, əslində tarixin müştərək yaradıcısı sayılmalıdır. Adəmlə Həvvanın ilkin fiziki yaxınlığından bəşər övladları Qabil və Habil dünyaya gəlmişdir. Beləliklə, Həvva bəşəriyyətin ilkin anası hesab olunur. Bibliyanın bu iddiası şübhələrə də səbəb olmuşdu. Lakin DNK (DNA) tədqiqatı ilə müəyyən edilmişdir ki, bütün qadınların ilk bir anası, bütün kişilərin isə bir atası mövcud olmuşdur. İudaizmdə və İslamda Allahın nə valideynləri, nə də törəmələri vardır. Xristian dini isə qız Mariyanın müqəddəs ruhdan İisusu dünyaya gətirməsi ilə, əslində o, Allaha oğul doğmuşdur və İisus özü də xristianlar üçün - Allahdan, onun oğlundan və Müqəddəs Ruhdan ibarət olan Üçlüyün üzvü olmaqla, Allah hesab olunur. Lakin həm də İisus insan idi və Yerusəlimdə yəhudi xalqı arasında yaşayırdı. Bu yaxınlarda vəfat etmiş Roma papası Fransisk İisusa yaxınlığı güman edilən Mariya Maqdalinanı apostolların apostolu, başqa sözlə, 12 apostoldan İisusa daha yaxın olanı adlandırmışdı. İisus həm Allah, həm də insan olduğundan, insan təbiətinə xas olanlar, yəqin ki, ona heç də yad deyildi. Yer üzündə dünyaya gələn və 33 il ömür sürən İisus ölənə qədər hələ Səma sakini olmadığından, insanı fərqləndirən cəhətlər də heç də onun üçün qeyri-mümkün hesab edilməməli idi. Ona görə də Mariya Maqdalinanın varlığını və İisusa çox yaxın olmasını gizlətmək mümkün olmadığından, bu qadına qarşı kilsənin münasibəti də əsasən birmənalı olmamışdır. Buna baxmayaraq, bəzi şəhərlərdə, o cümlədən Varşavada Mariya Maqdalina kilsəsi mövcuddur. XIV əsrdəki polyak kralının ekiz uşağı olmuşdu, o, bu ərazidən keçəndə monastırı gördü və orada uşaqlarını xaç suyuna çəkdirdi. Bu vaxt o, oğlunu Var, qızını isə Şava adlandırdı, sonralar orada yaranan şəhər Varşava adını daşıdı. Katolik ölkəsinin bu paytaxtında dini müqəddəslərə ehtiram bəslənməsi vacib borc sayılır və Mariya Maqdalinanın da, öz şərəfinə ucaldılan kilsə ilə onların siyahısına daxil olduğu nəzərə çarpır.

Qadınlara hələ tarixdən əvvəlki dövrlərdə, ibtidai icmalarda da xüsusi hörmət bəslənilirdi. Kişilər tarlada əkib becərməklə və mal-qaranı otarmaqla məşğul olduqlarına görə, uşaqların tərbiyəsi ilə qadınlar məşğul olurdu. Həm də onlar ev, məişət qaydalarının baniləri və onların icra edilməsinə nəzarət edənlər sayılırdılar. İndoneziyanın müharibədən sonrakı ilk prezidenti Sukarno 1960-cı illərdə populyar olan "Sarina" kitabında bunları nəzərə alaraq, qadını ilk qanunların yaradıcısı adlandırmışdı.

Olduqca zənginliyi ilə seçilən və ibrətamiz hadisələrlə dolu olan qədim yunan mifologiyasında əsasən kişilərin igidliyindən, yaşadıqları macəralardan söhbət açılsa da, qadınlar da yaddan çıxarılmamış, onların, çətin sınaqlar anında iradələrinə arxalanaraq qəti qərarlar verdiyi təsvir edilir. Burada qadın təbiətinin müxtəlifliyi kimi, rəngarəng, diqqəti cəlb edən obrazlar da özünə yer tapır. Təsadüfi deyildir ki, miflərdə göstərilən hadisələr əsasında böyük yunan dramaturqları Esxil, Sofokl, Yevripid, indiyədək səhnələri tərk etməyən ölməz əsərlər yaratmışlar.

Miflərdə Zevsin arvadı Hera və çox sayda məşuqələri ilə tanış oluruq. Hera hələ körpə Heraklın onun döşünü dişlədiyinə görə, onun qorxmaz qəhrəman olacağına inanmışdı. Leto Zevslə yaxınlığından Apollon və Artemida kimi övladlar dünyaya gətirmişdi. Ledanın Zevsdən doğduğu gözəl Yelena Parisə qoşulub, Spartadan Troyaya qaçmış və varlı şəhər-dövlət olan axırıncının məhv olmasına səbəb olmuşdu. Zevs vurulduğu Yevropanı, öküzə çevrilməklə, belində Krit adasına aparmış və burada onunla yaxınlıqdan əfsanəvi Krit çarı Minos dünyaya gəlmişdir. Yelena Zevsin çevrildiyi ağ öküzə heyran olduğu kimi, çar Minosun arvadı Pasifaya da öküzlə intim yaxınlıq etdiyinə görə, dünyaya yarı insan, yarı öküz olan Minotavrı gətirmişdi. Minotavr labirintdə gizlədilmişdi, hər il Afinadan gələn 15-20 gənc oğlan və qızın bədənlərinin əti ilə qidalanırdı. Yalnız Tesey Ariadnanın ona bağışladığı sap kələfinin köməyi ilə, Minotavrı öldürdükdən sonra, labirintdən çıxa bilmiş, qəhrəman kimi Afinaya qayıtdıqda isə, atası Egeyin ölümünə səbəb olmuşdu. Tesey atası ilə razılaşdığına görə, uğur qazansa, qayığına ağ yelkən qaldırmalı idi. O, vədini unudub, qara yelkəni dəyişdirmədiyindən, oğlunun itkisinə görə yasa batan ata dərddən özünü dənizə atmış və ona həmin vaxtdan Egey dənizi adı verilmişdi.

Pasifiyanın qeyri-təbii, iyrənc ehtirası, öküzlə fiziki yaxınlıq etməsi təkcə Egeyin ölümü ilə nəticələnməmişdi, olduqca inkişaf etmiş Minoy sivilizasiyası da sonralar məhv olmuşdu. Qədim yunan mifi qadın ehtirasının iyrəncliyi kimi, təbiətin ziddinə gedən pozğun əlaqələrdən həmin cinsin sonrakı nümayəndələrini çəkindirmək üçün Pasifiya obrazını yaratmışdı.

Mikena çarı Aqamemnonun arvadı Klitemnestra, ərinin külək əsməsi naminə qızı İfigeniyanı allahlara qurban verib, öldürdüyünə görə onu bağışlamamış, Troyadan qələbə ilə qayıdan ərini məşuqunun köməyi ilə öldürmüşdü. Yelena Sparta çarı olan əri Menelaya sədaqətsizlik edib, Parislə Troyaya qaçdığı kimi, Menelayın qardaşı arvadı da əri Troyada olanda Egisflə eşq macərası yaşamışdı. Aqamemnonun qızı Elektra anasının öz ərini öldürməsinə biganə qalmamış, qardaşı Oresti doğma anasını öldürməyə təhrik etmişdi.

Həm Klitemnestra, həm də Elektra qisas hissi ilə yaşamış, biri ərini, digəri isə doğma anasını öldürməklə, düşmənlərinə çevrilmiş yaxınlarından ağır intiqam almışdılar. Qədim yunan mifi göstərir ki, qadınlar onlara vurulan zərbəni cavabsız qoymur, haqsızlıq etmiş yaxın adamlarının ölümünə nail olmaqdan da çəkinmirlər. Qadının hiddəti hədd tanımır və öz məqsədini həyata keçirmək üçün ağılsız hesab edilən hərəkətləri də özləri üçün məqbul sayırlar.

Mifologiyadakı Medeya obrazı qadın qisasının dəhşətli xarakter aldığını təsvir edir. Böyük yunan dramaturqu Yevripid özünün "Medeya" pyesində bu hadisəni daha geniş təsvir edir. Yunan Yason "Arqo" gəmisində arqonavtlar adlanan öz dəstəsi ilə Qara dəniz sahilindəki Kolxidaya üzür ki, orada saxlanılan və var-dövlət mənbəyi sayılan "Qızıl yunu" əldə etsin. Kolxida çarı bu neməti gizli bir yerdə ağacın budağından asılmış şəkildə saxlayırdı. Çar qızıl yunu əldə etmək istəyənlərə olduqca ağır sınaq növləri təklif edirdi və iddiaçılar uğursuzluğa düçar olub,  məhv olurdular. Yasonun bəxti onda gətirdi ki, çarın qızı Medeya yunan dənizçisinə vuruldu, atasının sirli sınaqlarından çıxmaq yollarını ona göstərdi. Ona görə də Yason bütün macəraların öhdəsindən gəlib, qızıl yunu götürdü və vətənə üzəndə ona kömək etmiş Medeyanı da özü ilə apardı. Onların intim yaxınlığından Medeya Yasona iki uşaq doğdu. Yason isə Korinf çarının qızını almaq istəyirdi və Medeyanı tərk edib, buna nail olduqda, kolxidalı qız qəzəbdən ərindən qisas almaq üçün uşaqlarını öldürdü. Medeya göstərdi ki, qadının hisslərinə məhəl qoymamaq, təhqir etmək heç də yüngül cavabla bitmir, ərin sədaqətsizliyi onu ən ağır cinayətə də sövq edir. Ananın öz doğma uşaqlarını öldürməsi olduqca dəhşətli bir hadisədir. Deməli, qadın öz qisas hisslərini cilovlaya bilmədiyindən, əri üçün də həssas xarakter daşıyan bir əmələ əl atır və övladlarının qatilinə çevrilir. Sonralar fransızların zərb-məsələ çevirdikləri "Cherche la famme" - "Qadını axtarın" ifadəsi qadın təbiətinin müəmmalılığına bələd olmaq tələbindən irəli gəlir.

Qadın özünü sevgiyə, kişi məhəbbətinə tabe edir, bu yolda ən ağır qurbanlar verməyə də hazırdır. Axı Medeya Yasona vurulduğuna görə doğma atasına da xəyanət edib, onun sirlərini sevgilisinə açmışdı. Yason bu qadının, özünü bütünlüklə ona həsr etməsini qiymətləndirə bilməyəndə, əvvəlki məhəbbət dəhşətli nifrətə çevrildi və son hiss öz ifadəsini müxtəlif dəhşətli hadisələrdə tapdı. Lev Tolstoyun qəhrəmanı Anna Karenina da, Vronskinin onun məhəbbətini daşa çırpdığına görə, ondan qisas almaq üçün özünü parovozun təkərləri altına atır.

Herakl kentavrdan arvadı Deyaniranı çaydan keçirməyi xahiş edir. Kentavr əks sahilə çatdıqda Deyaniraya təcavüz edir. Hirslənən qəhrəman kentavrı qılınc zərbəsi ilə öldürür. Can verən kentavr Heraklın arvadına deyir ki, onun axan qanını yığıb, ərinin paltarına bulaşdırsın ki, o, heç vaxt ona qarşı vəfasızlığa yol verməsin, axıra qədər sədaqətli qalsın. Deyanira qanı yığıb, evində ona batırdığı saplardan Herakla xiton tikib göndərir. Qəhrəman arvadının hədiyyəsinə çox sevinir, əyninə geyindikdə bədəni ağrıdan əziyyət çəkməyə başlayır. Dəhşətli ağrı dözülməz olduqda, Herakl özünü yanan tonqala atır və beləliklə, yarımallah qəhrəman həlak olur.

Sonra məlum olur ki, onun ölümündə kentavrın birbaşa günahı yoxdur. Heraklın onu öldürdüyü qılıncla, bir az əvvəl əjdaha Nessi öldürmüşdü və Nessin zəhəri qılıncın tiyəsində qaldığından, Deyaniranın istifadə etdiyi sapları və toxuduğu xitonu zəhərləmişdi. Heraklı da heç də kentavrın qanı deyil, Nessin zəhərli öldürmüşdü.

Mif göstərir ki, məhəbbəti cadu yolu ilə qoruyub saxlamaq mümkün deyildir, məhəbbət hisslərin, ehtirasın coşmasıdır, vulkan kimi püskürməsidir, onlar sona çatırsa, hansısa panatseya bu dərdə kömək edə bilmir.

Bibliyada da çox sayda diqqəti cəlb edən qadın obrazları vardır. Sara faraon qarşısında əri Abrahamın onu arvadı deyil, bacısı adlandırması ilə razılaşır və faraonun ehtiras istəklərinə tabe olmaq yolunu tutur ki, bu kiçik qurban hesabına ailəsini xilas etsin. Yəhudi qızları Yudif və Ester isə öz vətənləri və xalqları naminə ağlasığmaz igidliklər göstərirlər. Yudifin doğma şəhərini assuriyalılar mühasirəyə almışdılar. Öz şəhərini xilas etmək naminə Yudif Assuriya komandiri Olofernlə yaxınlıq etmək adı altında şəhərdən çıxır və zabitin düşərgəsinə gəlir. Olofern onun gözəlliyinə heyran olduğundan, olduqca çox şərab içdiyindən, yatağında yuxuya dalır. Yudif onun öz qılıncı ilə assuriyalının başını kəsib, ayaqları altına atır. İtalyan rəssamı Corcone bu səhnəni öz tablosunda, olduqca gözəl qızın ayaqları altında qalan Olofernin başının təsviri ilə göstərmişdir. Qoşun başçısının öldürülməsi əsgərləri qorxuya salır və onlar mühasirəni götürüb, şəhərdən uzaqlaşırlar. Bir gənc qızın iradəsi və igidliyi şəhəri assuriyalıların gözlənilən ağalığından xilas edir.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr