Azərbaycanda xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir. Belə ki, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Bu, Milli Məclisin müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Hafta.az-ın məlumatına görə, bu dəyişiklik sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Vətəndaşlar narahatdır
Yeri gəlmişkən, qanun layihəsində “xarici maliyyə mənbələri” ifadəsinin işlədilməsi xüsusilə xaricdə işləyən və Azərbaycana mütəmadi pul göndərən vətəndaşlar arasında müəyyən narahatlıq yaradıb. Hazırda yüzminlərlə azərbaycanlı Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə çalışır və ailəsinə mütəmadi olaraq pul köçürür. Onlar bu vəsaitlərin də məhdudlaşdırılacağından ehtiyatlanırlar. Mütəxəssislər narahatlığa əsas olmadığını bildirirlər. Xaricdə işləyən vətəndaşların ailəsinə göndərdiyi vəsaitlər şəxsi istifadə üçün nəzərdə tutulur və bu, beynəlxalq maliyyə sistemi çərçivəsində həyata keçirilən qanuni əməliyyatlardır. Bu əməliyyatlar ya bank vasitəsilə, ya da rəsmi pul köçürmə sistemləri ilə (Western Union, Zolotaya Korona və s.) həyata keçirilir və məqsədi sosial-məişət ehtiyaclarının ödənilməsidir.
Əsas hədəf fərqlidir
Məsələni qəzetimizə şərh edən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, narahatlığa heç bir əsas yoxdur: “Qanun layihəsində açıq şəkildə bildirilib ki, bu dəyişiklik sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq. Yəni, məqsəd maliyyə əməliyyatlarında şəffaflığın təmin olunması və qanunsuz maliyyə axınlarının qarşısının alınmasıdır. Xüsusilə də, bu məhdudiyyətlərin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması hallarının qarşısını almağa yönəldiyi vurğulanır. Qanun layihəsinin əsas hədəfi isə fərqlidir. Bu məhdudiyyətlər xüsusilə qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar üçün nəzərdə tutulub. Yəni, qeydiyyatsız müqavilə ilə xaricdən maliyyə vəsaiti alaraq müəyyən xidmətlər göstərən və ya fəaliyyətlər həyata keçirən qurum və şəxslərə şamil olunur. Dəyişikliklərin təsir edə biləcəyi əsas qruplar QHT-lər və ya ictimai birliklər – xarici donorlarla qeydiyyatsız müqavilələrlə işləyənlərdir. Belə hallarda şəffaflığın təmin olunması üçün bu gəlirlərin müvafiq orqanlara bəyan edilməsi və vergiyə cəlb olunması tələb oluna bilər. Əks təqdirdə, inzibati məsuliyyət istisna olunmur. Beləliklə, adi vətəndaşların narahatçılığına əsas yoxdur. Onların həyata keçirdiyi pul köçürmələri qeyri-kommersiya, şəxsi və sosial məqsəd daşıdığından inzibati məsuliyyətə səbəb olmur. Bu dəyişiklik bir daha göstərir ki, ölkədə maliyyə dövriyyəsinin şəffaflaşdırılması istiqamətində ciddi tədbirlər davam edir. Xüsusilə, qeyri-neft sektorunda fəaliyyət göstərən, xarici əlaqələri olan şəxslər və qurumlar bundan sonra daha diqqətli olmalı, müqavilə və əməliyyatlarını rəsmi yollarla aparmalıdır”.
Yüksək cərimələr
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, yeni dəyişikliklərin sadə vətəndaşlara aidiyyəti yoxdur: “Bu dəyişikliklə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr müəyyənləşir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən təklif edilən yeni 432-1-ci maddəyə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 min beş yüz manatdan 2 min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək məbləğdə cərimə olunacaq. Eyni zamanda, qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimələnəcək. Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə isə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək”.
Ekspert vurğulayır ki, təklif olunan dəyişiklik hesabatlılıq və şəffaflıq baxımından əhəmiyyətlidir: “Dəyişikliklərdə istifadə olunan “qanunvericiliklə müəyyən edilmiş müddətlər” və “qeydiyyatsız müqavilə üzrə fəaliyyət” kimi ifadələr normativ dəqiqliklə izah olunmazsa, hüququn tətbiqində qeyri-bərabərlik riski yarada bilər. Bundan əlavə formal pozuntulara görə çox yüksək məbləğdə cərimələrin nəzərdə tutulması hüquqi proporsionallıq prinsipini zədələyə bilər ki, bu xüsusilə yerli resursları məhdud olan QHT-lərin fəaliyyətinə mənfi təsir göstərə bilər”.