AZ

"Nyu-York şəhərinin meri postuna ilk müsəlman namizəd qalib gəlir, Tramp hədələyir" - "TRT Global"

"Zöhran Mamdani böyük siyasətin adətən görməzdən gəldiyi insanlara - fəhlələrə, miqrantlara, kasıb ailələrə və ümidsiz insanlara arxalanıb..."

Amerika siyasətində qeyri-adi bir səs doğur: Demokrat-Sosialistlər Partiyasının 33 yaşlı üzvü Zöhran Mamdani Nyu-York meri postuna keçirilən ilkin seçkilərdə sabiq qubernator Endryu Kuomonu geridə qoyaraq önə keçib.

Moderator.az xəbər verir ki, bu barədə "TRT Global" nəşri məlumat yayıb.

Məlumatda deyikir ki, dəslərin 93 faizi sayıldıqdan sonra Mamdani 43,5 faiz nəticə ilə birinci olub, Kuomo isə 36,4 faizlə arxada qalıb. Bu, təkcə siyasi qələbə deyil, eyni zamanda ölkənin ən böyük şəhərinə rəhbərlik edəcək ilk müsəlman merin tarix səhnəsinə çıxışıdır.

Zöhran Mamdani böyük siyasətin adətən görməzdən gəldiyi insanlara - fəhlələrə, miqrantlara, kasıb ailələrə, seçkilərdən uzaqlaşdırılmış və ümidsizləşmiş insanlara arxalanıb. Bronksdakı müsəlman icma mərkəzində ibadət edənlərlə görüşdə o, ən vacib məsələlərdən - kirayə haqqı, ərzaq, uşaqlara baxım və işıq pulu barədə danışıb və onlar da bunu cavabsız qoymayıb. Eyni zamanda, o, Məhəmməd Peyğəmbərin vəsiyyətlərini də xatırladıb.

Əfsanəvi solçu senator Berni Sanders və Konqres üzvü Aleksandriya Okasio-Kortes onun tərəfini tutub. Bunun əksinə olaraq, Kuomo sabiq prezident Bill Klinton və keçmiş mer Maykl Blumberq kimi adların dəstəyini alsa da, bu, kifayət etməyib. Kuomo məğlubiyyətini etiraf edib: "Bu gecə bizim deyil. Bu, Zöhranın gecəsidir. O, gənclərin qəlbini fəth edib, onları arxasınca aparmağı bacarıb".

Trampın hədəsi: "Əgər düzgün davranmasa..."

Lakin Mamdaninin uğuru hər kəsin xoşuna gəlməyib. ABŞ prezidenti Donald Tramp "Fox News" kanalına verdiyi açıqlamada onun "əsl kommunist" olduğunu deyərək xəbərdarlıq edib: "Əgər düzgün davranmasa, Nyu-York federal maliyyədən məhrum olacaq". Tramp əlavə etdi ki, şəhərin hər il aldığı 100 milyard dollarlıq federal yardım təhlükə altındadır.

Mamdani bu iddiaları qətiyyətlə rədd edib: "Mən kommunist deyiləm. Sadəcə olaraq, zəhmətkeşlərin lehinə vergi ədaləti istəyirəm".  Onun proqramı, əsasən varlı və əsasən ağdərili ərazilərdə daşınmaz əmlak vergilərinin artırılmasına və bu pulların şəhərin kənar bölgələrindəki insanların yükünün yüngülləşdirilməsinə yönəlib. "Milyardçıların mövcudluğu belə artıq əxlaqi problemdir", -
o vurğulayıb. Mamdani öz mövqeyini M.L. Kinqin sözləri ilə əsaslandırır: "Buna demokratiya, ya da demokratik sosializm deyin, amma sərvət ədalətli şəkildə bölüşdürülməlidir".

Fələstin məsələsi və beynəlxalq qalmaqal

Mamdani ABŞ-da az sayda siyasətçidən biridir ki, açıq şəkildə Fələstinin tərəfində açıq durur. O, İsrailin Qəzzadakı əməliyyatlarını "soyqırım" adlandıraraq bu mövzuya toxunanların adətən susduğu bir siyasi arenada səsini ucaldır. Hətta o qədər irəli gedib ki, İsrail baş naziri Netanyahunun Nyu-Yorka səfər edəcəyi təqdirdə, beynəlxalq hüquqa əsaslanaraq onun həbs olunmasını təklif edib.

Təkcə İsrail deyil, Hindistanın baş naziri Mudi də onun tənqidlərindən yan keçməyib. 2002-ci ildəki Qucarat hadisələrinə görə Mudi haqda "hərbi cinayətkar" ifadəsini işlədən Mamdani Hindistanın sağçı dairələrinin qəzəbinə tuş gəlib. Bu səbəbdən də sosial şəbəkələrdə onu "cihadçı mer", "Nyu-Yorkda namaz vaxtı başladı", "hamı saqqallı olacaq", "şəhər hicabla dolacaq" kimi ifadələrlə aşağılamaya çalışır. Amma o, susmur. O, bu ritorikaya qarşı faktlarla danışır və deyir: "Mən hamı üçün, hətta milyardçılar üçün də ədalətli Nyu-York qurmaq istəyirəm".

Zöhran Mamdani kimdir?

Zöhran Mamdani Uqandada, Hindistan əsilli tanınmış professor Mahmud Mamdani və rejissor Mira Nayrın ailəsində doğulub. 7 yaşında ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. İndi isə bu şəhərin ilk müsəlman meri olmağa bir addım daha yaxındır. Və görünür ki, bu addım təkcə bir şəxsin yüksəlişi deyil, həm də çoxlarının səsi uzun illərdən sonra ilk dəfə eşidildiyini hiss etdiyi bir dönüş nöqtəsidir.

Seçilən
58
38
moderator.az

10Mənbələr