AZ

Rusiyada anti-müsəlman diskriminasiyası mövcud rejimin ömrünü uzada bilərmi?


Əli Orucov: “Məqsədli şəkildə miqratlardan “düşmən” obrazı yaratmaq istəyirlər”

Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur.

Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bütövlükdə, Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval-ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Yəni bu, birinci dəfə deyil baş verir. Zaman-zaman taciklərə, qırğızlara və digər millətlərin nümayəndələrinə qarşı belə şovinist siyasət aparılıb. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılmasının bariz göstəricisidir. Reallıq odur ki, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkilik, diskriminasiya və islamofobiya güclənir.

Maraqlıdır, Rusiyada müsəlman xalqların nümayəndələrinə qarşı diskriminasiya niyə belə güclənir?

“Başlıca məqsəd ölkədə mövcud olan və getdikcə artan problemlərə ictimai diqqətin yönəlməsinin qarşısını almaqdır”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında Kremlin diskriminasiya siyasətini gücləndirməkdə bir neçə məqsədinin olduğunu bildirdi: “Başlıca məqsəd ölkədə mövcud olan və getdikcə artan problemlərə ictimai diqqətin yönəlməsinin qarşısını almaqdır. Çünki Ukraynada aparılan müharibə ilə əlaqədar Rusiya ciddi iqtisadi sanksiyalar altındadır, ölkə təcrid olunmuş vəziyyətdədir. Müharibə səbəbindən ölkə həm böyük maliyyə resursları, həm də insan resursları itirir. Kreml bunun nə vaxtsa ölkədə ciddi sosial partlayışa səbəb ola biləcəyindən qorxur. Ona görə də məqsədli şəkildə miqratlardan “düşmən” obrazı yaratmaq istəyirlər. Guya ölkədə mövcud olan bütün problemlər miqrantlardan qaynaqlanır. Təsadüfi deyil ki, Rusiyada miqrantlara qarşı sərt ritorika Ukrayna ilə müharibədən sonra yaranıb. Hakimiyyət daxildəki problemlərin öz bacarıqsız idarəetməsi və təcavüzkar siyasəti ilə əlaqədar olduğunu deyə bilməz. Çünki buna getsələr, o zaman hakimiyyətdən getməlidirlər. Cəmiyyətdə olan daxili qəzəb açıq müstəviyə keçə bilər. Ona görə də bütün qəzəbi miqrantlar və digər millətlərin üzərinə yönəldilər. Çünki Rusiya daxili və ya xarici düşmən olmadan yaşaya bilməz. Miqrantlara qarşı getdikcə daha sərt addımların atılması bununla əlaqədardır. Bu yolla Rusiyadakı rejimin hakimiyyətdə qalmasının ömrünü uzatmaq istəyirlər”.

Vidadi ORDAHALLI

Seçilən
2
baki-xeber.com

1Mənbələr