Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zahid İsrafilovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 3 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb.
İttihama görə, hadisə 23 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park 1” yaşayış kompleksində 9 saylı binanın yaxınlığında qeydə alınıb.
Belə ki, Zahid İsrafilov qadınla söhbətləşib əylənərkən həmin yerdə yaşayan zərərçəkmiş Raqub Nəbizadə (soyadı şərtidir) ona yaxınlaşıb əxlaqsızlıqda ittiham edib, nalayiq ifadələrlə təhqir edib. Buna görə onların arasında mübahisə yaranıb. Sonra Zahid yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə 1 dəfə zərbə vurub yerə yıxıb, ona təpik zərbələri endirərək, bədən xəsarətləri yetirib.
Hadisədən sonra Zahid İsrafilov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov