1 iyul Azərbaycanda rəsmi təqvimdə qeyd olunmasa da, bakılılar bu tarixi özləri üçün "Bakılılar Günü" kimi qəbul edir və xüsusi bir ovqatla xatırlayırlar.
BAKU.WS xəbər verir ki, bu gün paytaxt sakinləri tərəfindən yarızarafat, yarıciddi şəkildə "Bakılılar Günü" kimi qeyd olunur. Bakı – Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubunda yerləşən qədim və müasirliyin qovuşduğu bir şəhərdir. Küləklər şəhəri kimi tanınan paytaxtımız quru subtropik iqlimə malikdir və 2130 kvadrat kilometr ərazini əhatə edir.
Bakı şəhəri 12 inzibati rayonu və 59 qəsəbəsi ilə ölkənin sosial, mədəni və iqtisadi mərkəzidir. Şəhərin dəniz sahili hissəsi dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir və təbii sərvətlərlə – neft, qaz, tikinti materialları ilə zəngindir.
Bakı həm də zəngin tarixi ilə tanınır. Burada Qız Qalası, Şirvanşahlar Sarayı, Qala divarları, orta əsrlərə aid karvansaraylar və məscidlər bu günə qədər qorunaraq tariximizi yaşadır.
Paytaxt haqqında danışarkən Bakı milyonçuları, ziyalıları və tanınmış ruhanilər də yaddan çıxmır – bu şəhər tarix boyu Azərbaycan mədəniyyətinin və inkişafının aparıcı qüvvəsi olub.
BAKU.WS kollektivi olaraq bütün Bakı sakinlərini və əsl bakılıları təbrik edirik – bu gün sizin gününüzdür!