AZ

İƏT-in Zirvə Toplantısının Xankəndində keçirilməsinin əhəmiyyəti - RƏY

Xəbər verdiyimiz kimi, 3-4 iyul tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısı keçiriləcək.

Bu tədbir İƏT-in üzv dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

İƏT-in 17-ci Zirvə Toplantısına İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlət və hökumət başçıları, nazirləri, İƏT müşahidəçiləri, təşkilat üzvü olmayan ölkələrdən xüsusi qonaqlar və beynəlxalq təşkilatların rəhbərləri dəvət olunub.

Bu həmçinin Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu artıran, İslam dünyası ilə əlaqələrinin inkişafına mühüm töhfə verən bir hadisədir.

Azərbaycanın İƏT ilə münasibətləri və təşkilatın rolu

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biri olaraq, İƏT-in fəaliyyətində fəal iştirak edir. İƏT 10 üzv dövlətdən ibarət olan bir təşkilatdır və bu təşkilat üzv ölkələr arasında iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional inteqrasiyanı təşviq etmək məqsədini güdür.

Azərbaycanın İƏT ilə münasibətləri çoxşaxəlidir. Ölkəmiz təşkilat çərçivəsində müxtəlif sahələrdə – xüsusilə iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə bir çox təşəbbüslərlə çıxış edib. Məsələn Azərbaycan İƏT ölkələri arasında nəqliyyat və tranzit əlaqələrinin gücləndirilməsi, Orta Dəhliz layihəsinin inkişafı və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müstəsna rol oynayır. Bundan əlavə, ölkəmiz, xüsusilə COVID-19 pandemiyası zamanı İƏT üzv ölkələrinə tibbi və maliyyə yardımları göstərərək həmrəyliyini nümayiş etdirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Operativ Media-ya verdiyi açıqlamada bu təşkilatın rolu və Azərbaycan üçün əhəmiyyətinə toxunub:

"İqtisadi Əməkdaşlıq Təşkilatı müsəlman dövlətlərini birləşdirən çox mühüm bir təşkilatdır. Bu təşkilat çərçivəsində müxtəlif alt strukturlar vasitəsilə İslam dünyasının mədəni, iqtisadi, humanitar və sosial sahələrdə inkişafına dəstək verilir. İƏT  Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və işğaldan azad edilmiş torpaqlarımızda keçirilən bu cür mühüm tədbirlər, təşkilatın Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirir. Bu eyni zamanda İƏT-in dünya nizamında artan rolunu və perspektivlərini göstərir".

İƏT-in Zirvə Toplantısının Xankəndində keçirilməsinin əhəmiyyəti

Xankəndində keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı yalnız təşkilatın siyasi əhəmiyyətini deyil, həm də Azərbaycanın beynəlxalq aləmdəki gücünü və təsirini nümayiş etdirəcək.

Milli Məclisin deputatı Günay Ağamalı bu hadisənin həm simvolik, həm də strateji əhəmiyyətini vurğulayıb:

"İƏT-in 17-ci Zirvə Sammitinin Xankəndi şəhərində keçirilməsi, Azərbaycanın regiondakı siyasi və iqtisadi gücünü bir daha təsdiq edir. Bu eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sürətli bərpa və inkişaf proseslərinin uğurla həyata keçirildiyini və həmin ərazilərin sülh, inkişaf və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərir. Sammitin keçirilməsi İƏT üzv dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə verdiyi dəstəyin açıq və qəti ifadəsidir. B  həm də Azərbaycanın İƏT çərçivəsindəki fəallığını və təşkilatın regional və beynəlxalq sahələrdəki təsirini daha da artıracaq".

Azərbaycanın bu cür mühüm tədbirləri Xankəndidə keçirməsi yalnız İƏT-in Azərbaycana olan dəstəyini göstərmir, eyni zamanda, ölkəmizin bərpa işləri və post-münaqişə dövründə bölgənin iqtisadi və sosial inkişafına yönəlmiş əzmini nümayiş etdirir.

Azərbaycanın geosiyasi rolu və İƏT-dəki gələcək perspektivlər

Azərbaycan xüsusilə son illərdə beynəlxalq siyasətdəki rolu ilə diqqət mərkəzinə gəlib. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi İƏT-in güclü bir beynəlxalq oyunçu olmasının mümkünlüyünü vurğulamışdır. Bu İƏT-in dünya siyasətində daha mühüm bir rol oynaması üçün yaxşı bir perspektiv təqdim edir.

Azərbaycanın bu təşəbbüsləri, həm regional, həm də beynəlxalq platformada qarşılıqlı əməkdaşlığı təşviq edir və bütün İƏT üzv ölkələri üçün ortaq maraqlara əsaslanan yeni bir gələcək qurur. İƏT-in mövqeyi və Azərbaycanın bu təşkilatdakı rolu, müasir geosiyasi şərtlərə uyğun olaraq inkişaf edəcək və təşkilatın beynəlxalq nizamda daha da güclənməsinə gətirib çıxaracaq.

İƏT-in 17-ci Zirvə Toplantısının və İƏT Həftəsinin Azərbaycanda keçirilməsi, təşkilatın beynəlxalq əməkdaşlıqda və münaqişələrin həllindəki rolunu gücləndirəcək bir addımdır. Azərbaycan İƏT çərçivəsindəki mövqeyini daha da möhkəmləndirərək, təşkilatın beynəlxalq siyasətdəki təsirini artırmağa davam edəcək. Xankəndində keçiriləcək bu zirvə sammiti, həm də Azərbaycanın sülh və inkişaf yolunda irəliləyən mövqeyinin və yeni regional nizamın yaradılmasında önəmli bir mərhələ olacaqdır.

Bu sammit, həm də regionda əməkdaşlıq, sabitlik və rifahın təmin olunması istiqamətində atılacaq mühüm addımlara zəmin yaradacaq.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsinin təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.

Günay Nəcəfova

Seçilən
21
operativmedia.az

1Mənbələr