Deputat Tahir Kərimli News365.az-a açıqlamasında Rusiyada insan haqlarının və azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığını bildirib. Onun sözlərinə görə, Rusiya həm ciddi avtoritar, həm də müharibə vəziyyətində olan bir dövlətdir və orada prezidentin, yəni baş komandanın razılığı olmadan heç bir addım atıla bilməz.
“Orada məsuliyyət daşıyan şəxslər var. Düzdür, bəzən humanizm nümunələri də görürük. Məsələn, azərbaycanlıların orada suda boğulan uşaqları xilas etməsi, avtobus partlayışında insanlara yardım etmələri və ya ‘Krokus Siti Holl’dakı terror aktı zamanı yüzdən çox insanın həyatını xilas etmələri – bunlar epizodik hallardır. Amma ümumi münasibət hələ də dəyişməyib. Rusiyada azərbaycanlılara qarşı şovinist və nifrət dolu münasibət qalmaqdadır”, – deyə Tahir Kərimli bildirib.
Deputat şəxsi təcrübəsindən də danışıb:
“Bir dəfə dostumla qatarda idik, yavaş səslə Azərbaycan dilində danışırdıq. Yanımızdakılar dərhal dedi ki, ‘bura Rusiyadır, sən burada yalnız rus dilində danışmalısan’. Bu, nə deməkdir? Biz Avropa, Amerika və müsəlman ölkələrini də görmüşük, heç birində belə bir məhdudiyyət yoxdur.”
Tahir Kərimli Azərbaycandakı dil azadlığına da toxunaraq bildirib ki, ölkədə küçədə, məktəbdə, bağçada sərbəst şəkildə rus dilində danışılır, rus məktəbləri isə demək olar ki, doludur.
“Artıq dövlət hesabına başqa dillərdə məktəb saxlamağa ehtiyac yoxdur. Əgər dövlətin xüsusi proqramı varsa, o ayrı məsələdir. Amma hazırda dövlət məktəblərində rus, ingilis, fransız dillərində tədris aparılır. Bu da yığışdırılmalıdır. Şəxsi məktəblər ola bilər, amma dövlət səviyyəsində bu yolverilməzdir,” – deyə o əlavə edib.