AZ

Rusiyanın yanlış siyasətinin növbəti nəticəsi - "rus məktəbləri bağlansın" çağırışları...


Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi cəmiyyətdə Rusiya və rus təsirlərinə qarşı ciddi narahatlıq yaradıb. Bu faciə yalnız fərdi hadisə kimi yox, həm də rus şovinizminin nəticəsi kimi qiymətləndirilir.

Məlum hadisədən sonra sosial şəbəkələrdə və ictimai müzakirələrdə Azərbaycanın öz daxilində də rus təsirlərinə, xüsusilə də rusdilli məktəblərin fəaliyyətinə qarşı etirazlar artıb. Hətta bəziləri hesab edir ki, rus məktəbləri milli təfəkkürün formalaşmasına mənfi təsir göstərir. Bu səbəbdən də rus məktəblərinin fəaliyyəti dayandırılmalıdır.

Maraqlıdır, rus məktəblərinin fəaliyyəti dayandırıla bilərmi?

Ceyhun Məmmədov: “Rus məktəblərinin bağlanması hansısa fərdin arzusu ilə verilə biləcək bir qərar deyil”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, rus məktəblərinin bağlanması hansısa fərdin arzusu ilə verilə biləcək bir qərar deyil. Bu, dövlətin verə biləcəyi bir qərardır: “Hələ ki, belə bir məsələ müzakirə olunmur, olunarsa cəmiyyətə məlumat veriləcək. Bu gün hüquqların qorunması məsələsinə daha çox diqqət etməliyik. Dövlətimiz rus məktəblərinin bağlanmasını uyğun bilərsə buna uyğun addımlar atacaq”.

İlqar Orucov: “Ölkəmizin vətəndaşına qarşı haqsızlıq edilirsə, lazım olan siyasi qərarları verəcək, bu qərar həm də rusdilli təhsil müəssisələrinə münasibətdə olacaq”

Təhsil eksperti İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşiliklərvətəndaşlarımızın ciddi narazılığına səbəb olub: “Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı nümayiş etdirdiyi bu münasibət bütün hüquqi normaların pozulması deməkdir və ölkəmizdə, xüsusilə də rusdilli məktəblərlə bağlı ictimaiyyətin haqlı narahatlığını gündəmə gətirib. Zaman-zaman qonşu dövlətlərdən ölkəmizin suverenliyinə, milli maraqlarına qarşı xoşagəlməz fəaliyyətləri müşahidə etsək də, Azərbaycan dövləti heç vaxt münasibətlərin korlanmasına imkan verməyib. Son hadisələr göstərir ki, bizim nə qədər ədalətli mövqe nümayiş etdirməyimizə baxmayaraq, bəzi dövlətlər tərəfindən Azərbaycana münasibətlər birmənalı deyil. Ən son Yekaterinburqda baş verən hadisələr də bunu təsdiqləyir. Biz bu cür qeyri-insani münasibəti təəssüf hissi ilə qarşılayırıq. Xatırladım ki, Xocalı soyqırımı zamanı və torpaqlarımızın 20 faizinin işğala məruz qalmasında da Rusiya siyasi dairələrinin rolu danılmazdır. Rusiya dövləti hegemon, əzmək, güc göstərmək yolunu tutub. Belə olan halda biz necə ola bilər ki, buna susqun münasibət göstərək?!”

Ekspert hesab edir ki, rus dili təhsilinin ləğv edilməsi mümkün deyil: “Çünki Rusiyada yaşayan milyonlarla soydaşımızla yanaşı, iqtisadi, elmi və mədəni əlaqələrimiz də bu dili bilmək zərurətini göstərir. Ancaqbaş verən hadisələr fonunda artıq bu məsələyə də siyasi prizmadan baxmaq məcburiyyətindəyik. Ölkəmizə qarşı çirkin siyasət var və rusdilli təhsil müəssisələrinə münasibətlərimizi artıq korrektə etməliyik. İlham Əliyevin çox məşhur bir sözü var: bizim bir ailəmiz var. Bu da türk ailəsidir. Artıq qalib dövlətlə bu tonda danışmaq məsələsinə nöqtə qoyulmalıdır. Qoyulan nöqtələrdən biri də rusdilli təhsilə olan münasibətdə özünü göstərməlidir. Ölkəmizin vətəndaşına qarşı haqsızlıq edilirsə, dövlət başçısı da lazım olan siyasi qərarları verəcək. Bu qərar həm də rusdilli təhsil müəssisələrinə münasibətdə olacaq”.

Günel CƏLİLOVA

Seçilən
10
baki-xeber.com

1Mənbələr