"Belarusla Azərbaycan arasında təkcə siyasi deyil, həm də ticari-iqtisadi və humanitar sahələrdə münasibətlər uğurla inkişaf edir. Bir-birimizi bütün beynəlxalq təşkilatlar çərçivəsində tam olaraq dəstəkləyirik".
APA xəbər verir ki, bunu Belarusun Müstəqillik Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbul zamanı bu ölkənin Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
O deyib ki, hər iki ölkə bir-biri ilə bərabərhüquqlu, dayanıqlı, xüsusilə də hazırkı konyukturanın təsiri ilə zədələnməyə məruz qalmayacaq münasibətlərin qurulmasında maraqlıdır.
Diplomatın sözlərinə görə, ölkəsi Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri dəstəkləyir və alqışlayır:
"Azərbaycanın həm regionda, həm də dünyadakı nüfuzu getdikcə daha da artır. Ölkələrimiz bir-birinin mövqeyini istər regional səviyyədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində tam olaraq dəstəkləyirik. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 32 il keçir. Bu müddətdə ikitərəfli münasibətlərimiz, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsi daha da inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Belarusda Azərbaycanın nailiyyətləri daim yüksək qiymətləndirilir".