AZ

Şahin Mustafayev: Azərbaycan Belarusla münasibətlərin dostluq ruhunda davam etdirilməsində maraqlıdır

"Belarusla Azərbaycan arasında münasibətlərin tarixi boyunca 170-dən çox ikitərəfli sənəd imzalanıb. 2024-cü il ərzində Belarus Prezidenti Aleksandr Lukaşenko iki dəfə Azərbaycana rəsmi səfər edib. Həmin il Minskdə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclası keçirilib".

APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Belarusun Müstəqillik Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbuldakı çıxışında səsləndirib.

O deyib ki, Azərbaycan Belarusla açıq dialoq və hərtərəfli anlaşmaya əsaslanan münasibətləri son dərəcə yüksək qiymətləndirir:

"Azərbaycan Prezidenti İlham Əliyev və Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun birgə səyləri və siyasi iradəsi sayəsində ölkələrimiz arasında münasibətlər bütün sahələr üzrə inkişaf edir. Aktiv şəkildə mövcud olan yüksək səviyyəli dialoq, habelə mütəmadi xarakter daşıyan qarşılıqlı səfərlər və imzalanan sənədlər əməkdaşlığımızın bütün istiqamətləri üzrə yüksək dinamikanı təmin edir. 2024-cü ildə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana etdiyi dövlət səfəri zamanı kənd təsərrüfatı, gömrük, turizm, habelə kiçik və orta sahibkarlığın inkişafına dair bir sıra sənədlər imzalanıb. Hər iki ölkə dövlət başçılarının qarşıya qoyduğu tapşırıqların icrası istiqamətində səylə çalışır. Hazırda bizim münasibətlərimiz bir çox sahələrdə yüksək templə inkişaf edir. Ticari-iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqaməti hesab olunur. Eyni zamanda ölkələrimiz arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur".

Şahin Mustafayev Azərbaycanın işğaldan azad olunan ərazilərində Belarusla birgə layihələrin icrasının gündəmdə olduğunu xüsusi vurğulayıb:

"Bu barədə müvafiq razılaşma Belarus Prezidenti Aleksandr Lukaşenkonun Şuşaya səfəri zamanı əldə olunub. Ümidvaram ki, dövlət başçılarının tapşırıqlarının yerinə yetirilməsi və icra olunan birgə layihələr Belarus - Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının mövcud potensialının tamamilə reallaşdırılmasına şərait yaradacaq. Azərbaycan Belarusla münasibətlərin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda davam etdirilməsində maraqlıdır".

Seçilən
3
1
apa.az

2Mənbələr