“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klub prezidenti Cüzeppe Marottanın son açıqlamasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, türkiyəli futbolçu sosial şəbəkə hesabında paylaşdığı bəyanatla rəhbərliyin onunla bağlı fikirlərinə cavab verib.
Futbolçu həmin fikirləri təkzib edib və klubun yanında olduğunu vurğulayıb: “Çempionlar Liqasının finalında zədə aldıqdan sonra komanda ilə birlikdə ABŞ-a getmək qərarı verildi. Həmin anda meydanda ola bilməsəm də, komandaya yaxın olmaq və dəstək vermək mənim üçün vacib idi. Təəssüf ki, ABŞ-da məşqlər zamanı əzələmi qopardım və buna görə Klublararası Dünya Çempionatında iştirak edə bilmədim. Məsələ sadəcə bundan ibarətdir. Heç bir əlavə səbəb yoxdur.
Dünənki məğlubiyyət hamımız üçün ağır oldu. Mənim üçün bu, sadəcə bir futbolçu kimi deyil, bu komandaya könüldən bağlı biri kimi də kədərverici idi. Final fiti səsləndikdən dərhal sonra bir neçə komanda yoldaşımla əlaqə saxlayıb onlara dəstəyimi ifadə etdim. Çünki birinə dəyər verirsənsə, onu dəstəkləyərsən.
Amma bundan sonra deyilənlər məni sarsıtdı. Kobud və ayrım salan sözlər söyləndi. Mən karyeram boyunca heç vaxt bəhanə axtarmamışam. Hər zaman məsuliyyət daşımışam, ağrılar içində də oynamışam. Əsl güc – istər futbolda, istər həyatda – çətin anlarda hörmət göstərməkdədir. Mən bu kluba heç vaxt xəyanət etməmişəm. Heç vaxt burada bədbəxt olduğumu deməmişəm. Maraqlı təkliflər almışam, amma qalmışam. Çünki bu formanı nə qədər sevdiyimi bilirəm və bunu əməlimlə sübut etmişəm.
Milli komandada kapitanlıq etmək mənə öyrətdi ki, lider olmaq – çətin vaxtlarda günah axtarmaq yox, birlik yaratmaqdır. Mən futbolu sevirəm. “İnter”i sevirəm. Gələcək nə gətirəcək, görəcəyik. Amma tarix həmişə qürurla dayananları xatırlayır, ən çox qışqıranları yox.”
Marotta son açıqlamasında Çalhanoğlunun “İnter”dən ayrılmasının mümkün olduğunu bildirmişdi.
Qeyd edək ki, Hakan Çalhanoğlu “İnter”ə 2021-ci ildə “Milan”dan keçib. 2023/24 mövsümündə 47 oyunda iştirak edən türkiyəli yarımmüdafiəçi 11 qol və 8 assistlə yadda qalıb.