Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2024/2025-ci tədris ilində başa vurmuş tələbələrin “Məzun Günü” münasibətilə möhtəşəm və yaddaqalan mərasim təşkil olunub. Universitetin 50 illik yubileyinə təsadüf edən bu önəmli tədbir 2025-ci il iyulun 1-də Bakı Kristal Zalında baş tutub. Tədbirə universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri böyük ruh yüksəkliyi ilə qatılıb.
"Unikal" xəbər verir ki, tədbir AzMİU-nun Məzunlar Assosiasiyası, “Kristal Abşeron” və “Coca-Cola” şirkətlərinin dəstəyi ilə yüksək təşkilatçılıq səviyyəsində keçirilib. Zövqlü şəkildə hazırlanmış səhnə dekorasiyası, universitetin simvolları və 50 illik yubileyə həsr olunmuş vizual materiallar tədbirin təntənəli ovqatını tamamlayıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Bu anlar gənclərin vətənə bağlılıq duyğularını daha da gücləndirib, onların yeni mərhələyə milli məsuliyyət hissi ilə qədəm qoyduqlarını simvolizə edib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək məzunları ürəkdən təbrik edib, onların valideynlərini və müəllimlərini təhsil prosesindəki səylərinə görə xüsusi təşəkkürlə yad edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışaraq bu gün universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Rektor bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onlardan 2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu ilə məzun olub. Məzunlar sırasında 51 nəfər əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının göstəricisidir.
Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura pilləsini 631 nəfər tələbə başa vurub. Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 499 nəfər məzunu isə bu gün ali və orta ixtisas təhsili səviyyəsində peşəkar inkişaf yoluna çıxır. Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onlardan 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalq yönümlü təhsil strategiyasının uğurla reallaşdığını təsdiqləyir.
Rektorun çıxışından sonra Elm və Təhsil nazirinin müavini İdris İsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nərman Topçubaşev çıxış edərək məzunlara öz təbriklərini çatdırıblar, onları gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Hər iki çıxışda AzMİU məzunlarının bilik və bacarıqlarının ölkəmizin gələcək inkişafı üçün əsas potensiallardan biri olduğu vurğulanıb.
Mərasimdə iştirak edən digər fəxri qonaqlar – Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, millət vəkili Aydın Mirzəzadə, BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və digər rəsmi şəxslər məzunları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar AzMİU-nun yetişdirdiyi mühəndis, memar, dizayner və digər mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişafında, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma proseslərində mühüm rol oynayacağını qeyd ediblər.
Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda, tədbirdə iştirak edən rəsmi şəxslər məzunlara fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim ediblər ki, bu da onların əzmkarlığının və nailiyyətlərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.
Rəsmi hissədən sonra gəncləri əyləncəli və yaddaqalan bədii-musiqili proqram gözləyirdi. Tanınmış aparıcılar Abbasağa Əlizadə və Elcan Rəhimov tədbirə xüsusi ab-hava bəxş edib. Sevilən ifaçılar Orxan Zeynallı, Mərdan Kazımov, eləcə də DJ Kamonun təqdimatında səsləndirilən populyar mahnılar məzunlara unudulmaz anlar yaşadıb. Gənclər rəqs və coşqu içində təhsil həyatlarının bu əlamətdar mərhələsini qeyd ediblər.
Tədbirin kulminasiya nöqtəsi isə məzunların ənənəvi “papaqatma” mərasimi olub. Minlərlə papağın eyni anda havaya atılması universitetin tarixində simvolik bir səhifə kimi yadda qalıb və bu anlar rəsmi foto və video çəkilişlərlə əbədiləşdirilib.
Beləliklə, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bu möhtəşəm “Məzun Günü” təkcə bir tədris ilinin sonu deyil, həm də universitetin nailiyyətlərinin, onun yetişdirdiyi gənc nəsil mütəxəssislərin və gələcək uğurların təntənəli nümayişi kimi tarixə düşüb.