AZ

2 İyul Polisi Günüdür: Cəmiyyətin səssiz qəhrəmanlarına bir təşəkkür FOTO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

İyulun 2-si ölkəmiz üçün xüsusi bir gündür, bu gün dövlətimizin ictimai asayişini qoruyan, vətəndaşların təhlükəsizliyinin keşiyində duran Azərbaycan polisinin peşə bayramı günüdür. Bu sadəcə rəsmi təqvimdəki bir tarix deyil, bu illərdir susqunluqla, fədakarlıqla və vətən sevgisi ilə çalışan insanların zəhmətinə verilən bir dəyərdir.

Azərbaycan polis orqanlarının əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. O dövrdə gənc və yeni qurulmuş dövlətin təhlükəsizliyini təmin etmək, daxili sabitliyi qorumaq üçün mütəşəkkil hüquq-mühafizə orqanlarına ehtiyac vardı. 1918-ci ilin iyul ayında ilk polis strukturunun yaradılması ilə bu müqəddəs missiya başlanmış oldu. Elə bu səbəbdən də, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd edilməyə başlandı. Polis dedikdə, cəmiyyətin görünməyən sipəri, bəzən ağlımıza sadəcə qanun keşikçiləri, formalı insanlar gələ bilər. Amma əslində, bu peşənin arxasında bir ömürlük məsuliyyət, gözəgörünməyən fədakarlıq və insan taleləri durur. Polis əməkdaşı gecə-gündüz demədən, ailəsindən, şəxsi rahatlığından keçərək cəmiyyətin təhlükəsizliyi üçün çalışır. Siz evdə rahat yuxuya getdiyiniz an, bəlkə bir polis əməkdaşı küçədə növbədədir. Siz sevdiklərinizlə birlikdə gəzintidə olduğunuzda, o, ərazinin təhlükəsizliyinə nəzarət edir. Bütün bu səssiz xidmətlər bir təşəkkür belə gözləmədən, sadəcə vicdanla yerinə yetirilən bir vəzifədir.

Azərbaycan polisi təkcə cinayətlərin qarşısını alan və ya qayda-qanunlara nəzarət edən struktur deyil. Bu eyni zamanda Vətən uğrunda döyüşlərdə ön cəbhədə döyüşən, şəhidlər verən, terrora qarşı mübarizədə canını fəda edən qəhrəmanların ünvanıdır. İkinci Qarabağ müharibəsində, postmüharibə dövründə və digər gərgin anlarda polisin rolu danılmazdır. Onlar yalnız silahla deyil, eyni zamanda humanist yanaşmaları ilə də önə çıxdılar. Təcili yardımın çata bilmədiyi yerlərdə yaşlılara əl uzadan, təbii fəlakətlər zamanı yardım üçün ilk gedənlərdən olan polis əməkdaşları bu xalqın vicdan aynasıdır. Daxili işlər orqanlarında çalışan hər bir insana təşəkkür borcumuz var Bugünkü Azərbaycan polisi müasir texnologiyalarla təchiz olunmuş, peşəkar kadr potensialına sahib, vətəndaşla düzgün və şəffaf münasibətləri əsas tutan bir qurumdur. Bəzən cəmiyyətin tənqidi münasibətləri ilə üzləşsələr də, bu işin nə qədər ağır, məsuliyyətli və bəzən də təhlükəli olduğunu yalnız yaxından müşahidə edənlər anlayar. Hər bir polis forması geyinən şəxs ailəsindən ayrılıb növbəyə gedərkən geri dönəcəyinə zəmanət olmadan çıxır evindən. Bu səbəbdən onların bayramı, təkcə onların deyil, bütün xalqın minnətdarlıqla qarşıladığı bir gündür.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Avtosfer.az-a bu günə özəl müsahibə verib. O bildirib ki, bu gün Azərbaycan polisi öz peşə bayramının 107 illiyini qeyd edir.

“Bu 107 il ərzində, istər Cümhuriyyət dövründən sonra, istərsə də 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra həyata keçirilən tədbirlər, fəaliyyət istiqamətlərinin prinsipiallıqla, peşəkarlıqla, əzmkar şəkildə icrası və həyata keçirilməsi kifayət qədər məmnunluqla qarşılanır. Bu illər ərzində cinayətkarlıqla mübarizədə, dövlətin bu sahədəki siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində Azərbaycan polisi o dövrdə isə milisi Avropa ölkələrində nümunə ola biləcək səviyyədə fəaliyyət göstərib. O illərdən formalaşan ənənələr bu gün də davam edir. Əsas baza məhz həmin adət-ənənələr, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasıdır. Bununla yanaşı, cinayətkarlıqla mübarizə sahəsində də Azərbaycan polisi xalqın əsrlərlə qoruyub saxladığı milli-mənəvi dəyərlərin müdafiəsi istiqamətində mühüm işlər görməkdədir”.

Şəmsəddin Əliyev qeyd edib ki, 1-ci Qarabağ müharibəsində hələ milli ordu tam formalaşmamışdı. Həmin dövrdə döyüşən əsas qüvvələrdən biri Azərbaycan polisi idi:

“Döyüş ruhu o qədər yüksək idi ki, mən həmin müharibənin iştirakçısı, komandirlərindən biri kimi deyə bilərəm ki, kifayət qədər hərbi sursatımız yox idi, lakin sanki biz təkbətək, əlbəyaxa döyüşə gedirdik və düşməni məhv etmək üçün dişimizlə belə mübarizə aparmağa hazır idik. Bu mübarizədə 66 nəfər polis əməkdaşı Milli Qəhrəman adına, 86 nəfər isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. 2-ci Qarabağ müharibəsində isə 4 nəfər polis əməkdaşı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Bu çox ciddi və dəyərli bir göstəricidir. Azərbaycan polisi bu gün təkcə ölkə vətəndaşlarının deyil, burada akkreditə olunmuş diplomatik korpusun da yüksək məmnunluğunu qazanmışdır. Düşünürəm ki, bu çətin və şərəfli peşədə hər bir polis əməkdaşına onların fəaliyyət istiqamətlərini həyata keçirmək üçün təkmil təlimatlar və tapşırıqlar verilir və bu tapşırıqların icrasında da cinayətkarlıqla mübarizə xüsusi əhəmiyyət kəsb edir. Bəzən cinayətlər daha çox ağır və xüsusilə qeyri-aşkar şəkildə, cəmiyyətə bəlli olmayan formalarda baş verir. Bu kimi halların açılması üçün zaman, peşəkarlıq və əzm tələb olunur. Qeyd etdiyim kimi, Azərbaycan polisi bu sahədə də öz sözünü deyir və Avropa ölkələri ilə müqayisədə, əhalinin hər 100.000 nəfərinə düşən cinayətlərin sayına görə öndədir.

Sədr vurğulayıb ki, Avropada bu göstərici 4.000-6.000 arasında dəyişirsə, bizdə bu, hər 300.000 nəfərə düşür. O qeyd edib ki, ötən gün Daxili işlər Nazirliyinin Rusiyaya məxsus mətbuat orqanının ofisində keçirilən əməliyyatda da polislərimiz öz peşəkarlıqlarını nümayiş etdiriblər: “”Sputnik Azərbaycan”ın iki nəfər casusu ifşa olunub. Burada Azərbaycana qarşı, onun müstəqilliyinə və suveren hüquqlarına qarşı fəaliyyət göstərən casusluq şəbəkələrinin ifşa olunduğunu düşünürəm. Bu baxımdan Azərbaycan polisi əməliyyat-axtarış sahəsində də çox mühüm addımlar atır. Yalnız və yalnız ictimai təşəkkür və minnətdarlıq düşür Azərbaycan polisinə. Onlar ayıq-sayıq fəaliyyətləri ilə təkcə vətəndaşı deyil, eyni zamanda Azərbaycan dövlətinin və onun qanunvericilik sisteminin əsaslarına yönəlmiş təhlükələrin qarşısını almağa qadirdirlər”.

Sonda Şəmsəddin Əliyev başda Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün kollegiya üzvlərini, generalitet heyətinə və çoxminli polis əməkdaşlarına peşə bayramları münasibətilə uğurlar arzulayıb.

Milli Məclisin sabiq deputatı, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə saytımıza cəmiyyətin təhlükəsizliyinin qorunması istiqamətində ən böyük yükün Daxili İşlər Nazirliyinin üzərinə düşdüyünü bildirib.

“Azərbaycan polisi ölkədə ictimai-siyasi sabitliyin təminatçılarından biridir. Hüquq-mühafizə orqanları öz səlahiyyətləri çərçivəsində üzərlərinə düşən vəzifələri icra edirlər, lakin bu orqanların arasında polisin fəaliyyəti daha çox görünür və hiss olunur. Polis, istər dinc dövrdə, istər müharibə, istərsə də pandemiya kimi fövqəladə vəziyyətlərdə vəzifələrini ləyaqətlə yerinə yetirmişdir. Pandemiya dövründə qəhrəman həkimlərlə yanaşı, Azərbaycan polisi də insanların sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Komendant saatları və fövqəladə vəziyyət dövrlərində polisin fəaliyyəti xüsusilə diqqətəlayiq olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı da ictimai asayişin qorunmasında, daxildə sabitliyi pozmağa yönəlmiş cəhdlərin qarşısının alınmasında polis ön sırada dayanmışdır. Bu gün hər birimiz küçədə, nəqliyyatda və ya istirahət edərkən hansısa qanunsuzluqla qarşılaşdıqda müraciət edə biləcəyimiz ilk qurum məhz polisdır. Polisin gözcü xidməti o deməkdir ki, bir telefon zəngi ilə bir neçə dəqiqə ərzində polis əməkdaşı vətəndaşla əlaqə yaradır və dərhal hadisə yerinə gəlir. Bu xidməti dəyərləndirməmək mümkün deyil”.

Çingiz Qənizadə həmçinin qeyd edib ki, ölkədə iqtisadi çətinliklər və işsizlik səbəbilə cinayətkarlıqda müəyyən artım müşahidə olunur.

“Son aylarda cəzaçəkmə müəssisələrində keçirdiyimiz tədbirlərdə görürük ki, məhkumların böyük əksəriyyəti narkotik vasitələrin dövriyyəsi, oğurluq, dələduzluq və digər cinayət əməllərinə görə həbs olunublar. Bu halların qarşısının alınmasında polis orqanları gecə-gündüz çalışır. Həm oğurluq və dələduzluqlarla, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə digər hüquq-mühafizə orqanları ilə birlikdə səmərəli fəaliyyət göstərirlər. Bu cinayətkar şəbəkələrin ifşası, həmin şəxslərin tutulması və istintaqa təhvil verilməsi işində polisin rolu əvəzolunmazdır. Yol polisi ilə bağlı onu qeyd etmək olar ki, Azərbaycanda sürücülük mədəniyyəti hələ də aşağı səviyyədədir. İnsanlar bəzən qanunun tələblərini nəzərə almadan, istədikləri kimi davranırlar yüksək səslə avtomobil idarə etmək, yol hərəkəti qaydalarını pozaraq manevrlər etmək, qəzalara səbəb olmaq kimi halların sayı az deyil. Bu baxımdan, Azərbaycan Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Yol Polisi əməkdaşları olmasa, bir çox sürücü məsuliyyətsiz davranışlar nümayiş etdirərdi”.

Sabiq deputat deyir ki, bəzən insanlar sual edirlər ki, niyə bu qədər yol polisi və onların avtomobilləri yollarda görünür? Cavab sadədir: çünki qayda pozuntularına meylli sürücü sayı çoxdur və buna görə də inzibati nəzarət qaçılmazdır.

“Baş Narkotiklərlə Mübarizə İdarəsi, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Baş Cinayət Axtarışı İdarəsi və digər müvafiq qurumlarla birlikdə polis orqanları Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına xidmət edən çətin və şərəfli bir peşənin daşıyıcılarıdır. Onlar çətin şəraitlərdə ləyaqətlə və fədakarlıqla xidmət edirlər. Nəzərə alsaq ki, polis əməkdaşlarının əməkhaqqı yüksək deyil, lakin onlar yayın istisində, qışın soyuğunda, gecə-gündüz xidmət başında olaraq vətəndaşların təhlükəsizliyini təmin edirlər bu həqiqətən böyük fədakarlıqdır. Buna görə də hamılıqla polisə təşəkkür etməli, onların arxasında durmalı, fəaliyyətlərini təbliğ etməli və onlara etimad göstərərək ölkədə güvən içində yaşamağa davam etməliyik. Unutmamalıyıq ki, hüququmuz pozulduqda və ya təhlükə ilə üzləşdikdə, ilk olaraq yardımımıza çatan və bizi qoruyan qurum məhz polis orqanlarıdır. Bu gün polis orqanlarının peşə bayramı günüdür. Fürsətdən istifadə edərək, başda Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün Azərbaycan polisi əməkdaşlarının zabit və sıravi heyəti bu əlamətdar gün münasibətilə təbrik edirəm”.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev polisin peşə bayramı ilə bağlı açıqlamasında bildirib ki, polis cəmiyyətimizin təhlükəsizliyini və əmin-amanlığını qoruyan ən vacib təsisatlardan biridir. “Onun işi sadəcə qanunların icrasından ibarət deyil. Bu xidmət həm də böyük mənəvi məsuliyyətdir, insanlara arxayınlıq və inam bəxş edən gündəlik fədakarlıqdır. Hər birimiz bilirik ki, gecə-gündüz sərhəd tanımadan çalışan polis əməkdaşları bizim ailələrimizin rahatlığını, övladlarımızın təhlükəsizliyini təmin edirlər. Onların xidmətinin arxasında həm qətiyyətli dövlət siyasəti, həm də şəxsi fədakarlıq dayanır. Bu gün polisin fəaliyyətində möhkəm iradə və ardıcıl yanaşma xüsusi rol oynayır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq-mühafizə orqanlarının inkişafına böyük diqqət ayrılır. Prezidentin dəstəyi və göstərdiyi siyasi iradə nəticəsində Daxili İşlər orqanlarının müasir texniki imkanları güclənib, idarəetmə sistemi yenilənib və insanlara xidmət prinsipi ön plana çəkilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə polis xidməti həm peşəkarlığı, həm də vətəndaşlara açıq münasibəti ilə seçilir. Nazirliyin kollektivi cinayətkarlığa qarşı ardıcıl mübarizə aparır, ictimai qaydanı qoruyur və hər bir insanın hüquqlarının müdafiəsinə məsuliyyətlə yanaşır”.

Əliməmməd Nuriyev qeyd edib ki, ictimai asayiş yalnız qanunla deyil, həm də insanların inamı və qarşılıqlı etibarı ilə möhkəmlənir.

“Polis cəmiyyətin etimadını qazanaraq, ədalətə söykənən hüquq nümunəsidir. Bu xidmət təkcə vəzifə deyil, həm də mənəvi borcdur. Ona görə də, polisin fəaliyyəti dövlətimizin sabitliyi, qanunun aliliyi və hər bir vətəndaşın özünü təhlükəsiz hiss etməsi üçün əvəzsizdir. Hamımız əminik ki, prezidentimizin rəhbərliyi, daxili işlər orqanlarının qətiyyəti və polis əməkdaşlarının əzmlə xidmət etməsi nəticəsində Azərbaycan daha da güclü, daha da əmin-aman ölkə olaraq qalacaq. Bu gün Azərbaycan polisinin yaranmasının 107-ci ildönümüdür. Bu əlamətdar gündə bütün polis əməkdaşlarını və Daxili İşlər Nazirliyinin kollektivini ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və məsuliyyətli, şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Xidməti borclarını ləyaqətlə yerinə yetirən hər bir polis əməkdaşının əməyinə dərin hörmət və minnətdarlığımızı bildiririk”.

Bu gündəlik fədakarlığın, xalq sevgisinin, qanunlara sədaqətin timsalıdır. 2 iyul təkcə onların xidmətinin qeyd olunduğu tarix deyil, həm də bir millətin öz qəhrəmanlarına təşəkkür günüdür. Bu münasibətlə, Avtosfer.az saytı olaraq, bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edirik. Səbirli xidmətiniz, sakit duruşunuz, cəmiyyətə verdiyiniz dəyər üçün minnətdarıq. Bayramın mübarək, Azərbaycan polisi!

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
avtosfer.az

1Mənbələr