"Hazırda Rusiyada miqrantlara, digər millətlərdən olanlara qarşı aparılan siyasətin dövlət siyasəti olması heç bir şübhə doğurmur".
Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu siyasət birbaşa Kremlin göstərişi ilə həyata keçirilir:
"Üstəlik, son zamanlarda Rusiyada miqrantlara qarşı aparılan ayrı-seçkilik və aparteid siyasəti geniş yayılıb. Hesab edirəm ki, bunun əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətini itirmək qorxusudur".
Ekspert qeyd edib ki, Rusiya bu gün faktiki olaraq beynəlxalq aləmdən təcrid olunub:
"Bu ölkə Ukraynada müharibəyə görə çox ciddi təzyiqlərə məruz qalır və sərt sanksiyalar altındadır. Üstəlik, rəsmi Moskva dünya miqyasında tərəfdarlarını və müttəfiqlərini ardıcıl olaraq itirir.
Bəzi tərəfdarları hətta Rusiyanı açıq şəkildə müdafiə etməkdən də çəkinirlər. Belə şəraitdə isə Rusiyada hakimiyyət və dövlətin taleyi xeyli dərəcədə qeyri-müəyyən bir görüntü şəkilini alır".
Onun sözlərinə görə, bu şəraitdə hakimiyyətin itirilməsi qorxusu ölkənin daxilində hər cür repressiv adımların gücləndirilməsinə gətirib çıxarır:
"Beləliklə, hakimiyyətin itirilməsindən qorxan qüvvələr ölkənin daxilində hər cür mövcud və yaxud da ki, kenetik təhlükələrlə mübarizəni ön plana çıxardırlar. Beləliklə, Rusiyada bu gün aparılan fobiya və aparteid siyasətinin əsas səbəblərindən biri Kreml üçün mövcud hakimiyyətin itirilməsi təhlükəsidir".
Aydın Quliyev onu da diqqətə çatdırıb ki, Rusiyanın tarixən ambisiyalı, imperialist və işğalçı siyasət apardığını nəzərə almaq lazımdır:
"Bu gün də Rusiyada aparılan siyasətin ənənəvi bir siyasət olduğu görünür. Yəni 200 il ərzində aparılan siyasətin bu gün də özünü göstərməsi müşahidə olunur. Görünür, Rusiya imperialist və aparteid təfəkküründən əsla imtina etməyib. Orada azərbaycanlılara və digər millətlərə qarşı aparılan bu dözümsüzlük bu aspektdən də dəyərləndirilə bilər".
Pərviz