AZ

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var 

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, Kreml bu zəfəri keçmiş SSRİ ölkələri üzərində nüfuzunu bərpa etmək üçün fürsətə çevirə bilər. Bildirilir ki, əsas hədəf Cənubi Qafqaz olacaq, xüsusilə Azərbaycan və Ermənistan Moskvanın geosiyasi planlarında önəmli yer tutacaq. Bu isə regionda yeni gərginlik ocaqlarının yaranması riskini artırır.

Rusiyanın qələbə ehtimalı nə qədərdir? Proseslər bu yöndə cərəyan edə bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Rusiyanın Ukraynada qalib gəlməsi mümkünsüzdür:

“Onlar Ukraynaya daxil olduqları gündən məğlub olub. Hər iki ölkənin diplomatik və siyasi imkanları var idi. Moskva bu yolla Kiyevi Qərbə doğru addım atmaqdan, yaxud NATO-ya qoşulmaq niyyətindən əl çəkməyə razı sala bilərdi. Amma əks prosesin şahidi olduq. Bəlkə İsrail ilə İran münaqişəsində olduğu kimi, Ukrayna və Rusiya arasında atəşkəs əldə olunsa, tərəflər özünü qalib elan edə bilərlər. Kreml üçün ən yaxşı halda “Pir qələbəsi” (böyük itkilərlə əldə edilmiş, nəticə etibarilə məğlubiyyətə yaxın olan qələbə) mümkündür”.

Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu?

Politoloq bildirib ki, gələcəkdə iki ölkə arasında atəşkəs imzalanar və Moskva özünü “qalib” elan edərsə, başqa ölkələrə münasibətdə yeni addımlar atması gündəmdə olacaq:

“Rusiya əsrlərboyu imperialist bir dövlət olub. Lakin bu gün onlar dünya reallıqları ilə barışmalıdırlar. Kreml postsovet ölkələrinin müstəqilliyini qəbul etməli və münasibətlərini bərabər hüquqlar əsasında qurmağa çalışmalıdır. Əks halda, Moskva bu prosesdən uğursuz çıxacaq. Ukrayna müharibəsi fonunda Qərb dövlətləri, Avropa İttifaqı (Aİ) və ABŞ-ın tətbiq etdiyi iqtisadi, siyasi, diplomatik, mədəni, hərbi sanksiyalar Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurub, inflyasiya yüksək səviyyəyə çatıb. Böyük əraziyə, əhaliyə və güclü orduya malik olan bir dövlətin iqtisadiyyatının hazırkı durumu onun “şikəst” olduğunu, çətinliklərlə üzləşdiyini göstərir”.

Ekspert qeyd edib ki, Rusiyanın daxilində bir sıra qüvvələr postsovet məkanının yenidən onun ətrafında birləşdirilməsi ilə bağlı açıq şəkildə mövqe ortaya qoyur:

“Hökumət daxilində bu yanaşmanın dəstəklənməsi barədə addımlar atılır. Bu da gələcəkdə ciddi problemlərə yol aça bilər. Lakin Moskva unutmamalıdır ki, artıq hansısa bir dövlətlə, o cümlədən Azərbaycanla diktə dilində danışmaq dövrü çoxdan geridə qalıb. Bu dönəmdə belə cəhdlər etmək çox təhlükəlidir. Təbii ki, bunun məsuliyyəti Rusiya dövləti və onun rəhbərliyinin üzərinə düşəcək”.

Qeyd edək ki, “Postsovet ölkələri” ifadəsi 1991‑ci ildə Sovet İttifaqı dağılarkən müstəqillik qazanan 15 ölkəni əhatə edir.


Seçilən
11
referans.az

1Mənbələr