AZ

Süni intellekt inkişaf edir, "Google" hədəfdən uzaqlaşır - Son göstəricilər

“Google”un 2025-ci il davamlılıq hesabatında yayımlanan məlumatlar göstərir ki, şirkət ətraf mühitə dair öhdəliklərindən uzaqlaşmaqdadır. Hesabata əsasən, “Google”un “hədəf əsaslı emissiyaları” 2024-cü ildə 11 faiz artaraq 11,5 milyon metrik ton karbon qazına çatıb. Bu, 2019-cu illə müqayisədə 51 faiz artım deməkdir.

Valyuta.az xəbər verir ki, şirkət bu artımın bəzi hissəsinin özünün birbaşa nəzarətində olmadığını vurğulayır. Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişafı, enerji tələbatını proqnozlaşdırmağı və idarə etməyi çətinləşdirir. Bu qeyri-müəyyənlik səbəbilə, “Google” iqlim hədəflərinə çatmağın daha mürəkkəb bir problemə çevrildiyini bildirir.

Halbuki, şirkət 2030-cu ilə qədər karbon emissiyalarını 2019-cu ilin yarısı qədər azaltmağı qarşısına məqsəd qoymuşdu. Ancaq son məlumatlar bu hədəfə çatmağın getdikcə çətinləşdiyini göstərir.

Daha önəmli məqamlardan biri odur ki, hesabatda “hədəf əsaslı emissiya” anlayışı “Alphabet”in yalnız birbaşa təsiri olan emissiyaları əhatə edir. Yəni, alınan məhsul və xidmətlərdən tutmuş, işçi yemək proqramlarına qədər tədarük zəncirindən qaynaqlanan çirklənmə bu hesablamalara daxil edilmir.

Əlavə cədvəldə göstərilir ki, şirkətin ümumi karbon izi əslində 15,2 milyon metrik tona çatıb. Bu göstərici, təxminən 40 təbii qazla işləyən elektrik stansiyasının illik emissiyasına bərabərdir.

Təkcə “Google” deyil, “Microsoft” və “Meta” kimi digər texnologiya nəhəngləri də süni intellekt yatırımlarının artması ilə paralel olaraq enerji istehlakında ciddi artım yaşayır. Mütəxəssislərə görə, süni intellekt sistemlərinin enerji tələbi ilin sonuna qədər “Bitcoin” madenciliyindən daha yüksək səviyyəyə çata bilər.

Bəzi şirkətlər bu artan enerji tələbatına qarşı daha səmərəli həll yolları axtarır. Məsələn, enerji qənaətli süni intellekt modelləri hazırlayan “DeepSeek” kimi startaplar diqqət çəkir. Lakin digər tərəfdən, “Meta”nın ABŞ-ın Luiziana ştatında inşa etdiyi və təbii qazla işləyən böyük məlumat mərkəzi göstərir ki, sektor hələ də bərpa olunmayan enerji mənbələrinə üstünlük verir.

Üstəlik, ABŞ-da sabiq prezident Donald Tramp tərəfindən imzalanan və süni intellektə yönəlik məlumat mərkəzlərinin kömürlə işləyən enerji mənbələrinə keçidini təşviq edən fərman, ətraf mühitə dost siyasətlərlə ziddiyyət təşkil edir.

Hesabatda qeyd olunan müsbət məqamlardan biri budur ki, məlumat mərkəzlərindən qaynaqlanan karbon emissiyaları ötən il 12 faiz azalıb. Lakin bu azalma 2019-cu illə müqayisədə ümumi səviyyənin hələ də yüksək olduğunu dəyişdirmir.

“Google” əlavə olaraq bildirir ki, iqlim dostu enerji texnologiyalarının yayılmasındakı gecikmə, karbon tərkibli enerjidən imtinanın qarşısındakı maneələr və enerji siyasətlərindəki qeyri-sabitlik şirkətin davamlılıq hədəflərinə çatmasını çətinləşdirir. Şirkət bu dəyişkənliklərə uyğunlaşmaq üçün “elastiklik” prinsipini əsas götürəcəyini vurğulayır.

Paşa Məmmədli

Seçilən
8
valyuta.az

1Mənbələr