AZ

Həbs zamanı ölüm və "FSB agentləri": Azərbaycanla Rusiya arasında münaqişənin geosiyasətlə nə əlaqəsi var

Yekaterinburqda iki azərbaycanlının ölümü ilə bağlı yaranan diplomatik qalmaqal son bir ildə iki ölkə arasında ikinci ictimai mübahisəyə səbəb olub.

Bazar ertəsi Rusiyanın Sputnik agentliyinin Bakıdakı ofisində, deyilənə görə, iki "FSB agenti" həbs edilib.

Hakimiyyətə yaxın Azərbaycan nəşrləri Rusiya hökumətini və şəxsən Prezident Vladimir Putini tənqid edir. Moskvadan deyirlər ki, Rusiya hüquq-mühafizə orqanlarının hərəkətlərinə bu cür cavab vermək doğru deyil.

Lakin Bakının sərt cavabı regionun geosiyasətində baş verən böyük dəyişikliklərin nəticəsidir. Cəmi bir neçə il əvvəl bu cür faciələr iki ölkə arasında münasibətlərə elə də təsir etmirdi.

Ancaq indi Azərbaycan Moskvanın Cənubi Qafqazda "dominant roluna meydan oxuyan" regional dövlətə çevrilir, ekspertlər deyir və Rusiyaya qarşı iddiaları məhz bununla əlaqələndirirlər.

Üzr istəmək kifayət etməyəndə

Cümə günü Yekaterinburqda hüquq-mühafizə orqanları 2001, 2010 və 2011-ci illərdə qətl törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar. Həbs zamanı əslən azərbaycanlı olan Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olub. Daha bir neçə nəfər xəstəxanaya düşüb.

Azərbaycan mənbələri israr edirlər ki, Səfərovlar həbs edilərkən təhlükəsizlik qüvvələri tərəfindən "vəhşicəsinə öldürülüb". Rusiya İstintaq Komitəsi bildirib ki, qardaşlardan biri infarktdan ölüb, digərinin ölüm səbəbi dəqiqləşdirilir.

Hadisədən az sonra məlum oldu ki, faciə iki ölkə arasında münasibətlərə ciddi təsir edəcək.

Bakıda Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səfəri və rusiyalı musiqiçilərin konsertləri ləğv edilib.

Eyni zamanda, iqtidaryönlü Azərbaycan mətbuatı Rusiyanı sərt tənqid etməyə başlayıb. Bir məqalədə deyilir: "Qanlı divan tutmaq işində Putin Stalinin özünü üstələyib".

Digərində Yekaterinburq təhlükəsizlik qüvvələrinin hərəkətləri "cəzalandırıcı reyd" adlandırılıb.

Vəziyyət ötən ilin sonlarında Rusiya hava hücumundan müdafiə sistemlərinin səhvən Azərbaycan sərnişin təyyarəsini vurması ilə bağlı yaranmış böhranı xatırladır. Vurulmuş təyyarəni Qazaxıstana çatdırmağı bacaran pilotlar da daxil olmaqla, sərnişinlərin yarıdan çoxu həlak olmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan günahını etiraf etməyi və hərtərəfli araşdırma aparmağı tələb edib. Putin üzr istədi, lakin bu, kifayət etmədi. Təbliğat müharibəsi başladı, Bakı Rossotrudniçestvo strukturunun "Rus evi"ni casusluq ittihamlarından sonra bağladı, Rusiyanın dövlət nəşri olan "Sputnik"in bölməsinin bağlanmasını tələb etdi.

Lakin "Sputnik" işləməyə davam etdi. Və bu bazar ertəsi polis axtarışlarla ofisə gəldi. Nəticədə Rusiya agentliyinin iki əməkdaşı saxlanılıb - Azərbaycan mediasında onlar "FSB əməkdaşları"adlandırılıb.

Nəşrin rəhbəri İqor Kartavıx və əməkdaşı Yevgeni Belousov maskalı təhlükəsizlik qüvvələri tərəfindən binadan çıxarılıb.

"Biz Bakıdakı nümayəndəliyimizlə baş verənləri ədalətsizlik kimi qəbul edirik", - "Rossiya Seqodnya" agentliyinin rəhbəri Dmitri Kiselev bildirib. O əlavə edib ki, Bakının hərəkətləri "dövlətlərarası münasibətləri pisləşdirmə məqsədilə düşünülmüş addıma" bənzəyir.

Qarabağ Moskvaya və Bakıya necə təsir edib

Yekaterinburqdakı kimi, azərbaycanlılarla bağlı faciələr Rusiyada əvvəllər də baş verib, ancaq belə reaksiya doğurmayıb.

2021-ci ildə 19 yaşlı Vəkil Abdullayev Novosibirsk vilayətində güllələnib - iddia edilirdi ki, onu saxlayan yol polisi inspektoru həbs zamanı təsadüfən başından güllə ilə vurub. Məhkəmə inspektora bəraət verdi və o, işə qayıtdı. O vaxt araşdırma diaspor nümayəndələri və Azərbaycan parlamentinin üzvləri tərəfindən tənqid olunsa da, iş ən yüksək səviyyəyə çatmadı.

Ötən həftə Sankt-Peterburq məhkəməsi özlərini "Azərbaycan mafiyası" adlandıran bir qrup gənci həbs cəzasına məhkum edəndə də rəsmi reaksiya olmadı. Əslində, onlar yeniyetmələrdən ibarət treş-strimerlər dəstəsi idi - yoldan təsadüfi keçənlərə hücum edib və bunun videosunu çəkirdilər. 2023-cü ildə İstintaq Komitəsi onlarla məşğul olmağa başlayanda dəstə başçısı Azərbaycana qaçıb, lakin Moskvanın tələbi ilə geri qaytarılıb.

Lakin ekstradisiya məsələlərində Azərbaycan heç də həmişə müsbət cavab verməyib: bu il Bakı məhkəməsi qızının toyunun görüntüləri yayılandən sonra məşhurlaşan, Krasnoyarskdan olan keçmiş hakim Yelena Xaxalevanı Rusiya Federasiyasına qaytarmaqdan imtina edib. Bu toyda Valeri Meladze, Nikolay Baskov və digər rus estrada ulduzları oxumuşdu.

Mütəxəssislər bildirirlər ki, reaksiyanın daha yüksək olması iki ölkə arasında güc balansının dəyişməsinin nəticəsidir.

2020-ci ildə Azərbaycan Ermənistana qarşı müharibədə qalib gəldi və özünü regional lider kimi təqdim etməyə başladı. Azərbaycan artıq regionun ən böyük iqtisadiyyatı idi, əhalisi qonşu Ermənistan və Gürcüstanın cəmindən çox idi, lakin o həm də hərbi üstünlüyünü sübut etmişdi.

Və Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsi Moskvanın Cənubi Qafqazdakı mövqeyini zəiflətdi.

İşğaldan bir neçə gün əvvəl Putin və Əliyev müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzaladılar. Lakin bu ölkələr elə də real müttəfiq olmadılar - Azərbaycan Ukraynanın Rusiyanın ələ keçirdiyi ərazilərini "işğal olunmuş" adlandırır və Kiyevə humanitar yardım göndərir.

Lakin Moskva ən sərt sanksiyalar altında onu xarici dünya ilə birləşdirən layihələrdə iştirak etdiyi üçün Bakıya çox şeyi bağışlayır.

Azərbaycandan təkcə əsas qaz kəmərləri deyil, həm də Rusiyaya Asiya bazarlarına çıxış imkanı verən Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu keçir.

Nə dost, nə də düşmən

"Rusiya artıq Cənubi Qafqazda sərt güc mövqeyini təmsil edə bilməz", - bölgə üzrə britaniyalı tarixçi Tom de Vaal yazır.

Belə olan halda, Azərbaycan Rusiya ilə birbaşa rəqabət aparmır, lakin Rusiyanın Cənubi Qafqazda dominant roluna iddia edir, Karnegi Berlin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin əməkdaşı Zaur Şiriyev deyir.

Bakı istəməzdi ki, Rusiya Gürcüstanda əvvəlki təsirini bərpa etsin, xüsusən ona görə ki, əsas enerji və nəqliyyat marşrutları ondan keçir, Şiriyev qeyd edir.

Azərbaycan, həmçinin Ermənistanda qonşularla barışmağa və Dağlıq Qarabağ məsələsində tələblərdən qəti şəkildə imtina etməyə qarşı çıxan rusiyayönlü qüvvələrin hakimiyyətə gəlməsinə imkan verməyə hazır deyil.

Lakin Moskva ilə münasibətlərdəki ictimai böhranın başqa bir ünvanı da var - Qərb.

"Rusiyadan uzaqlaşmaq [Azərbaycan üçün] öz günahlarını Qərbdən gizlətmək üçün faydalıdır", - Cənubi Qafqaz üzrə mütəxəssis Kirill Krivoşeyev Azərbaycan həbsxanalarındakı onlarla jurnalist və müxalifətçiyə işarə edərək deyir.

Reallıqda Azərbaycan və Rusiya nə yaxın müttəfiqlər, nə də açıq-aşkar düşmənlərdir - bunların arasında bir şeydirlər, Karnegi Mərkəzindən Zaur Şiriyev deyir.

"Azərbaycan açıq şəkildə bildirir ki, daha Rusiyanın davranışını passiv qəbul etməyə hazır deyil, xüsusən də öz maraqları təhlükəyə uğradığı vaxt", - ekspert əlavə edir.

Seçilən
47
50
bbc.com

10Mənbələr