AZ

Yekaterinburq hadisələri kontekstində Azərbaycan-Rusiya münasibətlərinin yumşaldılması yolları...

2025-ci ilin iyun ayında Rusiyanın Yekaterinburq şəhərində baş verən polis reydi zamanı iki azərbaycanlı qardaş – Ziyəddin və Hüseyn Səfərovun öldürülməsi, 50-yə yaxın Azərbaycanlı Rusiya vətəndaşlarının saxlanılması Azərbaycan cəmiyyətində və dövlət strukturlarında dərin və haqlı narazılıq doğurmuşdu. Hadisə etnik motivli və qeyri-qanuni hərəkət kimi qiymətləndirildi və bu, Azərbaycan-Rusiya münasibətlərində ciddi diplomatik gərginliyə səbəb oldu.  
Mövcud gərginliyin səbəbləri
 
- Etnik motivli zorakılıq ittihamları: Azərbaycan tərəfi hadisəni etnik zəmində həyata keçirilmiş “demonstrativ və məqsədli qətl” kimi qiymətləndirib və bu doğrudan da belədir.
 
- Diplomatik addımlar: Azərbaycan Rusiya ilə birgə bütün mədəni tədbirləri ləğv edib və Rusiya rəsmilərinin səfərlərini qeyri-münasib hesab edib.
 
- Tarixi fon: Son illərdə Rusiya ilə münasibətlərdə artan narazılıq, o cümlədən 2024-cü ilin son günlərində Rusiya tərəfindən Azərbaycan sərnişin təyyarəsinin vurulması və Qarabağ məsələsində Moskvanın passivliyi bu gərginliyi daha da dərinləşdirib.
 
Bundan sonra nə etməli?
 
Mən həmişə bu cür suallara cavab vermək üçün dərin təhlil aparmağı üstün tuturam. Ümumiyyətlə, strateji istiqamət çox deyil, cəmi ikisini irəli sürmək olar: 
 
1. Dərin təhlil edib, gəlir-çıxar balansını müəyyən etmək, nə qazanacağıq və nə itirəcəyik hesab çıxarmaq  və nəticəyə görə hərəkət etmək. Doğrusu bütün müdrik insanların daimi  bu yoldan istifadə etdiyini görmək olar. 
 
2. Digər yolu, nəticə deyil, emosiyalarımızın sakitləşdirilməsi üçün, son üç gündəki hərəkətlərimizi davam etdirmək. 
 
Gəlin görək hansı daha faydalı olacaq. Məsələ burasındadır ki, Rusiya „böyük depressiya „ mərhələsinə qədəm qoyub, əlində nüvə silahını açar oynadan kimi fırladır, özünü məhv etməkdən belə çəkinmir. Mən bunu həmişə dağdan ayrılmış nəhəng dəyirmi qayanın parçalanaraq dığarlanmasına bənzədirəm. Kim o Cəhənnəm qayasının qabağına keçsə və ya ona yaxınlaşsa, onları da güman ki, Rusiya özü ilə götürəcək. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Hər bir ölkənin mənim zənnimcə, ən vacib işi bu nəhəng təhlükədən qorunmaq olmalıdır. Bu ölkə onsuz da parçalanır, onsuz da ölüm yolunu tutub, heç kim onun qarşısını ala bilməyəcək. Eyni Sovet sisteminin dağılması ssenarisi Rusiya üçün davam edir (eyni proqnozu 1980-ci ildə vermişdim, şahidlərim sağ-salamat fəaliyyətdədir). O vaxt da həmkarlarımla dəfələrlə bunu müzakirə etmişdik. Təəssüf ki, H. Əliyev yenidən ölkə rəhbərliyinə gələnə qədər, yalnız emosiyya üçün işlədik və nəticəsi bizim üçün çox ağır başa gəldi. Həmkarlarımla iki məsələ üzrə (MDB-yə üzvülük və Rus ordusunun dərhal çıxarılması) mübaisə gedirdi. Baxın indi nə təsirli MDB var, nə Rus ordusu (heç bir respublikada). Rus ordusunu Bakıdan, Gəncədən qovduq, hamısını Xankəndinə yerləşdirdilər (ölkənin nəzarət altında olan bir şəhərindən nəzarətdən çıxan başqa bir şəhərinə). Hər şeyin bir zamana ehtiyacı var.  İndi isə bir güllə atmadan rus ordusu bütün Azərbaycan ərazisindən çıxarıldı. Gələcək eyni ssenari ilə davam edəcək.
 
İkinci yolla, qazandığımız emossiyalaramızın sakitləşdirilməsi, itirdiyimiz isə çox şey olacaq. Əvvəla, 2 milyona yaxın soydaşımızın əmlakları talan ediləcək. Bu iki milyonun sərvəti bütün Azərbaycan Respublikası əhalisinin sərvətindən xeyli çoxdur. Ölkə içərisində bir nəfər də milyarder olmadığı halda, Rusiyada 6-7 Azərbaycanlı milyarder var. Bir milyarderin Rusiya büdcəsinə ödədiyi vergi az qala Azərbaycan büdcəsindən çoxdur. Belə gedişlə, 2 milyon əhalinin qara günləri başlayır. Rusiya ilə çalışan Azərbaycan iş adamlarını da ciddi zərbə gözləyir. Onsuz da böyük işsizlik olan ölkədə bu qədər əhalinin gəlişi  böyük işsizlik ordusu yaradacaq. 
 
Olan olub, keçən keçib, heç nəyi geri qaytarmaq mümkün deyil, həlak olanların ruhu şad olsun, qalanların həyatı və sağlamlığı haqqında , rəhmətə gedənlərin əmlakı haqqında düşünmək lazımdır. Onların biznesi haqqında düşünmək lazımdır. Sovet hüquq mühafizə sistemi Baltik ölkələrindən başqa bütün keçmiş Sovet ölkələrində, o cümlədən Rusiyada  eyni prinsiplə işləyir. Azərbaycan hüquq mühafizə orqanlarının Tərtər hadisələri zamanı törətdikləri ağır cinayətlər nəinki Rusiyada deyil, bütün dünyada görünməmişdir. 
 
Buna görə belə məqamda qətiyyən emossiya söndürülməsi yolunu tutmamalıyıq, 2025-ci ilə qədər olan çox  ustad siyasətinin bərpa olunması üzərində düşünməliyik. Tövsiyyə edə biləcəyim tədbirlər: 
 
Diplomatik Dialoqun Bərpası
 
- Yüksək səviyyəli görüşlər: Xarici işlər nazirləri və ya prezidentlər səviyyəsində birbaşa dialoq təşkil olunması məqsədəuyğundur.
 
- Tərəfsiz vasitəçilər: İslam konqresi Təşkilatı və ya BMT kimi beynəlxalq təşkilatların vasitəçiliyi ilə müstəqil araşdırma komissiyası yaradılması.
 
Nümunə:
 
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 2020-ci ildə Qarabağ müharibəsindən sonra keçirilmiş üçtərəfli Soçi görüşü kimi, bu dəfə də neytral bir ölkədə (məsələn, Qazaxıstan və ya Macarıstan) görüş təşkil edilə bilər. Bu görüşdə hadisənin hüquqi qiymətləndirilməsi və gələcək əməkdaşlıq mexanizmləri müzakirə oluna bilər.
 
Hüquqi və Ədalətli Araşdırma Tələbi
 
- Beynəlxalq müşahidəçilər: Hadisənin obyektiv araşdırılması üçün beynəlxalq hüquq müdafiə təşkilatlarının iştirakının təmin edilməsi.
 
- Rusiya tərəfinin şəffaflığı: Moskva hadisə ilə bağlı ictimaiyyətə açıq və əsaslandırılmış izahat verməlidir.
 
Nümunə:
 
Azərbaycan diaspor təşkilatları ilə Rusiya hüquq-mühafizə orqanları arasında birbaşa əlaqə kanalları yaradılaraq, gələcəkdə belə hadisələrin qarşısının alınması üçün erkən xəbərdarlıq və hüquqi yardım mexanizmləri qurula bilər. 
 
İctimai və Mədəni Körpülərin Qorunması
 
- Mədəniyyət dialoqunun bərpası: Gərginlik azaldıqdan sonra mədəni tədbirlər yenidən təşkil olunmalı, xalqlar arasında anlaşma təşviq edilməlidir.
 
- Media ritorikasının yumşaldılması: Hər iki ölkənin media qurumları nifrət ritorikasından çəkinməli, obyektiv və barışdırıcı mövqe tutmalıdır.
 
Nümunə:
 
2023-cü ildə keçirilmiş “Rusiya Mədəniyyəti Günləri” kimi tədbirlər, gələcəkdə “Azərbaycan-Rusiya Barış və Dostluq Həftəsi” adı altında yenidən təşkil edilə bilər. Bu tədbirlərdə hər iki ölkənin ziyalıları, sənətçiləri və tələbələri iştirak edərək xalqlar arasında anlaşmanı gücləndirə bilər.
 
Başqa bir nümunə:
 
Azərbaycanın Sputnik Azərbaycan ofisinin bağlanması və Rusiya jurnalistlərinin saxlanılması kimi addımların əvəzinə, hər iki ölkənin media qurumları arasında əməkdaşlıq memorandumu imzalanaraq, qarşılıqlı hörmət və obyektivlik prinsipləri əsasında fəaliyyət təşviq edilə bilər.
 
Regional Sabitlik və Tərəfdaşlıq
 
- Türkiyə və digər regional oyunçuların rolu: Azərbaycan və Rusiya arasında vasitəçilikdə Türkiyə kimi neytral tərəfdaşların rolu artırıla bilər. Yeri gəlmişkən, 2014-cü ildə Türkiyə Rusiya problem bu yolla həll edilmişdir. 
 
- Enerji və iqtisadi əməkdaşlıq: Qarşılıqlı iqtisadi asılılıq və enerji layihələri münasibətlərin sabitləşdirilməsində mühüm rol oynaya bilər.
 
Nümunə:
 
Türkiyə və Qazaxıstan kimi neytral və hər iki tərəflə yaxın münasibətləri olan ölkələrin vasitəçiliyi ilə üçtərəfli danışıqlar platforması yaradıla bilər. Bu, həm də regionda sabitliyin qorunmasına töhfə verər.
 
Nəticə
 
Yekaterinburq hadisəsi Azərbaycan-Rusiya münasibətlərində ciddi bir sınaq nöqtəsidir. Lakin bu hadisə eyni zamanda iki ölkə arasında daha şəffaf, ədalətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması üçün fürsət də ola bilər. Gərginliyin yumşaldılması üçün diplomatik çeviklik, hüquqi obyektivlik və ictimai dialoq əsas alətlərdir. Əgər bu istiqamətlərdə irəliləyiş əldə olunarsa, bu faciə gələcəkdə daha sağlam münasibətlərin təməlini qoya bilər.
 
Dərin hörmətlə, prof. Saleh Məmmədov
Seçilən
25
moderator.az

1Mənbələr