BAKI, 2 iyul. TELEQRAF
Bu gün Azərbaycan polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb.
Belə ki, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb.
Xüsusilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.
Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.
Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub.
Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb.
Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
Sonrakı illərdə də hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illərdə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf, modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Azərbaycan Polisi həm birinci Qarabağ müharibəsində, həm də ikinci Qarabağ müharibəsində qabaqlayıcı tədbirlər görüb.
Azərbaycan polisi Vətən müharibəsində böyük qəhrəmanlıq və əsl fədakarlıq göstərib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları işğal altındakı ərazilərimizin azad olunmasında xüsusi rəşadət nümayiş etdirib.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan polisi öz peşəsini şərəflə yerinə yetirib, vətəndaşlarımıza xidmət edib. Azərbaycan polisi dövlətin, xalqın keşiyində möhkəm dayanır. Polis-vətəndaş münasibətləri ildən-ilə dərinləşir, möhkəmlənir.
“Teleqraf”ın əməkdaşı peşə bayramı günündə polislərlə söhbətləşib.
Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, serjant Cavidan Məmişov bildirib ki, polis forması geymək uşaqlıq arzusu olub: “Nəhayət ki, bu arzuma çatmışam. Qürur hissi ilə deyə bilərəm ki, polis adını qazanmaq mənim ən böyük arzum olub. Uşaqkən polis, hərbçi görəndə hərbi salam verirdim. Özüm-özümə deyirdim ki, mən də böyüyəndə polis olacam, vətənimə, xalqıma ləyaqətlə xidmət göstərəcəm. Bu gün polis adını qürurla daşıyır və vətəndaşlarımızın təhlükəsizliyini və məmnunluğunu təmin etmək üçün var gücümlə çalışıram”.
O söyləyib ki, Post Patrul Xidməti olaraq ərazidə qeydə alınan hadisələrə dərhal reaksiya verirlər, qanuni tədbirlər görürlər:
“Vətəndaşların törətdiyi inzibati xətaların qarşısının alınması məqsədilə ilk növbədə onlara xəbərdarlıq olunur. Xəbərdarlıqlara məhəl qoyulmayanda isə qanuna müvafiq tədbirlər həyata keçiririk. Biz Post Patrul Xidməti olaraq vətəndaşların təhlükəsizliyi üçün hər gün xidmət başındayıq. Gecə-gündüz demədən vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə təmin edirik. Bu, bəzən çətin olur, amma xalqın etimadını qazanmaq bizim üçün hər şeydən üstündür. Bəzən insanlar bizə yaxınlaşaraq öz təşəkkürünü bildirəndə, eyni zamanda azyaşlı uşaqlar hərbi salam verəndə anlayırsan ki, bu, bir vəzifə deyil, həm də güvəndir. Qanun pozucuları, cinayətkarlar bizdən qaçır. Amma vətəndaşlar, mülki şəxslər bizə etibar edir, bizim yanımızda özlərini daha rahat, güvəndə hiss edirlər. Hesab edirəm ki, bu, Azərbaycan polisinin 107 ildə qazandığı ən böyük uğurudur”.
Cavidan Məmişovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının güvən yeri polisdir:
“Çünki darda olan hər kəs polisə müraciət edir. Polis də dərhal vətəndaşlarımızın müraciətlərinə reaksiya verir. Polislərimiz vətəndaşları çimərlikdə xilas edirlər. İtkin düşən şəxslərin tapılması istiqamətində işlər görür. Vətəndaş çətin anında polisə müraciət edir. Anasından, atasından ayrı düşən, onları axtaran azyaşlı uşaqların da ümid yeri polisdir. Həmin azyaşlı polis görəndə, özünü güvəndə hiss edir. Bu da bizi daha da qürurlandırır”.
Cavidan Məmişov deyib ki, bu peşəni seçən bütün həmkarlarına güc, dözüm, səbr diləyir: “Onları 2 İyul Polis Günü münasibətilə təbrik edirəm, tutduqları vəzifədə onlara uğurlar arzu edirəm”.
Səbail rayon Polis İdarəsinin Post Patrul Xidmətinin bölüyünün polis serjantı Özləm Məmmədova da bildirib ki, bu sahədə işləmək, daxili işlər orqanlarında xidmət göstərmək onun uşaqlıq arzusu olub:
“Artıq 3 ildir xidmət göstərirəm. Bilirsiniz ki, Azərbaycan turistik ölkədir. Öz vətəndaşlarımızla yanaşı, xarici vətəndaşlar da gəlib burada istirahət edirlər. Bununla əlaqədar ərazidə olan hər hansı neqativ hadisəyə polis əməkdaşı olaraq müdaxilə edirik. Bu peşəni uşaqlıqdan, məktəb vaxtından arzulayırdım. Bunu ailəmə bildirdikdə mənə dəstək oldular. İşimi sevərək görürəm”.
Ö.Məmmədovanın sözlərinə görə, hər peşədə olduğu kimi polis kimi xidmət göstərməyin də məüyyən çətinlikləri var:
“Bizdə də çətinliklər var, lakin işini sevərək gördükdə çətinlikləri olduqca asanlıqla həll etmək mümkün olur. Əsas odur ki, polis hər zaman vətəndaşı mühafizə edir. Hər zaman ərazidə xidmət aparır. Bir problem olduqda da dərhal müdaxilə edilir. Uşaqlar, valideynlər, ümumən vətəndaşlarla bağlı belə problemlər olur, ona dərhal müdaxilə edilir və yoluna qoyulur”.
“Teleqraf” İnformasiya Agentliyinin kollektivi daxili işlər orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, uğurlar arzulayır!