AZ

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin tədris prosesinə cəlbi yolverilməzdir -Ekspert

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.
Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sherg.az-a bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesində nəzərəçarpacaq dərəcədə yüksək güzəşt komponentinin tətbiq edildiyinin şahidi olduq:

“Bu güzəşt əsasən ilkin mərhələdə sertifikasiyadan uğur qazana bilməyən müəllimlərə şamil edilib. Halbuki, ali təhsil müəssisələrində dörd il ərzində pedaqoji biliklərlə yanaşı, müasir təlim metodikalarına yiyələnmək üçün təlim və kurslarda iştirak edən gənc mütəxəssislər sistematik inkişaf yolu keçirlər. Müəllimlər isə, illərlə tədris prosesində iştirak etmələrinə baxmayaraq, ixtisaslarına dair ən elementar bilikləri belə mənimsəmədiklərini ortaya qoyurlar. Əgər bir müəllim uzun illər sinif otağında fəaliyyətdə olub, lakin son nəticədə sertifikasiya imtahanında minimal nəticəni belə göstərə bilməyibsə, bu, onun pedaqoji fəaliyyətinin səmərəliliyini sual altına alır. Belə olan halda, haqlı olaraq cəmiyyət tərəfindən sual yaranır ki, bu müəllim illər ərzində şagirdlərə nəyi və necə öyrədib? Bu şəxslərin cəmiyyətin övladlarına bilik əvəzinə vaxt itkisi yaşatdığı qənaətinə gəlmək mümkündür. Dövlətin bu kontekstdə atdığı addım sertifikatlaşdırma prosesinin tətbiqi zəruri və məntiqli qərardır. Lakin qeyd etmək lazımdır ki, bəzi müəllimlər imtahan mərhələsinə çatmaq üçün bir neçə il ərzində hazırlanmalı olurlar. Elə hallar da mövcuddur ki, müəllim yalnız dörd ildən sonra imtahana buraxılır, lakin nəticə etibarilə minimal balı toplaya bilmir. Halbuki, sertifikatlaşdırma prosesində təqdim edilən tapşırıqlar əsasən elementar bilik və bacarıqlara əsaslanır. Bütün bu mərhələlərdən sonra Elm və Təhsil Nazirliyi müvafiq struktur bölmələr vasitəsilə həmin müəllimlərə dəstək məqsədilə komissiyalar təşkil edir, təlim və treninqlər vasitəsilə onların bilik və bacarıqlarının artırılmasına çalışır. Buna baxmayaraq, bir müəllim ikinci cəhddə də uğur qazana bilmirsə, onun sinifdə dərs demək hüququ ciddi şəkildə yenidən qiymətləndirilməlidir. Bu halda, onun tədris fəaliyyətinə davam etməsi pedaqoji keyfiyyət və təhsil standartları baxımından qəbuledilməzdir”.

Ekspertin sözlərinə görə komissiyaların yaradılmasını humanist və sosial məsuliyyətə söykənən bir addım kimi qiymətləndirmək olar:
“Lakin şəxsi mövqeyim ondan ibarətdir ki, təkrar sertifikasiyadan uğursuz nəticə göstərən müəllimlər üçün əlavə güzəştlərin nəzərdə tutulması məqsədəuyğun deyil. Çünki bu mərhələdə artıq seçim fürsəti arxada qalmış, qərar verən mexanizm isə prosesin nəticələrinə əsaslanaraq təhsilin keyfiyyətinə yönəlik addımlar atmalıdır. Sertifikasiya prosesində uğur qazana bilməyən şəxslərin məktəbdə təşkilati və texniki vəzifələrdə çalışmaları mümkün və faydalı ola bilər. Komissiya bu məqsədlə onların uyğunluğunu qiymətləndirə və alternativ vəzifələr təklif edə bilər. Lakin bu şəxslərin  birbaşa tədris prosesinə cəlb olunmaları, sinif otağında pedaqoji fəaliyyət göstərmələri təhsilin keyfiyyəti baxımından yolverilməzdir. Bu müəllimlər də cəmiyyətin üzvləridir, hər biri bir ailənin təmsilçisidir və onların sosial statusuna hörmətlə yanaşmaq vacibdir. Amma eyni zamanda nəzərə almalıyıq ki, təhsil prosesi də gələcək nəsillərin taleyinə birbaşa təsir göstərir. Bu səbəbdən, pedaqoji prosesdə kəmiyyət yox, keyfiyyət əsas meyar kimi qəbul edilməlidir. Təhsildə ümumi maraqlar yəni şagirdlərin hüquqları və gələcəyi fərdi emosional yanaşmalardan üstün tutulmalıdır”.
Seçilən
31
14
sherg.az

10Mənbələr