AZ

"Baş verənlər Azərbaycan-Rusiya münasibətlərinə ciddi kölgə saldı və aradan qaldırılması çətin olan çatlar yaratdı" - AÇIQLAMA

"Baş verənlər Azərbaycan-Rusiya münasibətlərinə ciddi kölgə saldı və aradan qaldırılması çətin olan çatlar yaratdı" - AÇIQLAMA"Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən cinayət hadisəsi haqlı olaraq Azərbaycan ictimaiyyətində və dövlət strukturlarında ciddi etirazla qarşılandı. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı kəskin bəyanat verdi. Eyni zamanda, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıldı və ona etiraz bildirildi. Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyada keçiriləcək bütün mədəni-kütləvi tədbirləri ləğv etdi. Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun rəhbərliyi ilə nümayəndə heyətinin Rusiya Dövlət Dumasına planlaşdırılmış səfəri də ləğv olundu. Bundan əlavə, Azərbaycan Respublikasının Baş Prokurorluğu Yekaterinburqda baş verən və soydaşlarımıza qarşı törədilən cinayətlə bağlı cinayət işi açdı. Bu gün Respublika Prokurorluğu tərəfindən keçirilən brifinqdə baş vermiş hadisəyə hüquqi qiymət verildi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Elman Nəsirov danışıb.

O, açıqlamasında qeyd edib ki, bütün bu hadisələr, əslində, Rusiyada şovinizm meyillərinin və etnik ayrı-seçkiliyin artmasının göstəricisi kimi qiymətləndirilə bilər:

"Bu tendensiyanın əsas sübutlarından biri də Rusiyada "etno-cinayətkarlıq" kimi ifadənin getdikcə daha geniş istifadə olunmasıdır. Yəni belə başa düşülür ki, cinayət törədən şəxsin milli mənsubiyyətinə əsasən ona hüquqi qiymət verilməlidir. Əgər o, rusdursa bir cür, qeyri-rusdursa başqa cür cəza verilməlidir. Bu, biabırçılıqdır. Sözün əsl mənasında bu, şovinizm, ayrı-seçkilik və irqçiliyin ifadəsidir.

Ən dəhşətlisi isə odur ki, Rusiyada bu cür hallar tək-tək kriminal elementlər tərəfindən deyil, birbaşa dövlət qurumları – Dövlət Təhlükəsizlik Xidməti və polis tərəfindən həyata keçirilir. Bu, doğrudan da dəhşətli və ciddi faktdır.

Baş verən hadisə Azərbaycan-Rusiya münasibətlərinə ciddi kölgə saldı və aradan qaldırılması çətin olan çatlar yaratdı. Hadisəyə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. Azərbaycan dövləti həm öz vətəndaşlarının, həm də dünyanın müxtəlif ölkələrində yaşayan etnik azərbaycanlıların hüquqlarının müdafiəçisidir. Bu prinsip Azərbaycan Konstitusiyasının 12-ci maddəsində də hüquqi baxımdan öz təsdiqini tapmışdır".

Vüsalə İbrahimli

Seçilən
13
sonxeber.az

1Mənbələr