AZ

Polislərimiz gecə-gündüz uğurla xidmət aparırlar - Samir Vəliyev

“İyulun 2-də Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu qərar rəmzi məna daşıyır. Çünki məhz bu tarixdə Xalq Cümhuriyyətinin polisi yaradılmışdı. Həmin təqvimin Azərbaycan Polisi Günü elan olunması Cümhuriyyət tariximizə olan böyük ehtiramın ifadəsidir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə güclü hüquq-mühafizə sistemi yaradılıb: "2003-cü ilin oktyabrından etibarən cənab İlham Əliyevin dövlətimizin başçısının kimi həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində isə daxili işlər orqanlarının da peşəkar fəaliyyətinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illərdə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir".

Millət vəkilinin sözlərinə görə, bu gün daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Seçilən
9
publika.az

1Mənbələr