AZ

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu başa çatıb

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu başa çatıb.

Far.Az report-a istinadən xəbər verir ki, forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) baş katibinin müavini Silapberdi Nurberdiyevin açılış nitqləri ilə başlayıb.

Daha sonra "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların rolu", "Şəhərsalmanın inkişafında qadınların rolu" və "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzularına həsr edilmiş panel sessiyalar keçirilib.

Yekun nitqlə çıxış edən Komitə sədri Bahar Muradova vurğulayıb ki, forum əyan etdi ki, qadınların bilik və bacarıqları dayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır:

"Biz müxtəlif ölkələrdən fikir liderlərinin düşüncələrini dinlədik. Bir araya gələrək qadınların "yaşıl gələcək"də rolundan bəhs etdik. Bir daha əmin olduq ki, qadınların bilik və bacarıqları dayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır. Azərbaycan olaraq prinsiplərə sadiqik. Qadınların iştirakçılığı üçün əlimizdən gələni edəcəyik. Tədbirin keçirilməsinə görə dəstək olanlara, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin nümayəndələrinə təşəkkür edirəm".

İƏT baş katibi Əsəd Məcid Xan isə təşkilatın tarixindən və fəaliyyətindən danışıb. O, forum iştirakçılarına minnətdarlığını bildirib və forumun məqsədlərinə nail olacağına ümid etdiyini vurğulayıb.

*** 08:57

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir.

Far.Az report-a istinadən xəbər verir ki, tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə "İƏT Həftəsi" çərçivəsində baş tutur.

Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.

Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq.

Forum İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün pltaforma rolunu oynayacaq.

Seçilən
16
6
far.az

10Mənbələr