AZ

Bu, Azərbaycan Polisinə göstərilən yüksək etimadın göstəricisidir Deputat

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“İyulun 2-də Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu qərar rəmzi məna daşıyır. Çünki məhz bu tarixdə Xalq Cümhuriyyətinin polisi yaradılmışdı. Həmin təqvimin Azərbaycan Polisi Günü elan olunması Cümhuriyyət tariximizə olan böyük ehtiramın ifadəsidir”.

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə güclü hüquq-mühafizə sistemi yaradılıb. 2003-cü ilin oktyabrından etibarən  cənab İlham Əliyevin dövlətimizin başçısının kimi həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində isə daxili işlər orqanlarının da peşəkar fəaliyyətinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illərdə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Millət vəkilinin sözlərinə görə, bu gün daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Samir Vəliyev qeyd edib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi: “Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq qəhrəmanlıq salnaməsi yaradıblar. Tariximiz qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 2023-cü il sentyabrın 19-da isə düşmənin basdırdığı minaların partlaması nəticəsində daha 6 nəfər, o cümlədən polis əməkdaşlarımız həlak oldu. Həmin gün Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı da qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində polis əməkdaşları öz canları hesabına yüksək peşəkarlıq göstəriblər. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar. Dünyada, o cümlədən regionumuzda baş verən mürəkkəb proseslər fonunda, milli dövlətlərin bir sıra təhdidlər və çağırışlarla üz-üzə qaldığı indiki şəraitdə Azərbaycan polisindən daim ayıq-sayıqlıq, çeviklik, peşəkarlıq tələb olunur. Mən Azərbaycan Polisinə bu çətin və şərəfli fəaliyyələrində uğurlar arzulayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
unikal.az

4Mənbələr