Masallı rayonunda 02 iyul 2025-ci il tarixdə Azərbaycan Polisinin yaranmasının 107 illiyi münasibətilə tədbir keçirilib.
İlk öncə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri və rayon polis şöbəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər güllər düzmüş və xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının inkişaf etdiyini, ictimai təhlükəsizliyin qorunmasında yüksək nəticələr və təcrübə qazandığını bildirib.
Bu gün də ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün hər cür şəraitin yaradıldığını və Azərbaycan Polisinin ölkəmizdə təhlükəsizliyin təmin olunmasında göstərdiyi xidmətlərdən söhbət açmışdır.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev Azərbaycanın ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb. O, ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.
Daha sonra çıxış edənlər hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və şəhid valideynləri polis əməkdaşlarına xoş arzularını çatdırıblar, bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən fəxri fərman təqdim olunub.
Polis əməkdaşları xidməti fəaliyyətlərində səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildiriblər.
Tədbir bədii hissə ilə yekunlaşıb.