İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəhbəri Məhəmməd Kazeminin İsrailin xüsusi əməliyyatı nəticəsində necə öldürüldüyü ilə bağlı şok detallar ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, mediada yayılan məlumatlara əsasən, Kazeminin və onun bir neçə yaxın həmkarının qətlə yetirilməsi, Mossad tərəfindən həyata keçirilən ağıllı kibermüdaxilə ilə mümkün olub.
Mənbələrin iddiasına görə, Mossad SEPAH daxilində istifadə olunan “həyəcan siqnalı və iclasa çağırış” sistemini hədəfə alaraq, kəşfiyyat rəsmilərinə saxta təcili toplantı çağırışı göndərib. Bu sistem əsasən fövqəladə hallarda yüksək səviyyəli şəxslərin mühüm və məxfi görüşlərə cəlb olunması üçün istifadə edilir.
İsrailin bu texnoloji müdaxiləsi nəticəsində SEPAH rəhbərliyi aldadılaraq mərkəzi kəşfiyyat binasında təşkil olunan saxta iclasa toplaşıb və orada planlaşdırılmış hücum nəticəsində öldürülüblər.
Qeyd edək ki, bu hadisə İranın təhlükəsizlik infrastrukturuna ciddi zərbə kimi qiymətləndirilir və bölgədə gərginliyin daha da artacağı istisna olunmur.
Natiq Səlim,
KONKRET.az