Bəhruz Quliyev: “Əgər təhdidlər reallaşarsa, bu, ilk növbədə Rusiyanın özünün regiondakı maraqlarına zərbə vuracaq”
Kremlə bağlı media resursları Azərbaycanın Yekaterinburq hadisələrinə verdiyi sərt reaksiya ilə bağlı belə bir ümumi tezis formalaşdırıblar: Azərbaycan hakimiyyəti Yekaterinburqdakı hadisələrə kəskin reaksiya verməməli, Rusiya hakimiyyətinin “məsələni araşdırırıq” açıqlamasıyla kifayətlənməli idi. Bu baş vermədiyinə görə, Kremlin media resurslarında Azərbaycana təzyiqin iki amili üzərində dayanıblar.
Birincisi, Kreml Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını dayandıra bilər. İkincisi, Kreml Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı sərt qərarlar qəbul edə bilər. Görünən odur ki, Kremldə yeni heç nə kəşf etməyiblər, “ənənəvi” təzyiq alətlərini işə salmaq barədə düşünürlər. Bundan əvvəl bənzər təzyiqlərin digər ölkələrə də edildiyinin şahidi olmuşuq. Ona görə də Rusiyanın siyasətində dəyişən bir şey yoxdur.
“Azərbaycan iqtisadi və diplomatik baxımdan kifayət qədər çevik və alternativli siyasət yürüdür”
Sözügedən məsələyə aydınlıq gətirən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar Rusiyada azərbaycanlılara qarşı yönəlmiş sistemli prosesin göstəricisidir: “Son dövrlərdə Rusiyada, xüsusilə Yekaterinburqda baş verən hadisə nə sadəcə bir kriminal insident, nə də sıradan bir etnik qarşıdurmadır. Bu, Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı yönəlmiş sistemli və təhlükəli tendensiyanın növbəti bariz nümunəsidir. Azərbaycan dövləti və cəmiyyəti buna susqun qalmamalı idi və qalmadı da. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan prinsipial və milli maraqlara söykənən siyasət çərçivəsində bu məsələyə dərhal və adekvat reaksiya verildi. Bu fonda, Kremlə bağlı media resurslarının “Azərbaycan hakimiyyəti sakit dayanmalıydı” kimi mövqelər səsləndirməsi həm əsassız, həm də qəbuledilməzdir. Bu, faktiki olaraq Azərbaycanın suveren iradəsinə və vətəndaşının hüquqlarını müdafiə etməsinə qarşı yönəlmiş bir mesajdır. Azərbaycan xalqına təzyiq vasitəsi kimi kənd təsərrüfatı məhsullarının ixracının dayandırılması və Rusiyadakı miqrantlarla bağlı sərt qərarların tətbiqi ilə hədələmək isə diplomatik etika və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Rusiya-Azərbaycan münasibətləri bir neçə media qurumunun emosional və siyasi sifarişli çıxışlarının əsasında müəyyən olunmamalıdır. Əgər bu təhdidlər reallaşarsa, bu, ilk növbədə Rusiyanın özünün regiondakı maraqlarına zərbə vuracaq. Azərbaycan iqtisadi və diplomatik baxımdan kifayət qədər çevik və alternativli siyasət yürüdür. Burada əsas məsələ odur ki, Azərbaycan vətəndaşının, harada yaşamasından asılı olmayaraq, hüquqları pozularsa, Azərbaycan dövləti susmayacaq. Biz təkcə öz vətəndaşımıza sahib çıxmırıq, həm də onun təhlükəsizliyini beynəlxalq hüquq normaları çərçivəsində tələb edirik. Bu məsələdə emosiyalarla deyil, dövlətçilik təfəkkürü və strateji yanaşma ilə danışmaq lazımdır. Azərbaycanın cavabı nə emosiya, nə də populizm idi – bu, milli məsuliyyət və dövlət ciddiyyəti idi. Əlavə olaraq qeyd edim ki, Rusiyanın bu addımları ticari-iqtisadi və diplomatik münasibətlərin zədələnməsinə gətirib çıxara bilər. Bu isə, faktiki olaraq, ağır durumda olan Rusiyaya ciddi təsirini göstərəcək”.
Vidadi ORDAHALLI