AZ

İlham Əliyev Dubayda Paşinyanla sülh sazişini müzakirə edəcək? – İDDİA

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bu ayın sonlarında Dubayda görüşməyə hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bu iddia “Middle East Eye” saytında yer alıb. Mənbə xatırladır ki, hazırda tərəflər arasında sülh sazişi ilə bağlı danışıqlar davam edir.

İki lider sonuncu dəfə bu ilin mayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində görüşərək, əlaqələri açıq saxlamaq öhdəliyi götürmüşdülər.

Mart ayında Ermənistan və Azərbaycan sülh sazişinin layihəsi üzrə razılığa gəlsələr də, Bakı sənədin imzalanmasından öncə bir neçə əlavə şərt irəli sürür.

Azərbaycanın əsas tələbləri aşağıdakılardır:

Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə dair istinadların çıxarılması;

Ermənistandakı Avropa İttifaqı Monitorinq Missiyasının (EUMA) fəaliyyətinin dayandırılması;

ATƏT-in Minsk Qrupunun ləğvi (Bakı bu qurumu son 30 ildə qərəzli fəaliyyət göstərməkdə ittiham edir).

Ermənistan və Azərbaycan arasında münaqişə 1993-cü ildə, Sovet İttifaqının dağılmasından sonra “Dağlıq Qarabağ”ın işğalı ilə başlamışdı.

2020-ci ilin payızında baş vermiş 6 həftəlik müharibədən sonra Azərbaycan 2023-cü ilin sentyabrında bölgəni tam nəzarətə götürmək üçün hərbi əməliyyat keçirdi və atəşkəs əldə olundu. Nəticədə əksər etnik ermənilər bölgəni tərk etdi, qondarma “Artsax Respublikası” isə 1 yanvar 2024-cü ildə ləğv olundu.

Məlumata bələd iki mənbə nəşrə bildirib ki, Dubayda planlaşdırılan görüş müsbət siqnaldır və bu, onu göstərir ki, tərəflər fikir ayrılıqlarına baxmayaraq, dialoqa sadiqdirlər.

Ekspertlərin fikrincə, gələn il Ermənistanda keçiriləcək seçkiləri nəzərə alsaq, Paşinyan yaxın müddətdə konstitusiya referendumu keçirə bilməyəcək.

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinə bələd olan digər bir mənbə qeyd edib ki, Prezident İlham Əliyev BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyanla yaxın əlaqəyə malikdir.

Mənbənin sözlərinə görə, BƏƏ Cənubi Qafqazda münasibətləri yaxşılaşdırmaq üçün danışıqlara ev sahibliyi etməkdə maraqlıdır.

İyun ayının 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan həm Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbətlər zamanı “Cənubi Qafqazda və Yaxın Şərqdə sülhün təmininə yönəlmiş səylər” müzakirə olunub.

Natiq Səlim,

KONKRET.az

Seçilən
28
50
konkret.az

10Mənbələr