AZ

STM-də “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində təqdimatı keçirilib

Sosial Tədqiqatlar Mərkəzində (STM) “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində təqdimatı keçirilib.

"Report"un məlumatına görə, STM İdarə Heyətinin sədri Zahid Oruc çıxışında İrəvan xanlığının mətbəxinin eyni zamanda Azərbaycanın min illərlə yaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmət etdiyini deyib.

O qeyd edib ki, kitabın ingilis dilində nəşri beynəlxalq elmi dairələr üçün yeni tədqiqat imkanları açır:

"Mətbəx mədəniyyəti üzərindən tarix yazmaq müasir mədəni təhlükəsizlik strategiyasının bir hissəsidir".

Kitabın müəlliflərindən olan kulinariya eksperti Tahir Əmiraslanov vurğulayıb ki, nəşr tək reseptlər toplusu deyil, həm də dərin tarixi-etnoqrafik tədqiqat əsəridir:

“Kitabda 413 yemək və içkinin resepti, onların hazırlanma texnologiyası, istifadə olunan məhsullar və alətlər ətraflı təsvir olunub. Arxivlərdə araşdırmalar aparılıb, yaşlı nəsillə müsahibələr edilib. Məqsəd saxtalaşdırılan tarixi düzgün göstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır.”

Kitabın layihə rəhbəri Qivami Rəhimli isə bildirib ki, əsər yalnız mətbəx haqqında məlumat verməklə kifayətlənmir, həm də milli mədəni yaddaşı, regionun sosial və tarixi kontekstini oxucuya təqdim edir:

“Biz bu kitab vasitəsilə İrəvan xanlığının gündəlik həyatını, məişətini, təsərrüfat sistemini və mədəni reflekslərini oxucuya çatdırmağa çalışmışıq. Bu həm də Azərbaycanın qədim dövlətçilik tarixinin bir parçasının süfrə üzərindən təqdim olunmasıdır.”

Əməkdar jurnalist Telli Pənahqızı çıxışında bildirib ki, bu layihə Azərbaycanın mədəni təhlükəsizliyi və mədəni diplomatiyası baxımından strateji əhəmiyyətə malikdir:

“Mətbəximiz təkcə milli özünütəsdiqin deyil, həm də mədəni müqavimətin bir vasitəsidir. Bu əsər eyni zamanda, gələcək nəsillərə miras buraxılacaq mədəni kodların daşıyıcısıdır”.

Qeyd edək ki, kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşların ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardan istifadə ediblər. Əsərin strukturu kulinariya reseptlərindən savayı, tarixi izahlar və sosial kontekstə dair qeyd və analizləri də əhatə edir. Bu yanaşma kitabı həm də ensiklopedik səciyyə daşıyan bir mənbəyə çevirir.

Seçilən
27
9
report.az

10Mənbələr