AZ

Fridrix Merts: “Amerikanın təhlükəsizlik çətiri altında yaşadığımız dövr başa çatıb”

Almaniya kansleri Avropanı öz müdafiə məsuliyyətini daşımağa çağırdı

Almaniyanın federal kansleri Fridrix Merts ABŞ-ın Avropa təhlükəsizliyi sahəsindəki rolunun zəifləməsi fonunda qitənin öz müdafiə imkanlarını artırmasının vacibliyini vurğulayıb. O, bu fikirləri Alman Banklar İttifaqının toplantısında çıxışı zamanı səsləndirib.

“Biz Amerikanın təhlükəsizlik memarlığının pəncərəsindən baxıb yaşadığımız dövrü arxada qoymuşuq. Artıq özümüz üçün işləməli, öz təhlükəsizliyimizi təmin etməliyik,” – deyə kansler bildirib.

Merts Avropa liderlərini ümumi məsuliyyəti bölüşməyə və qitənin strateji suverenliyini gücləndirməyə çağırıb. Onun sözlərinə görə, Almaniya bu missiyanı yerinə yetirmək üçün kifayət qədər resursa, institusional təcrübəyə və hərbi potensiala malikdir.

Kansler çıxışında vurğulayıb ki, Almaniya öz möhkəmliyi və rifahı ilə hər zaman məsuliyyətli qərarlar və normativ çərçivələr üzərində qurulub.

“Bizim nailiyyətlərimiz iqtisadi möcüzə deyil, düzgün və strateji dövlət idarəçiliyinin nəticəsidir,” – deyə o əlavə edib.

Mertsin çıxışı həm daxili siyasi mesajlar, həm də NATO və Avropa İttifaqı daxilindəki tərəfdaşlara ünvanlanmış strateji xəbərdarlıq kimi qiymətləndirilir.

Kanslerin bəyanatı ABŞ Prezidenti Donald Trampın Avropadakı qoşunların sayını azaltmaq planları fonunda səslənib. Hazırda Avropada 80 minə yaxın ABŞ hərbçisi yerləşir və Pentaqonun 2025-ci ilin sonuna qədər bəzi kontingentləri geri çağıracağı gözlənilir.

Bu dəyişiklik Avropada müdafiə planlaması və hərbi koordinasiya üçün yeni mərhələnin başlanğıcı sayıla bilər. Fridrix Mersin ritorikası da göstərir ki, Almaniya bu mərhələyə passiv müşahidəçi kimi deyil, təşəbbüskar aktor kimi daxil olmaq niyyətindədir.

Eyni zamanda, Fridrix Mertsin çıxışı Avropanın müdafiə müstəqilliyi ilə bağlı artan debatların bir hissəsidir. Onun açıq şəkildə “özümüzə yardım etməliyik” çağırışı Avropanın NATO daxilində “ABŞ-ın uzantısı” olmaqdan çıxaraq suveren və məsuliyyətli təhlükəsizlik sisteminə keçməsi ideyasını gücləndirir.

Bu, həm də Avropa İttifaqı daxilində Fransa və Almaniya arasında liderlik rəqabətini dərinləşdirə bilər. Paris uzun müddətdir “strateji muxtariyyət” ideyasının müdafiəçisidir, lakin Berlinin daha açıq və qətiyyətli mövqeyə keçməsi güc balansını dəyişə bilər.

Alman kansleri Fridrix Mertsin bəyanatı Avropanın post-Amerika dövrünə hazırlıqsız olmadığını göstərən siyasi siqnaldır. Bu çıxış yalnız ABŞ-Avropa münasibətlərinin transformasiyasına deyil, həm də Almaniyanın regional və qlobal liderlik iddialarına işarə edir.

Bir sözlə, Avropanın təhlükəsizlik arxitekturası dəyişir — bu dəfə Brüsseldən çox Berlinin xəritəsi ilə...

Səbuhi MƏMMƏDOV

XQ

Seçilən
21
32
xalqqazeti.az

10Mənbələr