Azərbaycan Respublikası Nazirlər Kabineti 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların texniki uçotunun aparılması Qaydaları”nda dəyişiklik edib. Qərar 2024-cü il 7 may tarixli “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunun və həmin qanunla əlaqədar digər qanunvericilik aktlarında edilən dəyişikliklərin icrası məqsədilə qəbul olunub.
Yeni dəyişikliyə əsasən, Qaydaların 4-cü hissəsinin “a” bəndinə əlavə edilən yeddinci abzasda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələrinin də texniki uçot obyektlərinə daxil edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, həmin bəndin əvvəlki yeddinci – onuncu abzasları müvafiq olaraq səkkizinci – on birinci abzaslar hesab ediləcək.
Qərar, süni torpaq sahələrinin hüquqi və texniki baxımdan uçotunun aparılması üçün normativ əsasların daha da təkmilləşdirilməsini nəzərdə tutur.