AZ

DİM iyulun 13-də imtahan verəcək abituriyentlərə müraciət edib

Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmin tarixdə III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da keçiriləcək.

DİM-dən Hafta.az-a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər. İmtahan iştirakçıları “dim.gov.az” saytı ilə yanaşı, “my.gov.az” portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək buraxılış vərəqəsini çap edə bilərlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

 

Seçilən
10
28
hafta.az

10Mənbələr