AZ

Azərbaycan-Özbəkistan əlaqələri – beynəlxalq münasibətlərə daha bir örnək - ŞƏRH

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib. Prezident İlham Əliyev və Özbəkistan liderinin iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Keçmiş sovetlər dövründə Türk dövlətlərinin əhalisi bir-birindən ayrı düşmüşdü. Yaxınlaşma, yaxud ona cəhd olanda isə Moskva və əlaltıları belə insanları “pantürkçü”, “panturançı”lıqda təqsirli sayır, beynəlmiləlçilik ideologiyasına zidd “millətçilikdə” ittiham edirdilər.

Lakin təzyiq və təqiblərə baxmayaraq, qardaş xalqlar arasında mədəni əlaqələr sovet dönəmində də inkişaf edib. 60 il öncə azərbaycanlı rejissor Tofiq Tağızadənin çəkdiyi “Görüş” filmi mədəni, sosial əlaqələrə aid ən bariz nümunədir. Yeri gəlmişkən, bu film 2019-cu il mayın 7-də Azərbaycan Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında dövlət varidatı” elan olunan filmlərin siyahısına daxil edilib.

Özbəkistan Stalin repressiyası illərində azərbaycanlılar üçün, məcburi də olsa, sığınacaq yeri olub. 1966-cı il aprelin 26-da Daşkənd yaxınlığında Rixter şkalası üzrə 8-9 bal gücündə zəlzələdən sonra şəhərin bərpasında Azərbaycan Respublikası da yaxından iştirak edib.

Hazırda 70 minə yaxın azərbaycanlı Özbəkistan həyatının sosial, ictimai, iqtisadi və başqa sahələrində fəal iştirak edir.

Türk dövlətləri müstəqilliklərini bərpa etdikdən sonra onlar arasında yaxınlaşma sürətlənib. Müstəqilliyin ilk illərində dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun böyük xidmətləri olub. İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı tərəflər arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşib.

Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşıb. Onun 1970-ci illərdə Özbəkistan SSR-in lideri Şərəf Rəşidov, ondan sonra - 1990-cı illərdə isə İslam Kərimovla dostluq münasibətlərini də qeyd etmək yerinə düşər.

Dövlətlər arasında belə milli-mədəni bağlılıq, siyasi rəhbərliyin iradəsi və cəmiyyətlərin istəyi əlaqələrin genişlənməsinə təkan verir.

Tərəflər arasında diplomatik münasibətlərin qurulmasının bu il 30 illiyi olacaq.

Prezident İlham Əliyev də Özbəkistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Birinci dəfə Prezident seçiləndən sonra ilk səfərlərindən birini məhz bu ölkəyə etməsi bunu isbatlayır. Onun 2004-cü il martın 23-24-də Özbəkistana səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.

2024-cü il avqustun 23-də Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalayıblar.

Bu sənəd strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyub.

Təsadüfi deyil ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə Özbəkistan birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. O, bu günlərədək işğalçı fəaliyyəti və siyasətinə görə Ermənistanla diplomatik əlaqə qurmayan tək-tük dövlətlərdəndir.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Prezident Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə 960 şagird yerlik məktəb tikilib. Bu təhsil ocağı Mirzə Uluqbəyin adını daşıyır.

Prezident İlham Əliyev bununla bağlı bildirib: “Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub”.

Bu gün Özbəkistan bir çox istiqamətlər üzrə Azərbaycan üçün cəlbedicidir. Qeyd edək ki, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon dollar, 2024-cü ilin ilk beş ayında isə bu rəqəm 69 milyon dollar təşkil edib.

Prezidentin də vurğuladığı kimi, “Özbəkistan dost, qardaş ölkədir”.

Azərbaycan Orta Dəhlizin aparıcılarından biri olduğu üçün Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə beynəlxalq dəmiryol layihəsində iştirakda maraqlıdır. Özbəkistanda iqtisadi sahədə aparılan islahatlar bu ölkəyə sərmayə qoymaqda üstünlüyə səbəb olan amillərdəndir.

Ölkələr arasında ikitərəfli əlaqələr Türk Dövlətləri Təşkilatının da güclənməsinə, ortaq maraqların reallaşmasına təkan verər.

Odur ki, Azərbaycanla Özbəkistan əlaqələri iki Türk dövləti arasında beynəlxalq münasibətlərə örnək olacaq daha bir hadisədir. Dövlət başçısı Şavkat Mirziyoyevin səfəri, Prezident İlham Əliyevlə görüşü, liderlərin açıqlamaları, imzalanan sənədlər örnək sayılacaq əməkdaşlıq yaradacağına ümidləri artırır.

Seçilən
4
report.az

1Mənbələr