AZ

İki qardaş və müttəfiq ölkə yeni hədəflər müəyyən edir

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

İyulun 2-də Azərbaycanda dövlət səfərində olan qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası dostluq və müttəfiqlik münasibətlərinin ruhunu bir daha nümayiş etdirdi. İclas çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrinin müzakirəsi tərəflər arasında münasibətlərin keyfiyyətini, müttəfiqliyin xarakterini bir daha əks etdirdi.

Eyni milli dəyərlərə ortaq din, dil və tarixi ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı bu sıx bağlılıq dövlətlərarası həmrəyliyi daha da möhkəmləndirməkdədir. Azərbaycan və Özbəkistanın dövlət başçılarının yürütdüyü uzaqgörən siyasət, son üç ildə davamlı xarakter alan qarşılıqlı səfərlər, habelə yüksək səviyyəli şəxslərin mütəmadi təmasları ikitərəfli münasibətlərin zirvəyə çatmasında mühüm rol oynayıb.

2024-cü il avqustun 23-də cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələri rəsmi formada müttəfiqlik münasibətlərinə yüksəltdi.

Prezident İlham Əliyevin mətbuata bəyanatında da xatırlatdığı kimi Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqdirlər, bu tarixi anlaşma beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyət, dəstək və çoxistiqamətli plan və layihələrin həyata keçirilməsində möhkəm hüquqi bünövrə kimi çıxış edir. “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik”.

Mərkəzi Asiyanın ən inkişaf etmiş dövlətlərindən biri olan Özbəkistanın iqtisadi uğurları Azərbaycanın da misilsiz nailiyyətlərinin artmasına güc qatır, birgə regional iqtisadi potensialı şaxələndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistanın sürətli inkişafı, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsi böyük maraq və sevinclə qarşılanır. “Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq”.

Hər iki dövlət qarşılıqlı iqtisadi, ticari, investisiya potensiallarını artırmaq yönündə iradəli addımlar atır. Birgə investisiyaların artırılması üçün biznes icmaları və dövlətlərarası İnvestisiya Fondunun imkanlarının yüksəldilməsi də əsas prioritetlərdəndir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrin icrasını təmin edir və 10-dan çox layihənin, investisiyanın artıq icra mərhələsində olması bunu təsdiqləyir.

Nizamnamə kapitalı 500 milyon dollar olan İnvestisiya Fondu sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən şirkətlərin vahid sərmayə proqramlarına cəlb edilməsində əlaqələndirici maliyyə institutu rolunu oynamaqla regional sərmayələri təşviq edəcək.

İqtisadi-investisiya siyasətinə töhfə verən biznes icmasının artan fəallığı qarşılıqlı dövriyyənin yüksəlişini də təmin etməkdədir. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 200 milyon dollara yaxın olub. Halbuki, bu potensialı ən azı 3-4 dəfə artırmaq mümkündür və hər iki tərəf bunu öz bəyanatında ifadə etdi. Strateji hədəf qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək bir milyard dollara çatdırılmasıdır. Buna hər iki tərəfin gücü və iradəsi də imkan verir.

Azərbaycan və Özbəkistan regional nəqliyyat habının əsas mərkəzi coğrafiyasında strateji qərar tutur. Hər iki dövlət Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) aparıcı oyunçularıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi “Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq. Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.

Eyni zamanda, iki dövlət mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsində də sıx əməkdaşlıq edərək Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasında iradəli mövqe sərgiləməkdədir.

Özbəkistan Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində də yaxından iştirak edir, Füzulidə Özbəkistan Hökumətinin maliyyə dəstəyi ilə ilk məktəb inşa edilib, Özbəkistan sərmayələri və texnologiyaları sayəsində 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və bu, sənaye istehsalının inkişafına və əhalinin məşğulluğuna töhfə verir.

İki dövlət arasında imzalanan yeni sənədlər isə münasibətlərdə yeni səhifənin açılmasında hüquqi-iqtisadi təməllər olacaq. Ələlxüsus da, Prezidentlərin iştirakı ilə mübadilə olunan Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı müstəsna əhəmiyyətə malikdir. Eləcə də, 2025‒2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını (“Yol xəritəsi”)”, gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu və 2025‒2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı aqrar-sənaye zəncirlərinin qurulmasında mövcud imkanları səfərbər edəcək. Digər imzalanan sazişlər də elm, təhsil, humanitar, elmi, mədəni sahələrdə əməkdaşlığın güclənməsinə dərin töhfələr verəcək.

Bakının mərkəzində Özbəkistan səfirliyinin yeni binasının açılışı da siyasi-diplomatik təmasların inkişafında mühüm rol oynayacaq.

Bir sözlə, tərəflər bütün siyasi-iqtisadi, humanitar və s. sahələrdə ortaq maraq və mənafe blokunda birləşib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bəyan etdiyi kimi iki dövlətin bütün məsələlərdə fikirləri üst-üstə düşür və birgə qərarlar bütün platformalarda irəliyə doğru yollar açır. “Bizim yaxşı nəticələrimiz var. Mən əminəm ki, gələcək üçün yaxşı perspektivlərimiz olacaq”.

Beləliklə, Azərbaycan və Özbəkistan arasında yeni siyasi-iqtisadi münasibətlərin strateji, müttəfiqlik səviyyəsində inkişaf etdirilməsi çoxşaxəli əlaqələrin dinamikasını və regional əhəmiyyətini daha da artırmış olacaq.

Ramid Namazov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr