AZ

"Sovet dövrünün təsirindən çıxa bilməyən insanlar var ki, hələ də öz dilinə hörmət edə bilmirlər" - Psixoloq

"Onun övladı etdi, mənimki də etməlidir" - düşüncəsi yarış deyil, tələskənlikdir. Təəssüf ki, bəzi valideynlər bu yanaşmanı təhsildə də tətbiq edir. Uşağını öz ana dilində tam mənimsətmədən, "müasirlik" adı ilə xarici dillərdə təhsil verməyə tələsir. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirdi ki, hər bir ölkənin etnik psixoloji xüsusiyyətləri var ki, bunun da kökündə həmin xalqa məxsus adət-ənənələr durur:

"Bu adət-ənənələr illər boyu həmin xalqların milli dəyərlərindən, adətlərindən, vətəninə, torpağına, bayrağına verdiyi hörmətdən, sevgidən bəhs edir. Qısacası, həmin xalqların özünəməxsus inancları, adətləri, bayramları özünəməxsusluğu ilə digər ölkələr arasında tanınır. Azərbaycan xalqı qədim tarixə malik xalqdır. Tarix boyu müharibələr, mübarizələr aparmış, öz torpağına, bayrağına, dilinə, adət-ənənələrinə sadiq qalıb. Təəssüf ki, tariximizə nəzər salsaq, bəzən müstəqilliyimizi itirmiş, başqa ölkələrin himayəsi altına düşmüşük. Bu da xalqımızın etnik psixoloji xüsusiyyətlərinin dəyişməsinə yol açıbdır. İnsanların başqa dilə meyl etməsi də burada özünü göstəribdir. Bəli, indi müstəqil, azad bir ölkədə yaşayırıq. Ancaq bəzi insanların hələ də öz dəyərlərinə, dilinə hörmət etməməsi, geri dönə bilməməsinin şahidi oluruq. Bu da onların psixoloji zəifliyindən, əsarətindən, asılılığından xəbər verir. Əlbəttə, bu, yaxşı hal deyil".

Psixoloqun sözlərinə görə, insanın bir neçə dil bilməsi çox gözəldir.

"Hər bir valideyn istəyər ki, övladı savadlı olsun və öz dövlətinə, xalqına yararlı olsun. Ancaq biz bunları edərkən bizim üçün əsas olan dəyərləri, vətənimizi, dilimizi, dinimizi sevməyi, ona olan dəyəri itirməməliyik. Hər bir insan ilk öncə öz dilini bilməlidir. Təəssüf ki, xüsusilə də sovet dövrünün təsirindən çıxa bilməyən insanlar var ki, hələ də öz dilinə hörmət edə bilmirlər və övladlarını bilik üçün deyil, müasirlik adı altında başqa dilləri öyrənməyə, öz ana dilində deyil, xarici dillərdə təhsil almağa vadar edirlər. Amma anlamaq lazımdır ki, belə uşaqlarda vətənə, ölkəsinə, tarixinə, dilinə, bayrağına hörmət digər uşaqlardan aşağı formalaşır. Necə ki, vaxtilə onların valideynlərində olub. Çünki ilk öncə o, öz ölkəsinin tarixini bilmir. Hər bir insan ilk öncə öz dilində danışmalıdır, tarixini bilməlidir, sonra başqa dillərə özünü inkişaf etdirmək üçün yönəlməlidir. Çünki ana dili bilmək insan üçün bir fəxrdir", - deyə Günay Kərimi vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr