AZ

Rus deputat Bakının etirazlarına Rusiyaya siyasi hücum dedi - cavabını da aldı...


Mətin Məmmədli: “Rusiyadövlət olaraq üzərinə düşəni etməlidir”

“Yekaterinburqda xüsusi xidmət orqanlarımız güclü əməliyyat keçirib. Onlar etnik mütəşəkkil cinayətkar qrupun onlarla üzvünü saxlayıb. Qətllər, surroqat ticarət, biznesdə “daydaylıq”- hər şey sənədləşdirilib, hər şey qanuna uyğundur. Və birdən - Bakıdan diplomatik isteriya”.

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy deyib. O qeyd edib ki,Azərbaycan hakimiyyəti Rusiyanı qəddar hərəkətlərdə ittiham edir: “Rusiya tədbirlərini: tamaşaları, konsertləri, hətta “Şelkunçik”, “Düyməcik”, “Master və Marqarita”nı qadağan edib. Bakıda öz evimizi təmizlədiyimiz üçün üzr istəməyimizi gözləyirlərsə, qoy bunu unutsunlar. Rusiya sürünmür!”.

Məlum açıqlamadan da bəlli olur ki, Rusiya tərəfi Azərbaycanı ittiham edir. Maraqlıdır, onlar məlum açıqlama ilə nə demək istəyir?

“Rusiya hakimiyyət dairələrinin deputatlarının, siyasətçilərinin verdiyi açıqlamalar onu göstərir ki, bizim gözləntilərimizi yerinə yetirmək niyyətində deyillər”

Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya hakimiyyət dairələrinin deputatlarının, siyasətçilərinin verdiyi açıqlamalar onu göstərir ki, bizim gözləntilərimizi yerinə yetirmək niyyətində deyillər: “Bizim gözləntilərimiz, istəyimiz ondan ibarətdir ki, Rusiyada yaşayan soydaşlarımıza qarşı törədilən vəhşillik, zorakılıq faktı düzgün araşdırılsın, obyektiv nəticə elan olunsun və günahkarlar cəzalandırılsın: “Məlum hadisə zamanı 2 soydaşımız vəhşicəsinə qətlə yetirilib, işgəncə altında öldürülüb. Ancaq görünür ki, ruslar bizim istəklərimizi yerinə yetirmək niyyətində deyil. Onu da deyim ki, Rusiya hakim dairələri tez-tez “etnik mütəşəkkil cinayətkar qrup” ifadəsini səsləndirir. Bu ifadə konkret olaraq bir etnik qrupu cinayətdə ittiham etmək deməkdir. Onların bu açıqlamaları normal yanaşma deyil. Belə bir məşhur deyim var: “cinayətkarın milliyyəti olmur”. Ancaq görünən odur ki, aydın məsələlər, həqiqətlər ruslar üçün keçərli deyil.“Etnik mütəşəkkil cinayətkar qrup” ifadəsi qəbuledilməz yanaşma tərzidir. Rusların məlum davranışı bizim tərəfimizdən qəti şəkildə pislənilir, qəbul edilmir.Onlar dövlət olaraq üzərinə düşəni etməlidir. Ancaq ruslar bizim gözləntilərimizi etmək fikrində deyillər”.

Həmsöhbətimiz hesab edir ki, baş verən hadisələr iki ölkə arasındakı münasibətlərə təsir edir və edəcək.

Günel CƏLİLOVA

Seçilən
24
baki-xeber.com

1Mənbələr