AZ

Araz Ağalarova və “LUKoyl”a qarşılıq Azərbaycan bunları edə bilər...


Firdovsi Şahbazov: “Hazırda ölkəmizdə 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir”

Məlum olduğu kimi, Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.

Bu barədə fərdi borcluların reyestrinin məlumatlarında deyilir.

Kartotekaya əsasən, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsini versə də, proses iyunun 26-da başlayıb. Məlumat üçün qeyd edək ki, Araz Ağalarov “Crocus Group”un sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə "Forbes"in "Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yerdə qərarlaşıb.

Bundan başqa, “LUKoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev Rusiyada saxlanılıb. O cümlədən, digər azərbaycanlı iş adamına məxsus bazarı dağıdıblar.

Görünən odur ki, Rusiyada azərbaycanlı iş adamlarına qarşı müəyyən addımlar atılmağa başlayıb. Azərbaycanlı iş adamlarına edilən bu ədalətsizliyə cavab olaraq Rusiyanın ölkəmizdəki biznesinə qarşı hansı addımlar atıla bilər? Azərbaycanda Rusiyanın ən böyük şirkətləri hansılardır? Azərbaycan bu konteksdə onlara nə edə bilər?

“Azərbaycan baş verənlərə cavab olaraq onların biznes fəaliyyətini məhdudlaşdıra bilər”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Azərbaycanda böyük iqtisadi şəbəkəsi mövcuddur: “Azərbaycan baş verənlərə cavab olaraq onların biznes fəaliyyətini məhdudlaşdıra bilər. Nəticədə Rusiya iqtisadi baxımdan bundan böyük itki ilə çıxacaq. Hazırda Azərbaycanda 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Rusiya tərəfindən ölkəmizin iqtisadiyyatına 6,2 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırılıb. Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” zavodu ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılmasını buna misal göstərmək olar. Azərbaycanda fəaliyyət göstərən ən böyük Rusiya şirkətləri arasında "LUKoyl", "Rusiya Dəmir Yolları" (RZD), "VEB.RF" və "R-Pharm" kimi şirkətlər yer alır. Bu şirkətlər müxtəlif sahələrdə, o cümlədən neft-qaz, nəqliyyat, maliyyə və əczaçılıq sahələrində fəaliyyət göstərir. Rusiya dövlətinə məxsus olan RZD şirkəti Azərbaycanda dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərir. Rusiya dövlət korporasiyası olan "VEB.RF" şirkəti Azərbaycanda müxtəlif investisiya layihələrinə cəlb olunub. Bundan başqa, əczaçılıq sahəsində fəaliyyət göstərən "R-Pharm" şirkəti Azərbaycanın "VİTA-A" müəssisəsi ilə birlikdə ölkəmizdə əczaçılıq zavodunun yaradılması üçün memorandum imzalayıb. Qarabağın bərpasında podratçı olaraq rus şirkətləri iştirak edir, bir sıra tikinti materealları Rusiyadan gətirilir. Ukrayna müharibəsindən sonra Rusiyanın bir sıra İT şirkətləri Bakıda fəaliyyət göstərir. Deməyim odur ki, azərbaycanlı iş adamlarına qarşı fəaliyyət dayanmayacaqsa, o zaman Rusiyanın ölkəmizdəki biznesi məhdudlaşdırıla bilər. Çox güman ki, belə də olacaq”.

Vidadi ORDAHALLI

Seçilən
5
32
baki-xeber.com

10Mənbələr