AZ

İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - ŞİKAYƏT

Bakıda "N" saylı hərbi hissənin hərbçisi Vətən müharibəsi iştirakçısı Şıxaliyev Emil Sehrab oğlu bir vaxt etdiyi yaxşılığın indi əziyyətini çəkir.

O, redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır:

“Bildirmək istəyirəm ki, mən Şıxaliyev Emil Sehrab oğlu 19 ildir ki, Azərbaycan Ordusunda xidmət edirəm. Ordumuzun qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin iştirakçıyam. Bu xidmətlərimə görə, “Vətən müharibəsi iştirakçısı” medalı və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla təltif edilmişəm. Ailəliyəm, 3 övladım və böyük oğlum da peşəmi davam etdirmək üçün hazırda hərbi məktəbdə təhsil alır. Özüm isə bütün bu illəri kirayələrdə yaşayıram və bunun da səbəbi var və ona görə də sizdən kömək istəyirəm”.

E.Şıxaliyev deyir ki, Laçın sakini Qalib İsgəndərovun dələduzluğunun qurbanı olub:

“Laçın rayon sakini İsgəndərov Qalib Haqverdi oğlu “Acces Bank” QSC-dən kredit götürərkən qohumluq əlaqələrimiz olduğuna görə məndən xahiş etdi ki, ona zamin durum. Mən də buna etiraz etmədim və kömək məqsədi ilə Qalib İsgəndərova zamin durdum və o, istədiyi məbləğdə bankdan kredit götürdü. Onun digər zamini isə öz həyat yoldaşı İsgəndərova Xumar Ziyəddin qızıdır. Qalib Haqverdiyev bir müddət banka krediti ödəsə də, sonradan ödənişi etməkdən imtina etdi. Buna görə də “Access Bank” QSC Qalib Haqverdiyevi məhkəməyə verdi. Məhkəmə isə cavabdehin krediti ödəməsi ilə bağlı qərar qəbul etdi.

Beləliklə, Ədliyyə Nazirliyinin Suqmayıt şəhəri üzrə İcra İdarəsindən mənə göndərilən məktubda bildirilir ki, Laçın rayon Məhkəməsinin 2(047)-484/2016 saylı, 30.03.2016-cı il tarixli icra sənədinə əsasən İsgəndərova Xumar Ziyəddin qızından, İsgəndərov Qalib Haqverdi oğlundan və Şıxəliyev Emil Sehrab oğlundan, yəni məndən müştərək qaydada 12749.17 ABŞ dollar və 20 manat dövlət rüsumu tutularaq iddiaçı “Access Bank” QSC-nin xeyrinə ödənilsin. Həmçinin o da qeyd olunur ki, nəzərdə tutulan məbləğin ödənilməsi üçün mənim əmək haqqımın 50 faizi tutularaq banka ödənilsin”.

Şikayətçi bildirib ki, Qalib İsgəndərovun qardaşı Aslan İsgəndərov Sumqayıt Məhkəməsində hakim köməkçisi işlədiyi üçün o qadaşını məsuliyyətdən yayındırır:

“Bu gün Qalib İsgəndərov banka olan kredit borcunu ödəmədiyi üçün mənim əmək haqqımın 15, veteranlıq pulum isə 50%-i bank tərəfindən tutulur. Bunun da çox maraqlı səbəbi var. Belə ki, Qalib İsgəndərovun qardaşı Aslan İsgəndərov Sumqayıt şəhər Məhkəməsində hakim köməkçisi işlədiyi üçün qardaşını məsuliyyətdən yayındırır. Buna görə də yuxarı təşkilatlara etdiyim şikayət məktubları da Sumqayıt Məhkəməsinə göndərildiyi üçün Aslan İsgəndərov bu işi ört-basdır edir. Elə adama sual verərlər ki, əgər sən düzgün məhkəmə işçisisənsə, niyə haqlı qərar qəbul etmirsən? Qardaşını məsuliyyətdən yayındırıb, bütün ödənişləri mənim əmək haqqımdan tutulmasına şərait yaradırsan. Hələ bu azmış kimi İsgəndərov qardaşları mənim özümü ölümlə hədələyirlər”.

Səhhətində ciddi problemləri olan veteran illərdir ki, ailəsi ilə kirayələrdə yaşadığını bildirib:

“Mən Qalib İsgəndərova zamin olduğum üçün özüm indiyə kimi ipotekaya mənzil ala bilməmişəm. Xəstəyəm və səhhətimdə ciddi problemlərim var. Çox təəssüflər olsun ki, hələ də kirayələrdə sürünürəm. Sizdən xahişim odur ki, Qalib və qardaşı Aslan İsgəndərovların məsuliyyətə cəlb edilməsi və mənim problemimin həll edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz”.

Redaksiyadan: Yazıda adları hallanan şəxslərlə əlaqə saxlamaq istəsək də, mümkün olmadı. Amma biz yenə də qarşı tərəfi də dinləməyə hazırıq.

Seçilən
11
kommersant.az

1Mənbələr