AZ

"Bizi yaşadan xalqımızın sevgisidir" 

Sanki min illərin nəğməsidir... "Dünya sənin, dünya mənim, dünya heç kimin"...

Bu dünyaya gələn hər kəs "mənimdir" deyib onu ömrünə yoldaş, sevincinə şərik, dərdinə ortaq bilir. Həm də sonucunu bilə-bilə... Bəlkə ona görə ki, dünya sevilməməsi mümkün olmayacaq qədər gözəldir, əsrarlıdır. Yaşı bilinməsə də, adına "qoca dünya" desək də, əslində, heç qocalmır. Hər doğulan uşaqla yenidən uşaqlaşır, gəncləşir, yaşa dolur... Zaman adlı qatarının sərnişinləri bu minvalla dəyişir. Dəyişməyən bircə özüdür. Gecələri, gündüzləri milyon il əvvəl olduğu kimidir. Bəşər övladına uzun görünən qərinələr onun üçün qısa, hər ili bir nəfəs dərimlikdir. Dörd fəslinin hərəsində bir başqa cür bəzəyir hüsnünü. Hər fəsildən-fəslə üz tutduqca şəkildən-şəklə düşür. Bənzərsiz anları ilə gah xoş ovqat, gah qüssə verir...

Əbədi olan dünyanın özüdür. Qalanı gəldi-gedərdir...

Bu həqiqətdən bəhs edir nəğmə. Sözün qüdrəti, Musiqinin ahəngdarlığı, Səsin sehrinə qarışır. Xalq artisti Niyaməddin Musayev oxuyur:

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin, 

Dünya mənim,

Dünya heç kimin...

Təkcə dinləyicilərini deyil, özünü də özündən alır oxuduğu nəğmə. Ömrünün xatirələrində sıralanmış anları bir-bir gözlərinin önündən keçir...

"Qalanı xatirədir..."

İllər ötür, izləri qəlbimizdə və yaddaşımızda qalır. Niyaməddin Musayevin bir mahnıda oxuduğu kimi: "Qalanı xatirədir..."

Ömrünün səksən beşinci ilini yola salan sənətkarla həmsöhbət oluruq. Müsahibimizlə yubiley söhbətinə xatirələrinin yaxın etdiyi uzaq illərdən başlayırıq. Niyaməddin Musayev 1940-cı ildə dünyaya gəldiyi İmişli rayonunda keçən uşaqlıq çağlarını yada salır.

O, dünyanın dərd üzünü uşaqlıq illərində görüb. Niyaməddin Musayevin bir yaşı olanda atası Cabbar vəfat edib. Özündən yeddi yaş böyük qardaşı İnqilabla analarının ümidinə qalıblar. Xınaş ana iki övladının tək pasibanı olub: "Bizi anamız saxladı. - Niyaməddin Musayev danışır. - Anam bizi əziyyətlə böyütdü. Keçmişdən sandıqda nə qalmışdısa, o idi. Hər sandığı açanda yığışırdıq başına..."

Xınaş ananın ümidləri övladları ilə birlikdə böyüyür, arzuları qol-qanad açırdı. Ana çalışırdı ki, gün-güzəran qayğıları uşaqlarının təhsil almasına maneə yaratmasın. İkisi də yaxşı oxusun, ali savadlı olsun.

Niyaməddin Musayev ilk təhsil illərini - oxuduğu orta məktəbi yada salır: "O vaxt İmişli rayonunda bircə məktəb vardı. Milis idarəsinin yanında yerləşirdi. Mən də həmin məktəbdə təhsil alırdım".

Onun bənzərsiz səsinin fərqinə Niyaməddin hələ uşaqkən vardılar, istedadını gördülər. Əslində, ailələrində məlahətli səsə malik olmaq yalnız Niyaməddin Musayevin qismətinə düşməmişdi: "Mənə qədər ailəmizdə musiqi sənətini seçən olmamışdı, - deyir. - Amma atamın, qardaşımın gözəl səsləri olub. Özləri üçün zümzümə ediblər. Bu sahəyə xidmət məndən başladı".

Musiqi sənətində ilk kövrək addımlarını atdığı illərdən söz açır Niyaməddin Musayev: "Məktəbimizdə bədii özfəaliyyət kollektivi fəaliyyət göstərirdi. Gördülər ki, səsim yaxşıdır. İkinci sinifdə oxuyanda məni həmin bədii özfəaliyyət kollektivinə cəlb etdilər. Elə o cəlb olunmaqla bu günlərə gəldim".

"İlk oxuduğunuz mahnılar yadınızdadır?" sualımıza cavab olaraq  Niyaməddin Musayev o zaman ifa etdiyi mahnılardan birinin adını çəkir: "Qaçaq Nəbi"ni oxuyurdum. "Nəbinin bığları eşmə-eşmədir. Papağı güllədən deşmə-deşmədir". Belə mahnılar oxuyurdum". 

Qardaşı İnqilab da, o da kiçik yaşlarından analarının onların yolunda əziyyətlərə qatlaşdığını görürdülər. Hələlik dərslərini yaxşı oxumaları, ədəb-ərkanları ilə analarının zəhmətinə dəyər verirdilər. İnqilab orta məktəbi bitirdikdən sonra İqisadiyyat İnstitutuna daxil oldu. Niyaməddin Musayev danışır: "Qardaşım institutu bitirdi, öz rayonumuzda işlədi. İmişli rayon istehlak cəmiyyəti sədrinin müavini idi. Atam da, qardaşım da ticarətçi olublar. Mən də sonralar, 1979-cu ildə İqtisadiyyat İnstitituna daxil oldum. 1983-cü ildə institutu bitirdim. Görünür, İqtisadiyyat İnstitutunda oxumağıma qardaşımın təsiri oldu. Amma musiqi sənətindən ayrılmadım, bu sahəyə xidmət etdim..."

Uşaqlıq illərindən Azərbaycan musiqisinə, muğamlarına könül vermişdi. Bu sənətlə birlikdə addım-addım gələcəyinə yol gəlirdi. Müsahibimiz ömrünün xatirələrini vərəqləyir: "1954-cü ildə məni Bakıya olimpiadaya, 1956-cı ildə isə festivala gətirdilər. "Şuşa yaylağı" mahnısını ifa edirdim:

Ana vətənimsən

Eşqim, həvəsimsən,

Mənim ürəyimsən.

Şuşa yaylağı.

O vaxt bəstəkar mahnıları oxuyurdum. Orta məktəbi bitirdikdən sonra İmişli Rayon Mədəniyyət Evində metodist, bədii rəhbər işlədim".

"Gələcəkdə röyalarda olacağam"

Onun musiqi sənətinə bağlanmasında muğamlarımızın böyük rolu olub. Hələ uşaqlıq illərində hər gün günortalar radio vasitəsilə yayımlanan konsertlərdə səslənən muğamlar balaca Niyaməddini sanki sehirləyirdi. Elə xanəndəliyə də o vaxtlar başladı: "Mən muğam ifaçısı olmuşam. Estrada janrına sonralar keçdim. 1968-ci ildə "Muğam-68" müsabiqəsinin qalibi oldum. Əfrasiyab Bədəlbəyli məni Opera və Balet Teatrına dəvət etdi. 1969-cu ildə Bakıya gəldim. Opera teatrına yox, Filarmoniyaya getdim. Gördülər ki, hazır müğənniyəm. Məni işə götürdülər".

1974-cü ildə məşhurlaşdı. Bütün Azərbaycanda tanındı, sevildi. Solo konsertləri keçirildi. İfa etdiyi, dillər əzbərinə çevrilən bir sıra mahnıların musiqisini də özü yazırdı. 1978-ci ildə bəstələdiyi və oxuduğu "Kölgəm qədər", "Röya" mahnıları bu qəbildəndir. 

1978-ci ildə yaratdığı, bədii rəhbəri olduğu "Röya" vokal-instrumental ansamblı adı, ifaçıları və mahnıları ilə ilk günlərdən diqqəti çəkdi, böyük maraq oyatdı. Elə həmin il "Röya" ansamblının valı buraxıldı.

Niyaməddin Musayev xatırlayır: "Bir gün filarmoniyanın qapısından içəri girəndə şair Bəxtiyar Vahabzadə və Maestro Niyazi ilə üz-üzə gəldim. Bəxtiyar Vahabzadə məni saxladı. Dedi ki, "Niyaməddin, ansamblının ifasına qulaq asdım, çox gözəldir. Ansamblın adını niyə "Röya" qoymusan?" Cavab verdim ki, gələcəkdə röyalarda olacağam. İkisi də güldü. Bəxtiyar Vahabzadə dedi ki, elə hamımız röyalarda olacağıq, çox orijinal bir addır. Sonradan  mən o adı qızıma qoydum. Dedim ki, qoy bu ad ona yadigar qalsın. Hətta bir çoxu qızına Roya adını verdi. Mənim adım ağır addır, uzun addır. Amma mən müğənni kimi tanınandan sonra neçə-neçə insan uşağının adını Niyaməddin qoydu. Bu sənətə olan istəklərinə, ifamı bəyəndiklərinə, sevdiklərinə görə... Mən də çox xoşbəxt adamam ki, balalarının adını Niyaməddin, Röya qoyurlar".

Azərbaycanda milli estrada janrının yaradıcısı

Niyaməddin Musayev Azərbaycanda milli estrada janrının yaradıcısı oldu. Yeni yol açmaq asan deyil. Milli estrada xalqımız üçün yeni idi. Niyaməddin Musayev deyir: "Əlbəttə ki, çətinliklər oldu. Azərbaycanda estrada var idi. Amma truba, saksafon, akkordion kimi musiqi alətlərindən istifadə olunurdu. Bunların da özünəməxsusluğu, gözəlliyi var. Mən milli musiqi alətlərimizi də ansambla qoşdum. Milli ruhda bir ansambl yarandı. Qərb musiqi alətləri ilə milli musiqi alətlərinin birləşməsini, sintezini etməklə o səslənməni aldım. İndi çoxu o janrda, o səpkidə mahnılar oxuyur. Bunun özü böyük xoşbəxtlikdir".

Niyaməddin Musayev deyir ki, "Röya" vokal-instrumental ansamblı yalnız ifa etdiyi musiqilərlə, mahnılarla yenilik gətirmədi. İfaçılar geyimləri ilə də fərqləndilər. Geyimdən söz düşmüşkən, sovet rejiminin qadağalarını yada salaq. O dövrdə müğənnilərə, musiqiçilərə geyimlərə, saç düzümünə görə də qadağalar qoyulurdu. Soruşuruq: "Siz də belə qadağalarla üzləşirdinizmi?". Həmsöhbətimiz deyir: "Əvvəlcə onu vurğulayım ki, Azərbaycan xalqının çox zəngin musiqisi var. Mən bu sənətə xanəndə kimi başladım. Hər zaman muğamlarımızı dinləyəndə də, ifa edəndə də xalqın ruhunun böyüklüyünə heyran oluram. Muğam bizim qanımız, canımızdır, Həmişə böyük sevgi ilə oxunacaq və dinlənəcək. Ancaq musiqidə digər janrların da özlərinə məxsus yeri və pərəstişkarları var. Mən, məsələn, xarici mahnılara maraqla qulaq asırdım, "Boney M", Demis Russos, Alla Puqaçova... hamısını dinləyirdim... Fikrimcə, milli estrada da musiqi sənətimizə yeni çalar gətirdi. Əlbəttə, o zaman çox çalışırdım. O mahnıları yazmaq, ifa etmək, o səhnə geyimlərini düşünmək, o kostyumları tikdirmək lazım idi". 

"Röya" ansamblı ilə çıxışları ona şöhrət gətirdi. Ancaq saçına, geyiminə görə televeziyada çıxışlarına maneələr yaradılırdı. Qadağalar bununla bitmirdi. Sovet dövründə bəstəkar olmaq üçün gərək bəstəkarlıq təhsili alaydın. Niyaməddin Musayev yada salır: "Mahnılarımın musiqilərini özüm yazıram. Sovet dövründə bəstəkarlıq təhsili olmayanlara "həvəskar bəstəkar" deyirdilər. Ancaq həmin "həvəskar bəstəkarlar"ın mahnıları sevilir, dillərə düşürdü. Əlbəttə, təhsil almaq çox əhəmiyyətlidir. Mahnı yazmaq üçün həm də istedad lazımdır. Bir də hər bir işdə olduğu kimi, məsuliyyət hissi unudulmamalıdır. Mən bayağı şeirlərə musiqi yazmıram. Görkəmli şairlərimiz Bəxtiyar Vahabzadə, Rəsul Rza, Süleyman Rüstəm, Cabir Novruz, Məmməd Araz kimi şairlərin şeirlərinə musiqi bəstələmişəm".

"Yaxşı ki, elə duyumlu insanlar olur"

"Həyatımızda Günəş tək parlayan, yolumuza işıq saçan insanlar olur. Ümummilli Lider Heydər Əliyev mənim üçün elə şəxsiyyətdir", - Niyaməddin Musayev əlavə edir. "Mən Azərbaycanın o böyük oğlu ilə hər zaman fəxr etmişəm. Çünki vətənini, xalqını fədakarcasına sevirdi, təəssübünü çəkirdi, dövlətçilik təcrübəsi var idi. Tariximizdən də bilirdik ki, ölkənin müstəqilliyini qazanmaq qədər onu qoruyub saxlamaq da mühümdür. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi əbədi, sarsılmaz və dönməz oldu. Heydər Əliyevin gəlişi ilə bütün sahələr kimi mədəniyyət sahəsinə də diqqət artdı, neçə-neçə sənət adamına, o cümlədən mənə dəstək oldu. Sənətdən uzaqlaşmışdım. Bizneslə məşğul olurdim. Ulu Öndər mənim həyatımda böyük dəyişiklik etdi. Yenidən bu sənətə qaytardı. Bu gün də deyirəm ki, Ulu Öndərin hakimiyyətə gəlməsi mənə yeni həyat verdi. Yaxşı ki, elə duyumlu insanlar olur. Ulu Öndər mənə deyirdi ki, "ansamblın da, geyimin də qeyri-adidir. Sən hamıdan fərqlənirsən". Mənim 1987-ci ildə Məmməd Arazın "Dünya sənin, dünya mənim" şeirinə bəstələdiyim mahnını çox sevirdi. Sonralar Hüseyn Cavid haqda bir rekviyem yazdım. Diski Ulu Öndərə verdim. Soruşdu ki, "o sənin ağlına haradan gəlib?". Cavab verdim ki, "onun nəşi Sibirdən sizin təşəbbüsünüzlə gətirilib, bunu yazmaya bilməzdim". Bəxtiyar Vahabzadənin "Talandı torpağımız" mahnısını da çox bəyənmişdi. Deyirdi ki, "sən işini bilən adamsan".

Niyaməddin Musayev bildirir ki, hələ 1991-ci ildə Sovetlər birliyi dağılandan sonra Heydər Əliyev Naxçıvana gəldi: "Azərbaycanın bir çox ziyalısı gedib onunla görüşürdü. Mən də Ulu Öndərimizlə görüşmək arzusunda idim. O vaxt Naxçıvanda konsert verməyə getdim. Ulu Öndərlə ilk görüşümüz də o zaman oldu".

Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Niyaməddin Musayev 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görüldü. 1999-ci ildə isə ona Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verildi. Niyaməddin Musayev qeyd edir ki, o vaxt fəxri adlar verilmirdi, yığışdırmışdılar: "Ulu Öndər mənə Xalq artisti fəxri adını verəndən sonra fəxri adlarla təltif bərpa olundu. Heydər Əliyev yaradıcı insanlar üçün fəxri adların, mükafatların gərəkli olduğunu, onları daha da həvəsləndirdiyini, fərəhləndirdiyini, stimul verdiyini bilirdi. Mən o xoşbəxt sənət adamlarındanam ki, Heydər Əliyev yaradıcılığımı yüksək dəyərləndirirdi. 2000-ci ildə 60 illik yubileyimdə Ümummilli Liderimiz məni "Şöhrət" ordeni ilə təltif etdi. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldüm. 80 yaşımda, 2020-ci ildə isə Prezidentimiz İlham Əliyev məni ikinci dərəcəli "Əmək" ordeni ilə təltif etdi. Həyatımın ən xoş məqamlarından biri isə ötən il Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı ilə mükafatlandırılmağım oldu".

"Anamın əməyi hədər olmadı"

Niyaməddin Musayev gənc yaşlarından həyatına gələn şöhrətdən, məşhurluğun xoş olduğu qədər də çətinliyindən danışır: "Məşhurluq göz önündə, diqqət mərkəzində olmaq deməkdir. Xalq arasında özünü idarə etməyi bacarmalısan. Bilməlisən ki, sənə diqqət yetirirlər. Adicə yemək yeyəndə də bunu nəzərə almalısan ki, məsələn, o balaca uşaq sənə baxır. Onun yaddaşında qalacaqsan. İllər keçəndən sonra da deyəcək ki, filan müğənni belə çörək yeyirdi. Yəni məsuliyyət hissi olmasa, çətin olar. Özündən razılıq, yekəxanalıq etmək olmaz. Bu səni hörmətdən salar. Sən xalqa xidmət edirsən. Xalq səni qiymətləndirir. Dövlət də baxır xalqa, görür ki, xalq bu sənət adamını sevir və doğrudan da, fəxri adlara layiqdir. Hər bir sənətkar unutmamalıdır ki, onun üçün xalqın sevgisindən böyük heç nə ola bilməz. Xalqın qarşısında çıxış edirik, bizi alqışlayırlar, yaxınlaşıb şəkil çəkdirirlər, xoş sözlər söyləyirlər. Bir sözlə, sevgilərini ifadə edirlər. Bizi yaşadan da odur".

Niyaməddin Musayev deyir ki, tanınmaqdan, şöhrət qazanmaqdan daha çətin populyarlığı qorumaqdır: "Xoşbəxtəm ki, 60 ildir mən bu sevgini saxlayıram. Bu yaşımda da uşaqdan böyüyədək məni görəndə hörmət göstərirlər. Təbii ki, illər öz sözünü deyir. Sənətkar üçün formada qalmaq çətindir. Mən bu yaşımda da səhnələrdəyəm, canlı oxuyuram. Yeni mahnılar yazıram. Konsertlərdən konsertlərə dəvət olunuram. Deməli, tələbat var ki, dəvət edirlər. Bu, mənim üçün sevindirici haldır. İndiyədək yazdığım mahnıların sayını bilmirəm. Hər halda yüzdən çoxdur. Mənim üçün hamısı əzizdir, hamısını çox sevirəm. Mahnılarımın sevilə-sevilə oxunduğunu, dinlənildiyini görəndə özümü bəxtiyar hesab edirəm. Nəsillər dəyişir, yeni nəslin köhnə mahnılara meyli azalmır.  Mənim mahnılarım da sanki on illər öncə deyil, elə bu gün, bu nəsil üçün yazılıb. Sənət də budur. Xoşbəxtəm ki, mahnılarımı yalnız Azərbaycanda deyil, dünyanın bir çox yerində - Türkiyədə, Orta Asiyada, İranda, İsraildə, Avropanın bir çox ölkəsində ifa edirlər. 

Düşündüyümüzü deyirik həmsöhbətimizə: "Bizə elə gəlir ki, sizin mahnılarınızı özünüz kimi ifa edən yoxdur". Sənətkar cavab verir ki, səs tembri, duyum, əlbəttə ki, fərqlidir, hər müğənnidə özünəməxsusdur: "Amma gənclərimiz arasında yaxşı səsi olan, oxuyanlar var. Onlar mənim mahnılarımı da yaxşı oxuyurlar". 

Hələ sovet dövründə Avropa ölkələrinə, Amerikaya, Şri-lanka və başqa xarici ölkələrə qastrol səfərlərinə gedirdi. Rusiyanın vilayətlərində konsertləri keçirilirdi. Çıxışları hər yerdə alqışlarla qarşılanırdı. Niyaməddin Musayev qeyd edir ki, bu, təkcə mənə yox, Azərbaycan xalqının musiqisinə münasibətdir: "Mən hər zaman hər yerdə Azərbaycanımız adından çıxış edirəm. Azərbaycan xalqının musiqisini tərənnüm edirəm".

Üç övladı - iki qızı, bir oğlu var. Uşaqlarının heç biri onun sənət yolunu davam etdirməyib. Deyir ki, övladlarımın bu sənəti seçməsini əvvəla mən istəmədim: "Qızlarım Röya və Günel ingilis dili müəllimidir. Oğlum Orxan Hüquq fakültəsini bitirdi. Gömrükdə işləyirdi. İndi işləmir, təqaüddədir, polkovnik rütbəsi var. Nəvələrimin də səsi var. Amma bu sənət ağır sənətdir. Onların da bu sənətə gəlmələrini istəmərəm".

Özü isə musiqi sənətini seçdiyinə görə taleyindən razıdır: "Mən dövlətimizə, xalqımıza minnətdaram. Şükür İlahiyə ki, bu sənətə gəlmişəm. Dəfələrlə getsəm də, yenə qayıtmışam. Qaytarıblar məni bu sahəyə", - deyir.

Bir də ona görə özünü xoşbəxt hesab edir ki, anası böyük əziyyətlə böyütdüyü övladlarının xoş günlərini, Niyaməddin Musayevin məşhurlaşdığını, xalq tərəfindən sevildiyini gördü: "Anam bu dünyadan arxayın getdi. Çox sevinirdi. Ana kimi çox zəhmətkeşdi, övladlarını əziyyətlə saxladı, böyütdü. Şükür İlahiyə, əməyi hədər olmadı".

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
8
15
azerbaijan-news.az

10Mənbələr