Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
“Report” xəbər verir ki, “Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi” verilişi əslən Zəngəzur mahalı Meğri rayonunun Nüvədi kəndindən olan bəstəkar Sevinc Abbasovanın həyat hekayəsinə həsr olunub.
O, 1969-cu ildə Bakıda doğulsa da, əslən Qərbi Azərbaycandan olduğunu, uşaqlıq illərinin, yay tətillərinin Nüvədidə keçdiyini deyib.
Onun sözlərinə görə, hələ 1985-1986-cı illərdə camaatı ermənilər sıxışdırırdı: “Babam atama o zaman deyirdi, söhbət gəzir ki, ermənilər gəlirlər, kəndi hamınız boşaldın. Babam çıxmaq istəmirdi. Doğma yurduna bağlı adam idi, çox kövrəlmişdi. Nüvvədi camaatı kəndlərində çox bağlı mehriban insan idilər. Güllə səsləri eşidilsə də, heç kim çıxmaq fikrində deyildi. Nəhayət, 1989-ci il idi, babam və nənəm bizə Bakıya gəldilər. Nənəm ağladı, dözə bilmirdi ki, bu, necə ola bilər. Babam da deyirdi ki, ölsəm, məni Nüvədidə dəfn edərsiniz. Öz Vətənimi istəyirəm, Nüvədisiz qala bilmirəm. Atam da, anam da çox pis olmuşdu. Nüvədinin ətrafında olan kəndlər, rayonlar boşalmışdı, amma bir nüvədili çıxmamışdı. Son məqama kimi Nüvədi camaatı dözdü, lakin kəndi tərk etmək məcburiyyətində qaldılar”.
Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.